Alim Azərbaycana din və dünyəvilik sintezindən ibarət dövlət modeli təklif edir

Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun əməkdaşı Aydın Əlizadə mövzu ilə bağlı məruzə ilə çıxış edib. A.Əlizadə bütün dövrlərdə cəmiyyətlərin inancsız olmadığını deyib, amma müəyyən dövr inkişafdan sonra dindənqaçma meyllərinin artdığını da nəzərə çatdırıb. Elə dövrlər olub ki, tanrılara şübhəlilik Misir kahinlərinə etiraza qədər gətirib çıxarıb. Orta əsrlərdə din yenidən güclü mövqe tutub. Amma XVII-XVIII əsrlərdən yenə də dindənqaçma meylləri artıb. XX əsrdə isə hətta Sovet İttifaqı, Albaniya kimi ateist dövlətlər yaranıb.

Daha sonra Azərbaycanda din-dövlət münasibətlərinə toxunan natiq ölkənin "din, yoxsa dünyəvilik" problemi yaşadığını iddia edib. Natiqə görə, insanlar elmə yiyələndikcə, cəmiyyət səviyyəsini artırdıqca dindən uzaqlaşır, elə ki, səviyyə aşağı enir, dinə inam güclənir. A.Əlizadə Azərbaycanda din və dünyəviliyin sintezindən ibarət dövlət olmasına üstünlük verdiyini açıqlayıb. Onun fikrincə, bu mənada Böyük Britaniya və Türkiyə Azərbaycan üçün nümunə ola bilər. Məruzəçi tam dünyəviliyi və ya tam dini dövlət modelini ölkə üçün çıxış yolu kimi görmədiyini deyib.

Natiq, həmçinin, ölkədə din-dövlət münasibətləri sahəsində də problemlər yaşanmasına diqqət çəkib. Belə ki, Azərbaycanın özünü dünyəvi dövlət kimi tanıtdığı, əslində isə dünyəviliyin deklarasiyadan uzağa getmədiyi vurğulanıb.

Ölkədə problemlərin inzibati üsulla yaradıldığı və həll edildiyi deyilib. Belə ki, bu sahənin idarə edilməsi üçün münasibətlər sistemini tənzimləyən konsepsiyalar olmadığı qeyd edilib.

Eyni zamanda, dini idarə edən strukturların sovet dönəmindən qalma olduğu, bu strukturların indiki idarəçiliyə yaramadığı nəzərə çatdırılıb. Rəsmi Bakının ölkənin tam dünyəvi dövlət olması müstəvisində dayanması zərərli sayılıb və buna sübut olaraq Azərbaycanın qonşuları olan İranda, Türkiyədə, Şimali Qafqazda dini amilin güclənməsi göstərilib.

Bundan irəli gələrək, A.Əlizadə bu sahədə hakimiyyətin çevik siyasət yürütməsini zərurət adlandırıb. Həm də Azərbaycanın dünyaya açıq cəmiyyət qurması şəraitində bu addımın təxirəsalınmaz olması xatırladılıb. Cəmiyyətdə dini radikallığa səbəb olan amillərə toxunan natiq korrupsiya, rüşvət, sosial ədalətsizliyin belə radikallığa gətirdiyini bildirib.

Bu sahədə problemlərin aradan qaldırılması üçün natiq sovet düşüncə tərzindən aralanmaq, dindarlara cəmiyyətin bir hissəsi kimi baxmaq, dinin dövlətdən ayrı olması məsələsinə yenidən baxmaq kimi "resept" təqdim edib.

Mənbə: Turan agentliyi.