“Azərbaycandakı tolerantlıq mühiti dini dözümlülüyə əsaslanan uğurlu siyasətin nəticəsidir” (Müsahibə)

Müsahibimiz fəlsəfə elmləri doktoru Aydın Əlizadədir

– Aydın müəllim, sizcə, dövlət-din münasibətləri hansı formada tənzimlənməlidir və Azərbaycanda bu sahədə mövcud olan model barədə nə düşünürsünüz?

– Azərbaycanda dini dözümlülük və tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyimizin qorunmasında və inkişafında əhəmiyyətli rol oynayır. Buna görə də dövlət qurumları bu istiqamətdə məqsədyönlü iş aparmalı, bu günümüzə və gələcəyimizə yönəlmiş siyasət yeritməlidirlər. Bu siyasət təkcə dinlərarası dialoqun təmin olunması, dini qurumların hüquqi cəhətdən qanuni və ya qanunsuz fəaliyyət göstərməsindən ibarət olmamalıdır. Dövlətin dini durumla bağlı siyasəti konseptual xarakter daşımalıdır. Bu konsepsiyanın əsasında milli maraqlar durmalıdır. Dövlət hansısa dini ideologiyanın təəssübkeşi ola bilməz, yalnız praqmatik siyasət yeritməlidir, çünki tarix göstərir ki, dinlər və ideologiyalar dəyişə bilər, lakin dövlət maraqları, milli müstəqilliyin prinsipləri dəyişməzdir. Hansı dini konfessiya, və ya ideologiya olursa olsun, Azərbaycan güclü, bölünməz dövlət olmalı və Azərbaycan xalqının milli maraqlarını təmin etməlidir. Bu əbədi prinsipləri həyata keçirmək üçün dövlət dini qurumların fəaliyyətinə təkcə hüquqi və tənzimləmə prizmasından yanaşmamalı, bu sahədə öz maraqlarına uyğun hərəkət etməlidir. Məsələ burasındadır ki, dövlət-din münasibətləri konstruktiv xarakter daşımalı və bərabərlik prinsipinin üzərində qurulmalıdır. Tərəflər əməkdaşlıq edib ümumi məsələləri həll edə bilərlər. Lakin bəzi hallarda onların arasında fikir ayrılığı da ola bilər. Buna görə də dövlət dinlərlə bərabər hüquqlu tərəf kimi, bu sahədə öz konsepsiyasını üzə çıxarmalıdır.

– Bu konsepsiya nədən ibarət olmalıdır?

