İdeoloji iş fəlsəfə ilə sıx əlaqələndirilməlidir”
(AMEA Fəlsəfə, sosiologiya və Hüquq institutunun direktoru f.e.d. İlham Məmmədzadə ilə müsahibə)

 AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə ilə bu dəfəki söhbətimiz sosial elmlərin cəmiyyətin müxtəlif sahələri ilə bağlı tətbiqi əhəmiyyəti barədə oldu. Öncə fəlsəfənin ideoloji zəmində tətbiqi ilə bağlı İlham müəllimə sual verdik:

- Ideologiya sahəsində son vaxtlar filosoflar tədqiqatlar aparırlarmı?


- İdeologiya ilə bağlı bir çox məqamları qeyd etmək istəyirəm. Hamı bilir ki, milli ideologiya vacibdir, lazımdır. Milli ideologiyamızın əsasını, məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev qoyub. Azərbaycan Prezdenti İlham Əliyev bu işi davam etdirir. Biz dərk edirik ki, sosio-mədəni dəyərlər şəraitində milii ideologiyaya ehtiyac var. Amma digər tərəfdən bu ideologiyanın məhz necə olması ilə bağlı məsələ də əsas sayılmalıdır. Necə olmalıdır ki, məhz hansı məqamların ön plana keçirilməsi barədə qənaətlər formalaşsın. Bu kimi problemlər asan deyil. Çünki vaxt, şərait dəyişdikcə milli ideologiya da bu kimi dəyişikliklərə cavab verməlidir. Burada görünür ki, filosoflar və ideoloqlar gərək birgə çalışsınlar. Çünki ideologiyanın çevik, işlək olması üçün belə birgə işləmələrə ehtiyac var. Sovet dönəmində də filosoflar ideologiya ilə çox məşğul olublar. Amma son vaxtlar hamı bilirdi ki, sovdet cəmiyyətində ideologiya həyatla, real proseslərlə və cəmiyyətlə əlaqəsini tamam üzüb, sovet ideologiyasına ona görə də kimsə inanmırdı. İndiki şəraitdə - suverenlik vaxtında isə biz buna gedə bilmərik. Ona görə də bu məsələ ilə bağlı cəmiyyətin suallarına cavab vermək lazımdır. Bəs bunu necə etmək olar? Sözsüz ki, ideoloji iş fəlsəfə ilə sıx əlaqələndirilməlidir. Amma burada ideoloqlarla filosofların hərəsinin öz aspektləri olmalıdır. Doğrusu, son bir ildə milli ideologiya səpkisində bizim əməkdaşlar çox çalışıblar. Məsələyə münasibətimizi bildirmək üçün çox səylər göstərmişik. Burada həm elita problemləri, həm KİV-in fəlsəfi problemləri, təhsil problemləri, yəni yeni qəbul olunmuş təhsil qanununun mexanizmlərinin işlək olması ilə bağlı tədqiqatlar nəəzərə alınıb. Məncə, bu kimi problemlərə baxış fəlsəfənin cəmiyyət və onun inkişafı üçün faydalılığı göstərir. Düşünülməsin ki, fəlsəfə yalnız akademik-nəzəri faəliyyət sahəsidir.

- Təhsillə bağlı məqamı qeyd etdiniz. Hazırda sosial elmlərin – fəlsəfə, sosiologiya və politologiya kimi fənlərin ali məktəblərdə tədris saatları azaldılıb. Bu məsələ elm və təhsil üçün nə deməkdir?

