Qiyamətin qopmasını necə tezləşdirlək?

3 sentyabr 2014

İndi aləm qarışıb bir-birinə. Deyirlər ki, İslam dirçəlir. Artıq neçə-neçə İslam respublikaları var, son zamanlar hətta xəlifəmiz də oldu. Boko-Haram, İŞİD, İxvan, Nüsrə Cəbhəsi, Hizbullah və s. yeni-yeni təşkilatlar yaranır. Bizdə Azərbaycanda da kimi dindirirsən olub dindar. Türklər də Atatürkü unudub surətlə dindarlaşırlar. Hələ Pakistan, Əfqanıstandan danışmıram.

Dirçəliş gedir, hamı olub Məşədi İbad kimi əsli-müsəlman. Ancaq hamı müsəlman olanda onda kimlə cihad edəsən? Onda da başlayıblar bir birini bəyənməməyə. İndi də bir qrup müsəlman obirilərini müsəlman saymır, təkfir edir. Yenə aləm dəyib bir-birinə.

Ancaq, ay müsəlmanlar, siz hər an axır-zamandan danışırsınız. Mehdinin, İsanın, Yəcüc-Məcücün gəlişini gözləyirsiniz, günəşin qərbdən çıxması haqqında dəqiqə başı söyləyirsiniz, moizələr edirsiniz.

Müqəddəs kitabların az qala yarısı axır-zamana həsr edilib. Orada deyilir ki, yalnız bu hadisələrdən sonra Qiyamət olacaq, Allah insanları cənnətə və cəhənnəmə salacaq.

Bu axır-zamanın da gəlişinin bir vacib şərti var. Gərək dünyanı küfr, inancsızlıq, allahsızlıq, əxlaqsızlıq və s. bürüməlidir. Müsəlmanların sayı da kiçicik olmalı, Qiyamətə yaxın zamanda isə heç olmamalıdır. Bu barədə çoxlu hədislər var.

İndi o Qiyamətin gəlişini hər bir müsəlman gözləyir. Mehdinin də gəlişini bütün dindarlar arzulayır. Axı bunlar olsun deyə, gərək İslam azalsın.

Ancaq müsəlmanlar deyir yox. Biz ölərik, dini əldən vermərik. Hər yerdə dəvət gedir, insanlar dinə cəlb olunur, şəriət ölkələri qurulur və s. Özüdə müsəlmanlar deyir küfr məhv olmalıdır.

Di yaxşı belədirsə o gözlədiyiniz Qiyamət necə olsun? Belə çıxır ki, siz, ay müsəlmanlar, dinin sizə buyurduğunu əməl etmirsiniz. Müqəddəs kitablarda dinin azalmasından deyilir, siz isə onu çoxaldırsınız. Deməli Mehdinin və Qiyamətin gəlişinin qarşısını alırsınız. Necə olur bu? Din sizə bir şey deyir, siz isə başqa şey edirsiniz. Halbuki moizələrdə Qiyamətdən danışırsınız.

Sonra da başqalarını ittiham edirlər ki, Qiyamətə inanmayan kafirdir. Özləri onun gəlişini əngəlləyirlər, başqalarını kafir elan edirlər. Artıq 1400 ildən artıq vaxt keçib. Quran deyir ki, Qiyamət tezliklə olmalıdır. Ancaq bu müsəlmanlar dini bərkidirlər, Quran ayələrini təkzib edirlər. Sonra da deyirlər kimsə kafirdir ki, Qiyamətə inanmır.

Elə ona görə də əsl müsəlman mənəm. Mən Şəriətin bərkiməsini, dinin möhkəmlənməsini istəmirəm. Çünki Quran ayələrinə inanıram. Orada deyilir ki, Qiyamət tezkiklə olmalıdır. Hədislər də deyir ki, Qiyamət olsun deyə küfr artmalıdır. Belədirsə mən Quran və hədislərə tabe oluram və dinin çoxalmasını istəmirəm. Qoy küfr artsın ki, tezliklə Mehdi gəlsin. Yoxsa küfr artmasa Mehdi necə gəlsin? Buna görə bilmirəm kim necə, ancaq mən əsl dindaram ki, Qiyamətin gəlişini tezləşdirmək istəyirəm. Yoxsa 1400 il keçib. Bəs nə vaxt olacaq?