– Bu konsepsiya demokratik prinsiplərə və mövcud qanunvericiliyə əsaslanmalıdır. Azərbaycan Konstitusiyasına görə, dövlət dini qurumların işlərinə müdaxilə edə bilməz, lakin bütün vətəndaşların, dini etiqadından asılı olmayaraq, hüquqlarını bərabər təmin etməli, vətəndaşları dini mənsubiyyətlərinə görə təqib etməməli, hər bir vətəndaşın dinini dəyişmək və ya ateist olma hüququnu tanımalıdır, heç bir dini və ya konfessiyanı başqasından uca tutmamalıdır. Azərbaycan milli ideologiyasının qurulmasında dinlərin etik, əxlaqi cəhətlərindən geniş istifadə olunmalıdır. Bundan başqa, dinlərin potensialından müxtəlif ictimai tədbirlərdə istifadə edilməlidir (məsələn, xeyriyyəçilik işlərində, cəmiyyətdə yaranan bəzi ixtilaflı məqamların həll edilməsində). Hazırda bu yöndə xeyli işlər görülüb. Hərbi quruculuq işlərində, icbari əmək düşərgələrində də bəzi dini ideyalardan istifadə edilə bilər. Əsgərlərin vətənpərvərlik hisslərinin tərbiyə edilməsində, dustaqların tərbiyələndirilməsi işlərində dini ideyaların rolu müsbət ola bilər. Eyni zamanda dinlərin rolunu yalnız müsbət müstəvidə təqdim edilməsi də həqiqətə uyğun deyil. Məsələ burasındadır ki, dinlər fenomeni uzun müddətli tarixi mərhələlərdən keçib. Bu tarixi proseslər zaman və məkan nöqteyi-nəzərdən tədqiq və təhlil edilməlidir. Dini ehkamlarda müxtəlif tarixi, siyasi, iqtisadi şəraitdə formalaşmış, müqəddəs mətnlər bu ruhda yozulub. Bu aspektlər qlobal miqyasda bəzən müsbət, bəzən isə mənfi nəticələrə gətirib çıxarmışdı. Tarixi dinamika baxımından demək olar ki, bu və ya digər millət hansısa dini ideologiyanı qəbul edəndən sonra intensiv inkişaf edə bilərdi. Buna misal olaraq, ərəblərin, sonra isə türk xalqlarının islamı qəbul edəndən sonra inkişafını göstərmək olar. Avropada da bir çox xalqlar xristianlığı qəbul edəndən sonra böyük uğurlar əldə etmişdilər. Lakin sonrakı tarix onu göstərir ki, mütərəqqi potensial tükənəndən sonra dinlərdə ehkamlaşma meylləri artır, azad və mütərəqqi ruh itir. Bundan sonra hər hansı bir din hətta tərəqqiyə qarşı çıxış edə, cəmiyyətlərdə qarşıdurmalara, millətlər arasında müharibələrə və başqa mənfi hallara təkan verə bilər. Orta əsrlərdə Avropada dini qarşıdurmalar, inkvizisiya, təriqətlər arasında ixtilaflar və sair mənfi misallar buna sübutdur. İslam dünyasında da buna bənzər hallar olub. Dini təəssübkeşlik bir neçə əsr davam edən müsəlman-xristian müharibələrinə təkan verib.

– Azərbaycanda tarixən mövcud olan dini ideologiyalar nə ilə səciyyələnir?

– Azərbaycanda da dini ideologiya heç də həmişə tərəqqipərvər və sülhsevər olmayıb. 15-ci əsrdən başlanan və ən azı 2 əsr davam edən dini müharibələr yüzminlərlə insanların həyatına son qoyub, şəhərlər və məntəqələr darmadağın olub. Bu müharibələrin Azərbaycan xalqına psixoloji təsiri bu günə qədər qalmaqdadır. Eyni zamanda fərqli fikirli insanların təqib olunması və hətta edam olması faktları da vardır. (məsələn, hürufilərin təqibləri). Eyni zamanda dini dünyagörüşünün ehkamlaşması, tərəqqiyə qarşı çıxması, elmi yalnız dini ehkamlar çərçivəsində görməsi cəhdləri, Avropa və Yaxın və Orta Şərqin mənəvi tənəzzülünə səbəb olub. Dünyəvilik, sekulyarizm və ateizm ideyaları məhz bu mənfi hallara qarşı inkişaf edib. Zaman göstərdi ki, dünyəvi düşüncə, nə qədər tənqidlərə məruz qalsa belə, yeni tarixi mərhələdə özünü daha da doğruldub, ümumbəşəri dəyərləri, insan haqlarını, texniki və elmi inkişafı təmin edə bilib. Bu sistemdə dinin də rolu mənəviyyat məsələlərində əvəzsiz olub.

– Artıq 21-ci əsrdə yaşayırıq. Amma müasir dünyada da dediyiniz təfriqələr səngimək bilmir...

– Müasir dünyaya nəzər yetirsək, dinlərlə bağlı mənfi məqamların təkcə tarixdə qalmadığını görürük. Təəssüf ki, 21-ci əsrdə də inkişaf etmiş dünya dini qarşıdurmaların şahididir. Yaxın və Orta Şərqdə gedən dinin siyasiləşməsi, konfessional təəssübkeşlik, dini qarşıdurma və terror prosesləri getməkdədir. Mənəviyyatın təkmilləşdirilməsi işində misilsiz rolu olan dini ideyalar siyasi müstəviyə keçərək, müəyyən dairələrin maraqlarını əks etdirməyə başlamışdır və bu bizim zamanəmizdə faciələrə səbəb olub.

