Mənəvi zənginlik haqqında

4 oktyabr 2014

Adamın gərək yüksək mənəvi özəlliyi və cazibəsi olsun. Diplomları, fəxri adları, vəzifələri və s. tanışlıqla, pulla almaq olar, ancaq yüksək mənəviyyatı bu yollarla əldə etmək olmaz.

Ona görə də bir çox adamlarla ünsiyyət quranda görürsən ki, nəsə onlarda səni açmır, onlarla darıxırsan, ləzzət vermir onların kompaniyası. Ən sadə dildə desək, necə xörəyin duzu olmayanda dadsız olar, eləcə də bu adamların da duzu olmur ki, dadı olsun. O duz da mənəviyyatdır.

Baxırsan ki, elə bil hər şeyi var adamın tanınmış nəsli, yüksək savadı, ziyalılığı, yaxşı tərbiəsi və s. Ancaq onunla ünsiyyətdən qaçırsan, xoşuna gəlmir o insan. Çünki o göstəricilər formaldır, üzdədir. Mahiyyət isə daxili aləmdir. O da yarıtmazdır, naqisdir.

Ya da danışırsan bir dindarla. Hər şeyi var. Namazı, orucu, halallığı. Ancaq yenə də açmır adamı ki açmır. Duzu yoxdur, dadsızdır. Mənəviyyatı namaz, orucla doldurmaq olmur, çünki onlar da formadır, mahiyyət deyil.

Mahiyyəti zənginləşdirmək üçün təbii ki, dünyagörüşü zənginləşdirmək, bilikləri artırmaq lazımdır. Ancaq bu da kifayət deyil. Çox vaxt görürsən ki, savadsız sadə bir insan sənə çox ləzzət verir, onunla olmaqdan yorulmursan. Onun duzu olur, mənəviyyatı zəngindir. Ancaq bilikli, çox oxumuş adamla ünsiyyəndən qaçırsan. Çünki onun bilikləri mənəviyyatını doldurmur, onu duzlamır.

Deməli mənəviyyatın zənginliyi əslində təbii bir şeydir. O insanda təbiətdən, fitrətdən olmalıdır. Onu Tanrı kimə istəsə verir. Təbiətdən insanda o duz yoxdursa, nə etsə belə, xeyri olmayacaq. Bununla da insan xörəkdən fərqlidir. Xörəyi duzlasan dada gələr. Ancaq insana duz göylərdən düşməlidir.