FƏLSƏFƏ İNSTİTUTUNDA RAMİZ MEHDİYEVİN MƏQALƏSİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Fəlsəfə institutunda Ramiz Mehdiyevin məqaləsi ilə bağlı dəyirmi masa keçirilib

Yanvarın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi ilə bağlı dəyirmi masa keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə çıxış edən institutun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi sosio-mədəni modernləşmə xətti ölkədə güclü fəlsəfənin olmasını tələb edir: “Ona görə ki, ictimai elmlərin inkişafı ilk növbədə fəlsəfədən asılıdır. Bu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun üzərinə böyük məsuliyyət qoyur. Biz istəyirik ki, bu tədbirdə digər institutların alimlər ilə birlikdə məqalədə toxunulan problemləri araşdıraq”.

İctimai və humanitar elmlərin məqalədə qeyd olunan problemlərindən çıxış yollarına toxunan natiq Azərbaycan elminin, o cümlədən fəlsəfə elminin beynəlxalq aləmə inteqrasiya olunmasına xüsusi önəm verib: “Elmlərin inteqrasiyası Azərbaycanın milli elminin inkişafına gətirib cıxaracaq. O zaman Azərbaycan elmi sosio-mədəni xətlə inkişaf edə biləcək”.
İctimai və humanitar elmlərin inkişafı üçün digər vasitə kimi akademiyada yaradıcı mühitin olmasını vurğulayan İ.Məmmədzadə deyib: “Akdemiyada yaradıcı mühit olmalıdır. Bir çox işlər görülsə də, hələ problemlərimiz var”.

İ.Məmmədzadə ictimai elmlərlə bağlı məqalədə yer alan problemlərdən üçüncü çıxış yolunu alimlərin beynəlxalq konfranslarda, beynəlxalq jurnallarda yazılarla çıxış etməsində görüdüyünü söyləyib: “Fəlsəfə və sosiologiya, hüquqşünaslıq və digər elmlər beynəlxalq elmlər səviyyəsinə qalxmalıdır. Keyfiyyətli, beynəlxalq səviyyəli jurnallar yaratmalıyıq”.
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru onu da vurğulayıb ki, müdafiə şuralarında ciddi elmi diskusiyalar bərpa olunmalıdır.

Alimlərin son illərdəki əsərlərindəki çatışmazlıqlara toxunan İ.Məmmədzadə əsərlərdə daha çox ümumi elmi tezislərin üstünlük təşkil etməsinə diqqət çəkib: “Açıq danışsaq, bizim əsərlərdə ümumilik çoxluq təşkil edir. Alimlərimizin əsərlərində sosioliji dəqiqlik çox azdır. Keçən il 40-dan çox kitab çap olunub. Amma bu əsərlər kifayət qədər yüksək səviyyədə deyil. Alimlər bu boşluğu doldurmalı, dəyərli əsərlərini ortaya qoymalıdırlar”.

Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev yüksək səviyyəli iqtisadi əsərlərin meydana gəlməməsi barədə danışıb. O, əsas səbəb kimi gənclərin elmə gəlməməsini, alimlərin maddi vəziyyətinin aşağı olmasını və buna görə bəzi alimlərin bu sahədən getməsini qeyd edib. Vəziyyətdən çıxış yolu kimi İ.Alıyev elm adamlarının maddi vəziyyətinin yüksəldilməsini və gənc alimlərin elmə cəlb edilməsi üçün stimullaşdırıcı addımların atılmasını vacib sayıb.

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova akademik R.Mehdiyevin son aylarda yazdığı məqalələri son dövrün dərin fəlsəfi əsəri adlandıraraq deyib ki, bu əsərlərin əsas qayəsi alimləri keçid dövründən sonrakı dövrün əsas hədəflərinə yönəltməkdir: “Mənə elə gəlir ki, əvvəlcə biz fəlsəfədən mühazirələr kursunu hazırlayıb ali məktəblərə göndərməliyik. Fəndən asılı olmayaraq bütün fakültələrdə bu elm tədris olunmalıdır. Hətta bunu orta məktəblərə də göndərmək lazımdır”.
R.Əzimovanın ikinci təklifi kadr hazırlığında sərt addımlar atılması ilə bağlı olub. Onun fikrincə, belə adımlar atılmasa, elmə təsadüfi adamların gəlişinin qarşısı alınmayacaq: “Gənc alimlər akademiyaya hazırlıqlı gəlmirlər. Akademiyaya tanış-bilişlə gəlmək olmaz. Biz ilk növbədə bunun qarşısını almalıyıq”.