Azərbaycanda dövlət-din konsepsiyalarının tərtib olunması, azərbaycançılıq ideologiyasının işlənməsi zamanı dinlərlə bağlı bütün bu mənfi halları, faktları diqqətlə öyrənmək, onları təhlil etmək lazımdır ki, bizim ölkəmizdə bu cür faciələr olmasın. İnsan faciəsindən başqa, bu cür halların təkrar olunması dövlətçiliyimizi sarsıda bilər. Dövlət-din münasibətlərinin konsepsiyanın tərtibi zamanı bütün tarixi amillər, dini ideologiyasının cəmiyyətimizə verə biləcəyi bütün aspektləri diqqətlə öyrənməli və nəzərə alınmalıdır. Beləliklə, Azərbaycan milli ideologiyasında (azərbaycançılıqda) dinlə bağlı məqamlara səthi və populist nöqteyi-nəzərdən yanaşılmamalıdır. Yalnız peşəkar və düşünülmüş siyasət yeridilməlidir. Burada təhlükəli məqam yaxın keçmişimiz də ola bilər. Sovet dövründə hakim olan ateist ideologiyasının iflasından sonra mənəvi boşluq yaranmışdı. Bu boşluğu doldurmağa müxtəlif ənənəvi və qeyri-ənənəvi dinlər doldurmağa çalışaraq, öz təbliğatında yalnız pozitiv məqamları qabardaraq, problemli məqamları ört-bastır etməyə çalışırlar. Məqsəd isə öz təlimlərini cəmiyyətin mümkün qədər çox hissəsinə təsir etməkdən ibarətdir. Lakin son məqamda bu proses cəmiyyətdə parçalanma və qarşıdurmalara gətirib çıxara bilər. Bundan başqa bəzi dini icmaların arxasında xarici dövlətlərin kəşfiyyat orqanların və yə şəxsi maraqların dayanması faktları da mövcuddur.

– Sizin fikrinizcə, Azərbaycanda dini konsepsiyaların və milli ideologiyaların tərtib olunması zamanı əsasən nələr nəzərə alınmalıdır?

Müsahibimiz fəlsəfə elmləri doktoru Aydın Əlizadədir 

– Beləliklə, 19-cu yüzilliyin ikinci yarısında Cənubi Qafqazda türk aydınlarının fəaliyyəti başlanıb. Bu fəaliyyətin ən başlıca məqsədi irəliləyən Avropa mədəniyyətinə yiyələnmək idi. Ancaq bu yolda əsas maneə milli və dini adətlər olub.Buna görə də elə bu dəyərlər aydınların kəskin tənqidlərinə uğrayıb. Demək olar, o çağların bütün tanınmış şairləri, yazarları, düşünürləri dünyavi ideyaları ortalığa atıb, bir çox ənənələri və ehkamları tənqid ediblər. Bununla belə, onlar dini tam inkar da etməyib, sadəcə onun cəmiyyətdəki rolunun və nüfuzunun azaldılmasını istəyirdilər. Bununla paralel olaraq, Avropa dəyərlərinə yiyələnmə istəyi ilə yanaşı, milli özünü tanıma prosesi də güclənib. Bütün bu proseslər, eləcə də Rusiya imperiyasının dağılması 1918-ci ildə müstəqil Azərbaycan Demokratik Respublikasının (ADR) yaranması ilə nəticələnib. Yeni yaranmış ölkənin üstünlük verdiyi başlıca prinsiplər dünyəvi milliyyətçilik və avropalaşma olub. Bununla belə, İslam dəyərləri də millətin mədəni dəyəri kimi qiymətləndirilib. ADR-ə bolşeviklərin basqını son qoyub, onun yerində sovet Azərbaycanı yaranıb. Bu dönəmdə dünyəviləşmə prosesləri davam etdirilib. Bununla belə, bu dönəmdə ifrata varmalar da olub. Bunun da səbəbi, dini dəyərləri tanımayan o zamankı bolşevizm ideologiyasında olub. Azərbaycanın 70 ilə yaxın Sovetlər Birliyində olmasının sonunda vətəndaşlarımızın dinə bağlılıqları ən aşağı həddə gəlib çatıb. İslam dininin ehkamlarına və rituallarına çox az adam riayət edib. Məscidlərin sayı minimuma endirilib, dini məktəblər heç olmayıb. Azsaylı din xadimlərini Orta Asiyanın mədrəsələrində yetişdiriblər.

