Yaxşılığı qanmayanlar haqqında

8 oktyabr 2014

Bizim milli mentalitetimizin əsas təməl prinsiplərindən biri başqasını özünə borclu çıxardıb, ona minmək və çapmaqdır.

Vay o gündən ki, sən əlacsız qalıb kimdənsə nəsə istədin, o da onu verdi ya da elədi. Tamam. Bundan sonra o verən sənin ölümünə qədər bunu hər yerdə deyib, onun sənə yaxşılıq etdiyini car çəkəcək bütün aləmlərə. Bundan sonra sən oldun onun ömürlük borclusu. Borclu olmaq da bizdə qul olmağa bərabərdir.

Özüdə o yaxşılığın qarşısında sən o adama sonra 100 yaxşılıq et, xeyri yoxdur. Sən ondan yaxa qurtara bilmirsən. Sənin etdiklərin onun gözləri qarşısında yoxdur. O ancaq nə vaxtsa bir dəfə sənə kömək etdiyini yad edəcək. Sənin ona sonra etdiklərin çoxsaylı yaxşılıqlar sayılmayacaq.

Səni borclu çıxartmaqla da məqsəd sənə minib çapmaqdır. O bir yaxşılıqdan sonra o adam hesab edir ki, sən olmalısan onun qulu, həmişə buyuruğunda olmalısan.

Sən də qalırsan çıxılmaz durumda. Bir dəfə onun buyuruğunu yerinə yetirdin, iki dəfə, on dəfə, yüz dəfə. Sonra yorulursan, bilmirsən necə yaxa qurtarasan sənə bir dəfə yaxşılıq edəndən. Özünü söyürsən ki, mən qələt elədim o zaman səndən yardım istədim.

Onda onun bir yaxşılığının qarşılığında başlayırsan ona yaxşılıqlar etməyə. Ancaq xeyri olmur. Bundan sonra bezirsən, günlərin birində deyirsən ona ki, bəsdir! Mən daha sənin nazınla oynamayacağam. Bundan sonra qaçırsan ondan.

O da bundan sonra sənin haqqında hər yerdə şaiyə yayır ki, sən vəfasızsan, yaxşılığı bilən deyilsən. Sənə o qədər yaxşılıq edilib, ancaq çörəyin dizinin üstündədir. Bu da davam edir sənin, ya da onun ölümünə qədər.

Hətta bununla da iş bitmir. Ölümdən sonra, onun uşaqları bu nəğməni oxumağa davam edirlər. Onlar deyirlər sənin uşaqlarına ki, atan (anan) yaxşılığı qanan deyil idi. Mənim atam (anam) ona yaxşılıq edib, ancaq o vəfasız və etibarsız çıxıb, yaxşılığı itirib, çörəyi dizinin üstündə olub.

Sənin uşaqların da onun uşaqlarına qayıdacaqlar ki, bizim də atamız (anamız) sizin atanıza (ananıza) o bir yazşılığın əvəzinə sonra 100 yaxşılıq edib, yenə də xeyri olmayacaq. Bütün gələcək nəslin olacaq onlara borclü.