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun sosial-fəlsəfə şöbəsinin əməkdaşı, fəlsəfə elmləri doktori Aydın Şirinov televizayalarda fəlsəfi mövzuların şou nümayəndələri tərəfindən müzakirə edilməsini qəbuledilməz sayıb.
İnstitutun şöbə müdiri Rəna Mirzəzadə R.Mehdiyevin yazdığı məqalələrə qədər ictimai elmlərə münasibətin biganə olduğunu söyləyib. Onun fikrincə, R.Mehdiyevin məqalələrindən sonra ictimai elmlərin fəaliyyət istiqamətləri konkretləşməklə yanaşı, fəaliyyəti də canlanıb.
İnstitun hüquq şöbəsinin əməkdaşı, hüquq elmləri doktoru İsaxan Vəliyev, R.Mehdiyevin yazdığı məqalələri fəlsəfə elminin istiqamətlərini müəyyənləşdirən lokomotiv kimi xarakterizə edib.

İnstitutun sosiologiya şöbəsinin əməkdaşı, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu hazırkı dövrü ölkədə yeni intibah dövrünün başlağıcı kimi qiymətləndirərək R.Mehdiyevin Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsini həmin başlanğıcın istiqamətlərini müəyyənləşdirən yazı kimi şərh edib.
İnstitun əməkdaşı, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov bildirib ki, bu gün Azərbaycan fəlsəfəsi dünya fəlsəfə elmi ilə ayaqlaşmalıdır. Dünya neoklassik fəlsəfi nəzəriyyəsinin Azərbaycanda formalaşmasını vacıb sayan Ə.Abbasov bu istiqamətdə addımların atılmasını vacib sayıb.

Fəlsəfə elmləri doktoru Adil Əsədov hazırda fəlsəfə elminin əsas vəzifələrindən danışarkən azərbaycançılıq ideologiyasının modelləşmə və modernləşdirilməsinin vacib olduğunu söyləyib.

Fəlsəfə elmləri doktoru Aydın Əlizadə birinci növbədə xalqın maarifləndirilməsi istiqamətində əsərlər yazılmalı olduğunu deyib: “Alimlər fəlsəfi baxımdan aktual mövzular haqda publisistik yazılar yazmalıdırlar”. Alim həmkarlarını internetdə və mediada hüquqi və sosioloji problemlərlə bağlı aktual movzulara həsr olunan forumlara qatılmağa, müzakirələrdə aktiv iştirak etməyə çağırıb.

“Səs” qəzetinin baş redaktoru və “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev bildirib R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri kimi bu problemləri qaldırması ictimai və humanitar sahədə çox ciddi dəyişikliklərin zəruriliyinə zəmin yaradır: “Buna görə də alimlərimiz qeyd olunan problemlərlə bağlı gərgin iş aparmalıdırlar. Alimlər ictimai və humanitar elmlərin inkişafı üçün bir konsepsiya hazırlamalı və bu konsepsiya təhsil haqqında dövlət proqramının tərkibinə salınmalıdır. Fikrimcə, konsepsiyada alimlərin maddi vəziyyəti, gənc alimlərin yetişdirilməsinə mane olan faktorların aradan qaldırılması yolları və digər faktorlar əksini tapmalıdır. Bu ona görə lazımdır ki, əsərlərinin və ya kitablarının təqdimatı üçün alimlər maddi çətinlik çəkməsinlər”.

Bundan başqa B.Quliyev alimlərin əsərlərinin və kitabların təqdimatının geniş auditoriyalarda keçirilməsini də təklif edib.