Bütün bunlarla yanaşı, o dönəmdə xalq ayrı-ayrı dini bayramları keçirirdi, mərhumları islam qaydaları ilə torpağa tapşırırdı, işlərinin düzəlməsi üçün sədəqələr verib qurbanlar kəsirdi, dini qaydalarla kəbin kəsirdi. Ancaq din o zaman mövhumat formasını alıb. Hər yerdə ayrı-ayrı müqəddəs sayılan şəxslərin məzarlarına və başqa sakral obyektlərə ziyarətlər edilirdi. Onların vasitəsi ilə insanlar xəstəliklərdən sağalma və öz işlərinin düzəlməsini diləyirdilər. İslam dininə bağlı olan müqəddəs əşyalara inanc və Quran səhifələrində fala baxmalar da yayılıb. O çağlarda müəyyən qədər dini sinkretizm də olub. Özlərini müsəlman sayan bir çox kəslər öz problemlərinin çözülməsini diləmək üçün xristian kilsələrinə gəlirdilər. Ənənəvi xristian olan sakinlər isə müsəlmanların ziyarət etdikləri müqəddəs yerlərə üz verirdilər. Bakıda fəaliyyət göstərən iki mərkəzi məscidlərin girəcəklərində kilsələrdəki kimi şamlar yandırılırdı.

– Müstəqillik ələ olunandan sonrakı vəziyyəti necə səciyyələndirərsiniz?

– Azərbaycan yenidən müstəqillik qazanandan sonra ölkədə islam haqqında bilgilər çoxalıb, yeni məscidlər tikilib, mədrəsələr və universitetlər qurulub, gənclər xarici ölkələrdə ilahiyyat elmləri üzrə təhsil almağa göndərilib. Buna baxmayaraq, yuxarıda göstərilən mövhumatlar sadə xalq arasında günümüzdə də qalmaqdadır.

Nəzir yığımı davam etdirilir. Çoxlu insanlar o yerlərə inanclarını bağlayıb ziyarətə çıxırlar. Bunun nəticəsində problemlərinin çözülməsinə inanırlar. Xalq arasında kiminsə o yerlərə ziyarət etdiyindən sonra sağalması, kiminsə işlərinin çözülməsi kimi deyimlər yayılır. Müqəddəs ölülərin məzarlarından başqa, Azərbaycanın ayrı-ayrı bölgələrində totemizmə yaxınlaşan ibtidai inanclar da var. Misal üçün, Bakının yaxınlığında dəvə və ilan ocaqları vardır. Oraya gələn uşaqları olmayan qadınlar dəvənin altından keçərək hamilə olacaqlarını sanırlar, ilanlardan isə sağalma diləyirlər. Animistik (ölülərin ruhların gəlişinə inanc) inanclar da qalmaqdadır. Bu inancların çox əski köklərinin olduqlarına baxmayaraq, xalq içində onların hamısını islamla bağlayırlar. Deməli bu kimi sadə xalq inancları müsəlman dəyərləri ilə qarışıb və “islamlaşdırılıb”. Xalq inancları bütün dönəmlər boyu xalqlar arasında yayılaraq, mistik və ibtidai xarakter daşıyıb. Sadə insanlar üçün çətin və dərin ilahiyyat maraqsız olur. Onlar daha da çox duyulan obrazlarda sakrallığı və gizliliyi axtarıb tapırlar. Bunu görmək, eşitmək, duymaq istəyində olurlar. Sakrallığa yetişəndə sağlamlığın tapılması, problemlərin çözülməsi mübahisəli məsələdir. Bütün bunların olub-olmamasının qaynağının nə olması elmi dəlillərlə doğrulanıb ya da inkar edilə bilməz. Bəlkə də burada ayrı-ayrı insanların psixoloji durumu insanları o hisslərə gətirib çıxarır. Hər halda bu kimi deyimlər xalq arasında yayılır, daha sonra əfsanələrə çevrilir və insanlar onlarla inanclarını bağlayırlar. Bu prosesi ortalıqdan götürmək mümkün deyil. Bu olub, var və olacaq. Bu reallıqdır. Reallıqdırsa, onda bunu öz maraqları üçün yönəldən və bundan gəlir götürən ağıllı adamlar da hər zaman olacaq. Çünki hər bir inanc, son olaraq, bəlli adamlara hər zaman böyük maddi gəlirlər gətirir. Bunun əsasında onlar böyük kapital əldə etmiş olurlar. Bütün bu proseslər dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da vardır və bu da təbiidir. Bununla belə, “islamlaşmış” el inanclarının dinin təməlləri ilə birbaşa bağlılığı yoxdur.