- Bu problem bizim hamımızı, xüsusən də filosofları narahat edir. Digər tərəfdən bu problem əslində Təhsil Nazirliyini də narahat edir. Misir müəllimlə konfranslarda bu məsələ ilə bağlı bir dəfə söhbətimiz olub. Söhbətin mövzusu fəlsəfə və digər fənlərin universitetlərdə lazımi tədrisinin bərpası ilə bağlı idi. Bu fənlərin tədris saatının nə qədər olması isə nazirliyin öhdəsinə düşür. Amma keyfiyyətli fəlsəfənin keyfiyyətli tədrisi zəruridir. Bəlkə də fikirləşmək olar ki, akademiyanın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə universitetlərimiz bu barədə əlaqələri gücləndirsinlər. Elə olur ki, Moskva və Türkiyə filosoflarından tədrislə bağlı məlumatları daha tez alırıq, nəinki bizim universitetlərdən. Universitetlərdə bu barədə qapalılıq var. Qeyd etdiyim kimi, Moskva və İstanbulla əlaqələrimiz bizim universitetlərə nisbətən daha sıxdır. Təhsil Nazirliyi ilə danışmışıq ki, filosof və sosioloqlarımız universitetlərin tədbirlərində, konfranslarında intensiv iştirak etsin. Açıq dərslərdə də bu cür iştirak lazımdır. Bizim institutda keyfiyyətli, böyük alimlər var. Onların səsi, bilikləri gərək universitetlərə də yayılsın. Fikirləşirik ki, bu məslələ nə qədər tez və əhatəli reallaşsa, bir o qədər yaxşıdır. Onu da qeyd etməyi lazım bilirəm ki, bu proses ikitərəfli olmalıdır. Universitetlər də bilməli və öyrənməyə çalışmalıdırlar ki, elmi-tədqiqat institutları nə ilə məşğuldur və bu məşğuliyyətdən tədrisdə necə yararlanmaq olar. Çünki elə işlərimiz var ki, bu, onlara köməkdir. O biri tərəfdən bizim alimlərimiz universitetdə nələr baş verdiyi ilə maraqlanmalıdırlar. Belə olduqda alimlərimiz öz fikir və tövsiyələri ilə tədris prosesində iştirak edə bilərlər. Bu, Azərbaycan elm və təhsilinin güclü bir tərəfinə çevrilə bilər. Azərbaycan elminin mənbəyi akademiyadır. Sözsüz ki, universitetlərin də böyük işləri var. Məsələn, bu günlərdə 90 illiyi keçirilən Bakı Dövlət Universitetinin. Fəxr edirik ki, BDU böyük və gözəl bir elm ocağıdır. Amma təkcə BDU-dan söz getmir. Məlum olduğu kimi, o biri universitetlər də var. Çalışmalıyıq ki, haqqında danışdığımız məsələ effektli dərəcədə reallaşsın. Bunun üçün isə biz öz tərəfimizdən lazımi ilk addımları artıq atmışıq. Əslində əlaqələrimiz var. Biz universitetlərin şuralarında oluruq, onlar bizim şuralarda iştirak edirlər. Bu barədə müəyyən bağlılıqlar var. Amma müasir şəraitdə elmin effektliliyi və tədrisin inkişafı üçün bu münasibətlərin yeni tərəflərini axtarmalıyıq.
Misal üçün, Belarusiyadan bizə bir təklif gəlib ki, bizim institut bu ölkənin müvafiq institutu ilə fəlsəfə sahəsində maraqlı bir iş birliyi yaratsın. Bu o deməkdir ki, elm birtərəfli yox, həm də digər ölkələrin elm ocaqları ilə qarşılıqlı əlaqələrdə real inkişaf edə bilər. Buna görə də universitetlərimizlə əlaqə məsələsində də bu amil nəzərə alınmalıdır.

- Sosial elmlərə aid ali məktəb dərslikləri və tədris proqramlarının səviyyəsi ilə bağlı hansı fikirləriniz var? Bir çox hallarda bu fənlərə aid dərslikərin normal standartlara cavab vermədiyi bəlli olur... Məsələn, politologiyaya aid bəzi dərsliklər...