Sonda institutun direktor müavini, hüquq elməri doktoru Bəhram Zahidov dəyirmi masada səslənən fikirlərin və təkliflərin toplanacağını və akademik R.Mehdiyevin məqaləsində qeyd olunan iradlarının aradan qaldırılması üçün istifadə olunacağını qeyd edib.

«Media forum»


 

Aydın Əlizadənin bu toplantıda məruzəsinin tam mətni:

Azərbaycan alimi yeni tələblərə cavab verməlidir. Birinci növbədə İnternet beynəlxalq kompyuter şəbəkəsidən fəal istifadə etməlidir. Orada Azərbaycan resurslarından başqa türk şəbəkəsi də geniş təmsil olunub. Türk dilinə isə dünya ədəbiyyatı kifayət qədər çox təqdim olunub. Dillərimizin birliyindən istifadə edərək alimlərimiz bu irsdən yararlana bilərlər.
Bundan başqa, rus və ingilis dillərində böyük elmi-fəlsəıfi irs vardır və ona yiyələnmək üçün bu dilləri öyrənmək lazımdır.

İnternet şəbəkəsində saytları və blogların yaradılması, onların vasitəsilə polemikaların aparılması humanitar elmlərin nümayəndələri üçün vacibdir. Polemikalar zamanı yeni fikirlər yaranır; alim zamanın nəbzini tutur, aktual və qeyri standart gedişlərə əl atır. Bu da alimin təkmilllıəşməsi üçün çox vacibdir. Polemikanın gücü hələ antik dövrlərdə özünü göstərmiş və hal-hazırda da aktuallığını itirməmişdir.

İnternet vasitəsi ilə gərgin iş nəticəsində tanınmaq olar. Əgər alim bacarıqlıdırsa, bu vasitə ilə mütləq tanına biləcək. Sadəcə vaxt sərf olunmalıdır. Alim hətta tərkidünyalığa yaxın həyat tərzinə də əl atmalı, həyatda elmdən başqa heç nə gözündə olmamalıdır. Başqa sözlə, fanatikə çevrilməlidir.

Humanitar elmlərdə yeni üsullar tətbiq edilməlidir. Elmi yazılar həm də geniş kütlələr üçün maraqlı və oxunacaqlı olmalıdır. Bunun ücün alimlərimiz aktual və cəmiyyət üçün maraqlı mövzular götürüb işləməlidirlər. Lazım olanda hətta publisistika üsüllarından da istifadə edilməlidir, çünki son məqsəd millətin savadlanmasıdır. Yalnız elitar, geniş kütlələr tərəfindən anlaşılmayan işlər hal-hazırda heç kimə lazım deyildir.

İnternet vasitəsi ilə xaricdə keçirilən elmi tədbirlərdə iştirak etmək, əsərlər dərc etdirmək olar. Hətta respublika jurnallarında dərc olunma problemli olsa, internet dərgilərində çap olunmaq olar və bununla da alim üçün bütün problemlər həll olunur.

Azərbaycan alimi dünyaya çıxmalıdır. Bu barədə son zamanlar çox deyilir və bu düzdür. Lakin, eyni zamanda, Azərbaycan alimi həmdə dünya elmini Azərbaycana gətirməlidir. Dünya elmi irsi Azərbaycan dilində bizim xalqa təqdim edilməlidir. Buna görə istiqamət ikili olmalıdır. Həm dünyaya açılmalıyıq, həmdə dünyanı bizim xalq üçün açmalıyıq.

Elmlər Akademiyyasında islahatlar birinci növbədə alimlərin əməyinin düzgün giymətləndirilməsinə yönəlməlidir. Necə olur ki, çox işləyən və az işləyən alimin maaşı eyni olur? Bu ədalətsiz sistem Sovetlər dönəmindən qalmışdır və bunun dəyişdirilməsi vacibdir. Əmək haqqının verilməsində reytinq sistemini tətbiq etmək lazımdır və hər kəs işlədiyi miqdarda məvacib almalıdır.

Сайт управляется системой uCoz