Birbaşa İslam dininə bağlı olan strukturlara, qurumlara, təhsil və ibadət ocaqlarına gəldikdə isə, Azərbaycanın müstəqilliyi boyu onların sayı görünəcək qədər artıb. Din-dövlət ilişkilərini düzənləmək, dini qurumları qeydiyyata almaq, onların Azərbaycan qanunvericiliyinə uyğunlaşdırmaq üçün 2001-ci ildə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi (DQİDK) yaradılıb. Bu Komitədə qeydiyyatından keçməyən dini icmaların fəaliyyəti qanuna uyğun sayılmır. Həm də bu Komitədə ölkəmizə xaricdən gələn dini ədəbiyyata nəzarət edilir, onun dinşünaslıq ekspertizasından keçməyən kitabların satışa buraxılmasının qarşısı alınır. Dini ədəbiyyat isə yalnız özəl, icazəsi olan yerlərdə satıla bilər.

– Bu istiqamətdə dövlət səviyyəsində işlər görülsə də, bəzi xarici qüvvələr hərdən sapmalara da zəmin yaratdığı bildirilir...

– Doğrudur, dinşünaslıq ekspertizasının gördüyü çox gərəkli işlərə baxmayaraq, ölkədə yayılması məsləhət görülməyən ədəbiyyat internet və başqa çağdaş informasiya kanalları ilə yenə də özünə yol tapa bilir. Buna görə də gələcəkdə bu işin səmərə verəcəyi şübhə altında qalmaqdadır. İnternetdə saytların və başqa resursların yaradılması ilə çeşidli dini icmalar bu ekspertizanın rəyinə baxmayaraq istifadəçilərə öz istənilən ədəbiyyatlarını və informasiyanı çatdıra bilirlər. Artıq internetdə saytların və forumların yaradılması, eləcə də sosial şəbəkələrdə səhifələrlə bloqların açılması hər bir dini qurumun fəaliyyətinin tərkib hissəsidir. Son zamanlar onların Azərbaycana yayımlanan şəbəkəsi çox genişlənmişdir. Günümüzdə çox iri tutumlu dini-siyasi və ehkamçı portallar, eləcə də elektron kitabxanalar və başqa bu kimi resurslar yaradılıb.

Bilindiyi kimi, müstəqillik əldə etmiş Azərbaycanda get-gedə dinə hörmət artmağa başlamışdı, buraya xarici təbliğatçılar axışıb, ənənəvi olmayat təlimlər yayırdılar. Ən böyük fəallığı da elə çeşidli islam təbliğatçıları göstərirdilər. Bu da təbii idi, çünki ölkənin əhalisi daha çox müsəlman idi və onların çağırışlarını başqa dinlərin dəvətçilərinin çağırışlarından daha yaxşı anlayırdılar. Ancaq çağdaş İslamın həddən artıq siyasiləşmiş olduğuna görə, bəzi istisnaları çıxmaqla, bütün müsəlman qurumlarının arxasında Qafqaz regionunda hansısa maraqları güdən siyasi güclər dururlar.