- Aydındır ki, bu fənlərə aid keyfiyyətli dərs vəsaitlərinin olması vacib məsələdir. Öz tərəfimizdən biz hazırıq ki, bu fənlərə aid çox keyfiyyətli dərsliklər hazırlayaq. Həmçinin görünür, politologiyanın da vaxtı çatmalıdır ki, politoloqlar daha sanballı dərs vəsaiti yaratsınlar. Amma ayrı-ayrılıqda politoloqlarımız sanballı əsərlər ortaya qoyurlar. Ümumilikdə isə çıxış yolu ondadır ki, bir tərəfdən bütün politoloqların iştirakı ilə tender elan olunmalıdır ki, daha sanballı kitablar ortaya qoyulsun. Özü də alimlər bu cür tenderlərdə tək yox, mütləq qrup halında iştirak etməyə çalışmalıdırlar. Çünki hazırda bizdə politoloqların ayrı-ayrılıqda siyasi elmin bütün sahələrinə aid tam bilgiləri olduğunu demək də çətindir. Ona görə də tam keyfiyyətli dərslik üçün alimlər qrup halında çalışmalıdır. Məsələn, bizdə iqtisadi politologiya sahəsində boşluqlar var. Geosiyasi politoloyia sahəsində də boşluq duyulur. Amma birgə çalışmalarla bu boşluğu aradan qaldırmaq olar. Hazırda tələbələr də marağındadırlar ki, bir formal dərslik olsun və bunu öyrənməklə hər şey bitsin. Amma Moskva Dövlət Universitetində mən təhsil alarkən müəllimlərimiz deyirdi ki, bir tədris vəsaiti əslində üçdür. Ona görə də yaxşı təhsil almaq üçün bir fənnə aid bir neçə ədəbiyyatı öyrənmək, müqayisələr aparmaq əsas amillərdəndir. Həmçinin siyasi elmdən danışarkən burada Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin siyasi fəlsəfə, siyasi sosiologiyaya aid əsərlərini qeyd etmək yerinə düşər. Məsələn, Ramiz Mehdiyevin rusca və azərbaycanca “Demokratiya yolunda” adlı kitabı və yaxud dövri mətbuatda da intensiv nəşr olunan siyasi-fəlsəfi məqalələri sırf siyasi elmə aiddir, eyni zamanda da fəlsəfədir. Məlumdur ki, siyasi fəlsəfə politologiyanın əsas hissəsidir. Alimlərimiz bu əsərlərdən yararlanmalıdır.

- Sosiologiyanın da müəyyən tətbiqi istiqamətləri var ki, bu gün onların öyrənilməsinə ehtiyac duyulur. Məsələn, dini sosiologiya və sair bu kimi istiqamətlər. Bu istiqamətlərlə bağlı bizim müəlliflərə aid ədəbiyyatlar tapmaq çətindir...

- Bizim institutda gənc elmlər doktoru var – Aydın Əlizadə. O, Dini fəlsəfə və mədəniyyətşünaslıq şöbəsində işləyir. Onun bu sahədə dəyərli araşdırmaları var. Deməzdim ki, sırf dini sosiologiyaya aid tədqiqat aparır, amma bu məsələlərlə bağlı məqamlara toxunur. Onun əsərləri Moskvada da çap olunur, tanınmış alimimizdir. Dini fəlsəfə və dini sosiologiya ilə bağlı problem ondadır ki, bu sahə çox vaxt ilahiyyatçıların fəaliyyət dairəsi ilə səhv salınır. Dini sosiologiya problemlərinə də ilahiyyat elmi problemləri qədər diqqət yönəldilməlidir. Çünki dini sosiologiya cəmiyyətin dinlə bağlı davranışlarını araşdırır. Bu sahədə tədqiqatlar az olsa da, son vaxtlar buna maraq artmaqdadır. Çünki aktual sahədir. Bu gün hamı başa düşməlidir ki, dinlə təkcə ilahiyyatçılar yox, həm də filosof və sosioloqlar məşğul olmalıdır.

Сайт управляется системой uCoz