Qadınlara hörmət edən millət

9 oktyabr 2014

Bizim millətimiz qadınlara çox hörmət edir. Evdə onu qul edir, söyür, döyüb öldürə də bilər. Ancaq küçələrdə onlara yol, nəqliyyatda yer verir.

Bu qadına küçə sevgisindən daha yorulmuşam. Gedirəm metroda. Bir də görürəm kişilər məni itələyir, və var ki, bir qadın girir ora. O qadın basabas olmasa da keçəcək içəri. Ancaq bu kişilər ona hörməti göstərmək üçün ətrafda hamını itələyirlər ki, ona yer olsun. İndi mən məcburam ki, uzaqdan dayanacaqlarda qadın görəndə elə yer tutum ki, ona hörmət naminə məni əzməsinlər.

Səhərlər metro və avtobuslarda basabasdır. Bir orta yaşlı qadın girən kimi, kişilər o basabasda onlara hörmət edərək dururlar ki yer versinlər. Bunu edəndə də yanındakıları itələyirlər. O qadına yer vermək bir 5-6 adamın əzilməsi, ayaqlarının basılması ilə nəticələnir. Halbuki güclü qadındır. Ayaq üstə 5 saat da dayana bilər.

Ya da bu yaxında gedirəm bir dolu avtobusda. Yolda bir qadın ona əl elədi ki, saxlasın. Sürücü də saxlamadı. Bir də gördüm qabağda kücədə duran bir kişi atdı özünü avtobusun qabağına. Sürücü də onu basmasın deyə maşını saxladı. Saxlayanda o kişi dedi ki. o qadın sənə əl elədi nə üçün saxlamadın? Ayıbdır axı. Sürücü də danışmadı. Sonra uzaqda duran arvada dedi ki gəlib minsin. O da gələnə qədər 5 dəqiqə keçdi.

Buna bir adam da etiraz etmədi. O boyda avtobus, içində onlarla adam bir qadına hörmət naminə əlindən gələni edir. Orada tələsən var, ora dayanacaq yeri deyil. Ancaq olmaz. Qadına hörmət olmalıdır.

Bircə mən etraz etmək istədim. Ancaq sonra dedim özümə ki, onsuzda bu adamlar məni haqsız çıxardacaqlar. Onların hamısı işə və görüşə gecikə bilərlər, yol qaydaları pozula bilər. Təki qadına hörmət olsun.

Ona görə danışmadım. Ancaq onda təsəlli tapdım ki, bu adamlar evə girən kimi arvadlarını söyəcək, qızlarını basacaq. O arvadlar və qızlar da bunlara min bir hilə gələcək, aldadacaq. Sonra döyüb öldürəcəklər bir-birlərini.

Kücələrdə qadınlara hörmət edərək başqa adamların haqlarını tapdalayıb, sonra evlərində həmən o qadınları aşağılayan adamlardılar bunlar.