Azərbaycandakı bir çox müsəlman təşkilatları İran, türk, ərəb yönümlüdürlər. İranlıların Azərbaycanda öz dini-siyasi və humanitar qurumları vardır. Onlar əsasən şiə müsəlmanları üçündür. Türklərin də Azərbaycanda öz təşkilatları vardır və onlar əsasən sünnü əhalisi arasında fəaliyyət göstərirlər.

Çeşidli ərəb təşkilatlarına gəldikdə isə, onların çoxu yaxın keçmişdə gənclərin bir qismi arasında populyar olan sələfi yolundadırlar. Ancaq son zamanlar onların ölkədəki nüfuzu hiss olunacaq qədər aşağı enib. Öz maraqlarını güdən çeşidli Qərb qurumları da vaxtaşırı hansısa müsəlman topluluqları ilə öz siyasətlərini gerçəkləşdirmək üçün işbirliyi qururlar.

– Belə “işbirliyi” dini radikalizm meyllərinə rəvac verə bilərmi?

1994-cü ildə Ermənistanla atəşkəs bağlanandan sonra Azərbaycan onu bürümüş dərin böhrandan çıxmağa başladı. Bu yeni durumda xarici ölkələrdən gəlmiş missionerlər Azərbaycan əhalisi arasında genişmiqyaslı açıq təbliğata başlamışdılar. Xüsusilə Qərb ölkələrindən gəlmiş çeşidli protestant kilsələrinin dəvətçiləri Bakı, Gəncə və başqa şəhərlərdə öz yığıncaqlarını keçirib, bu məqsədlə geniş konsert zallarını icarəyə götürüb, orada dualar, moizələr və dini məzmunlu mühazirələr oxuyublar.  Həmin dövrdə xaricdən ölkəmizə gəlmiş xristian-protestant mühazirəçilər və din xadimlərinin səyləri nəticəsində dini təriqətlərə çoxlu adam cəlb edilib. Bir çox dini dəvətçilər kəndlərdə, eləcə də sadə insanların yaşadıqları yerlərdə evləri icarəyə götürərək xalqla ünsiyyətə girib, orada təbliğat aparıb, bəzi gəncləri öz təriqətlərinə cəlb etmişdilər.

Onların missioner çalışmaları nəticəsində, bir çox həmyerlimiz bu təriqətlərin inanclarını mənimsədilər. Bunun bir çox subyektiv və obyektiv səbəbləri var idi. Birinci növbədə sosial səbəblər gəlirdi. Həmin illərdə ölkənin durumu olduqca pisləşmiş, insanların bu günə və gələcəyə inamları yoxa çıxmışdı. İqtisadi problemlər, əhalinin yoxsulluğu da bir çoxların dini təbliğatlara uymağa məcbur edirdi. Çünki tarixin bu kimi çağlarında xalqlar sakrallığa meyilli olur, ideal dünyada xilaskar axtarışında olur, möcüzələrə inanır, məsih-xilaskarı gözləyirlər. Elə təriqət təbliğatçıları da onlara psixoloji təsir göstərərək ardıcıllarını dini trans hallarına salır, vədlər verirdilər. Xarici təriqətlərin dəvətçiləri göylərdən gələn xilas vədləri ilə kifayətlənməyərək həm də dünyəvi vasitələrdən də istifadə ediblər.

Əhalinin o zamankı yoxsul durumundan yararlanaraq, azərbaycanlılara maddi yardımlar edib yaşamlarında olan çeşidli problemlərini çözmüşdülər. Bu və ya başqa təriqətin üzvü olmaq bəziləri üçün çox əlverişli olub.

