Dini Komitənin tədbirində mübahisə düşdü

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Vətəndaş cəmiyyəti quruculuğunda konfessiyalararası harmoniya: dialoq və dinc yanaşı yaşamaq" mövzusunda dəyirmi masa keçirilib. Tədbir BMT Baş Assambleyasının 65-ci sessiyasında qəbul olunmuş qətnamə əsasında təşkil olunub. Həmin qətnaməyə əsasən hər il fevral ayının ilk həftəsi bütün dinlər, etiqadlar və konfessiyalar arasında Ümumdünya Etiqadlararası Harmonik Münasibətlər Həftəsi elan edilib.

    DQİDK sədri Hidayət Orucov bildirib ki, Azərbaycanda müxtəlif dini konfessiya nümayəndələri sülh şəraitində yaşayır, tarix boyu Azərbaycanda milli-dini zəmində heç bir qarşıdurma olmayıb.

    Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva vətəndaş cəmiyyəti üzvlərinin, QHT-lərin müzakirə olunan mövzuya daha çox diqqət yetirməsinin zəruriliyini vurğulayıb. Nazir müavini qeyd edib ki, bu il Lahıc qəsəbəsi, Nic kəndi və Qırmızı qəsəbənin namizədlikləri UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına salınması üçün bu təşkilata təqdim olunacaq.

    ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel vicdan azadlığının təmin olunmasının zəruriliyinə diqqət çəkərək ATƏT ölkələrinin bu sahədə öhdəliklər götürdüyünü xatırladıb. Onun fikrincə, Azərbaycan tolerantlıq baxımından özünün milli təcrübəsi ilə müsbət mənada seçilir.

    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin I müavini Hacı Salman Musayev Azərbaycanda din sahəsində müdrik siyasət aparıldığını söyləyib.

    Ombudsman Elmira Süleymanova isə icmalarla işləməyə üstünlük verdiklərini, vicdan azadlığı məsələlərində DQİDK ilə əməkdaşlıq etdiklərini bildirib.

    Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar institutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadənin çıxışı mübahisəyə səbəb olub. A.Əlizadə deyib ki, dinlər barış gətirir, ancaq bu, həmişə belə olmur: "Dinlər həmişə barış gətirmir, din savaşa da gətirə bilər".

    Onun sözlərinə görə, SSRİ vaxtı hakim ideologiya dinlə bağlı balansın saxlanılmasına səbəb olub, SSRİ dağıldıqdan sonra Azərbaycanda ideologiya boşluğu yaranıb və bu boşluğu doldurmaq lazımdır.

    Hacı Salman Musayev Aydın Əlizadənin fikirlərini səhv adlandırıb. Onun fikrincə, A.Əlizadənin fikirləri dəyirmi masanın keçirilmə niyyətinə uyğun gəlmir.

    Yəhudi əsilli deputat Yevda Abramov Azərbaycan Dövlət Televiziyasında hər həftənin cümə axşamları Vasim Məmmədəliyevin aparıcılığı ilə efirə gedən verilişə əvvəldən axıra qədər baxdığını söyləyib (APA). O təklif edib ki, proqramın hər buraxılışında V.Məmmədəliyevin bir tərəfində xristian keşişi, digər tərəfində isə yəhudi ravvini otursun, yəni aparıcılıq etsin.

    Digər çıxışçılar da mövzuya dair fikirlərini açıqlayıblar.

EKSPRESS qəzeti 05 Fevral 2011-cı il N 22(3233)

 

Сайт управляется системой uCoz