Bəzən isə yabançı din təriqətçilərinin təbliğatı siyasi xarakter daşıyıb.  Onlardan bəziləri öz dinlərinin ermənilərlə azərbaycanlıların barış əldə etməsinə yardımçı olacağını iddia edirdilər. Onların fikrincə, bu halda azərbaycanlılar da ermənilər kimi xristian olacaq və xristian qardaşlığı ideyaları ilə bu savaşı çözmək mümkün olacaqdır.

Eyni zamanda azərbaycanlılara, onların yurdlarının əslində ərəb, sonra isə türk “istilaçıları” tərəfindən sıxışdırılıb çıxarılan tarixi xristian ölkəsi olduğu fikri aşılanırdı. Deməli, İslam dini Azərbaycana xas olmayan yad inanc kimi qələmə verilirdi.

Azərbaycanda xristianlığın bərpa edilməsi mövzusunu qaldıran xarici təriqətçi qurumların nümayəndələri millətlərarası problemlərə də toxunurdular. Öncədən onların hamısı azərbaycanlıların İslamın praktiki tələblərini icra etməsələr belə, kütləvi şəkildə xristianlığa üz tutmalarının mümkünsüz olduğunu bilirdilər. Çünki İslam dini bu xalqın şüuraltı qatında yer almış və azərbaycanlılar öz milli kimliklərini və mədəniyyətini bu dinlə bağlayırlar.

Bu səbəbdən də təriqətçilər ölkədə özəlliklə milli azlıqlara yönəlmiş təbliğat aparıblar. Təşviqatda prioritet yönüm kimi, onlar respublikanın şimalında yaşayan Qafqaz mənşəli xalqlara önəm veriblər. Onlar bu xalqları Qafqaz Albaniyasının birbaşa varisləri kimi qələmə verərək, bu fikri onların beyninə yeridiblər. Azərbaycanın türk və İran mənşəli əhalisini isə gəlmə, qafqazlılara yad olan İslam dinini aşılayan xalqlar kimi təqdim ediblər. Beləliklə, xarici missioner təriqətlərinin Azərbaycandakı fəaliyyəti bəzi durumlarda millətlərarası gərginlik yaradıb və əhalinin bir hissəsində separatist əhval-ruhiyyənin yaranmasına təkan verib. Bu kimi problemlər üzrə Azərbaycan mətbuatında vaxtaşırı materiallar yayımlanıb.

Erməni tərəfi də xristianlığın Azərbaycanda yaşayan etnik azlıqların arasında yayılmasını dəstəkləyib, etnik qarşıdurmalar yolu ilə ölkəni parçalamaq istəyində olub. Həm də çeşidli missioner qurumlarının üzvləri və təbliğatçıları İslam əleyhinə təşviqatlar aparıblar. Onlar İslamı mürtəce və vəhşi din kimi dəyərləndirərək müsəlman mədəniyyətinə, inanclı müsəlmanlara qarşı təhqirlər səsləndiriblər.

Ayrı-ayrı təriqətlərin təlimlərini qəbul etmiş azərbaycanlılara onlara uyğun gəlməyən cəmiyyətlə və ailələrlə ixtilafa girmək aşılanırdı. Missionerlərin dilə gətirdikləri amacları bütün Azərbaycanın xristianlaşması olmuşdur. Bu yolda, ilkin olaraq, hər beşinci azərbaycanlını xristian etmək planı açıqlanırdı.

Təriqətçilər gənclər arasında daha fəal olublar, ordu sıralarında da öz təbliğatlarını aparmağa cəhd göstəriblər. Missionerlər “humanizm” prinsiplərini gənclərə aşılayaraq onları ələ silah almaqdan çəkindiriblər. Bununla belə, onlar ermənilərin xristian azərbaycanlıların din qardaşları olması duyğularını aşılayıblar. Sonra isə həmin təriqətlərin əksəriyyətinin erməni əks-kəşfiyyatı ilə bağlantıda olması faktı ortalığa çıxıb. Lakin qeyd etmək lazımdır ki, təriqətçilərin hamısı neqativ işlərlə məşğul olmayıblar. Onların arasında səmimi inanclılar da olub. Ancaq bütövlükdə, bu dini qurumların fəaliyyəti yuxarıda göstərilən amillər üzrə Azərbaycan dövlətçiliyinə ziddiyyət təşkil edib. Buna görə də möhkəmlənmiş dövlətimiz 1995-ci ildən sonra təhlükəli təriqətlərə qarşı aktiv tədbirlər planı həyata keçirməyə başlayıb. Destruktiv fəaliyyətlə məşğul olan xarici dini təbliğatçılar ölkədən qovulub, çeşidli dini qurumların maliyyə axınları gözaltına alınıb. Çünki bütün dini qurumlar öz fəaliyyətlərini Azərbaycan qanunvericiliyi ilə uyğunlaşdırmalı idilər.

Bu istiqamətdə tədbirlər həyata keçirildikdən sonra təriqətçi qurumların aktivliyi azalıb və xalq arasında nüfuzlarını itiriblər. Onların üzvlərinin sayı minimum həddə enib və insanlar getdikcə bu təriqətlərdən uzaqlaşıblar.

– Hazırda bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

–Günümüzdə Azərbaycan qanunvericiliyinə zidd olmayan təriqətlər ölkədə fəaliyyətlərini sürdürməkdədirlər. Rəsmi dairələrin bildirdiklərinə görə, qeyri-ənənəvi təriqətlərin ardıcıllarının sayı o qədər də çox deyildir və bu dini icmaların heç biri Azərbaycanın milli maraqlarına təhlükə törətmirlər. Azərbaycanda dini qurumların fəaliyyəti üçün qanunvericilik işlənib hazırlanıb. Sözügedən təriqətlərin hamısı yalnız ölkə qanunlarına zidd işlərə yol vermədikləri halda fəaliyyət göstərə bilərlər.

Təriqətçi qurumların fəaliyyətinin zəifləməsinin əsas səbəbi təkcə qanunvericilik bazasının yaradılması yox, Azərbaycanın əvvəllər yaşadığı böhranlı vəziyyətdən çıxması olub. Tədricən insanların bir çox problemləri çözülmüş, onlar yaxşı yaşamağa, bu günə və sabaha inamla baxmağa başlayıblar. Eyni zamanda cəbhə xəttində vəziyyət sabitləşib, hərbi geriləməyə son qoyulub, ordu möhkəmləndirilib. Ölkənin belə güclənməsi yabançı dini qurumların Azərbaycanı xristianlaşdırmaq planlarını pozub.

Xristian dini təriqətçiliyinin qarşısında daha önəmli bir amil də olub. Yüzilliklər boyu sürmüş azərbaycanlıların adət-ənənələri. Bu adət-ənənələr çox vaxt İslam dünyagörüşü ilə qarışıq olaraq özünü göstərməkdədir. İslam azərbaycanlılar üçün praktiki cəhətdən icra edilən dindən çox, mədəniyyətlərinin ayrılmaz parçasıdır. Buna görə də Azərbaycan toplumunun böyük hissəsi yabançı təriqətlərin aktiv təbliğatına qarşı olub. Ölkə vətəndaşlarının çoxu bu təbliğatı anlamaq belə istəməyib, ona uyanları isə qınayıblar.

Beləliklə, Azərbaycan Respublikasının müstəqillik illərində qeyri-islam təriqətləri yönümündə aparılan siyasəti uğurlu saymaq olar. Azərbaycanda aparılan siyasətin sayəsində ölkədə dini dözümlülük hökm sürür, bütün dinlər və təriqətlər qanun çərçivəsində fəaliyyət göstərirlər.

Müsahibənin ünvanı:
1. http://525.az/site/?name=xeber&news_id=10221#gsc.tab=0
2. https://525.az/site/?name=xeberprint&kecid=1&news_id=10370 (ardı)
3. https://525.az/site/?name=xeberprint&kecid=1&news_id=10583 (sonu)