"Günahsız" tutulanlar haqqında

26 dekabr 2014

Bizim ictimai və siyasi adamlar tutulmaqdan qorxur. Bir adam da tutulanda, deyirlər günahı yox idi; nə ediblər bu yazıqlar? Həqiqəti deyiblər, ictimai iqlimi, əxlaqı düzəltmək istəyiblər, ədalətsizliyə qarşı olublar.

Bəs məgər bunlar tutulmağa səbəb deyil? Məgər ədalət uğrunda çalışmaq günah deyil? Kim ədalət istəyir bizim cəmiyyətdə? Heç kim. Bəzi əzilmişlər istəsələrdə, onların əlində hüquq olan kimi olurlar ədalətsiz. İndi bu ədalət üçün çarpışan məgər cinayət törətmir? Törədir. Deməli tutulmalıdır, günahkardır.

Deyirsiniz həqiqəti deyirdi. Ay balam həqiqəti demək məgər asan işdir? Kim həqiqəti eşitmək istəyir? Hamı ikiüzlü olmağa, aldatmağa və aldanmağa öyrəşib. Sən də gəlirsən həqiqətlə. Deməli tutulmalısan, günahkarsan.

Ya da eşidirəm ki, filankəs ancaq maariflənməklə məşğul idi. Günahı nə idi? Maarifləndirmə məgər cinayət deyil? Hələ yaxın keçmişdə buna görə insanları tonqallarda yandırırdılar, dərisini soyurdular. Hamı qaranlıqda yaşamağa öyrəşib, sən isə işığa yol açırasan, ortamı dəyişmək istəyirsən. Hələ bizim zamanda şükürlər olsun ki, sadəcə tutulmusan. Bir 200 il qabaq səni diri-diri yandırardılar maarifçiliyə görə. Bu millət də buna əl çalardı.

Ona görə günahkardı hər bir tutulan. Heç olmasa ona görə ki, başqa adamlar kimi səsini kəsmir, ortalığa çıxır. Tutulmaq istəmirsənsə görsənməməlisən. Görsənirsənsə, deməli diqqət mərkəzindəsən və tutula bilərsən.

Həmdə sən, ay azərbaycanlı "günahsız" ictimai xadim, maarifçi və s. şərəf hissi keçirməlisən ki tutulmusan. Bu əslində sənin PR-ındır. Sənin bioqrafiyan zənginləşir, məşhurlaşırsan. Bəli çətin həyat olur həbsxanada, ancaq sən doğrudanda həqiqət, maarif üçün çalışırsansa, buna sinə gəlməlisən, şikayət etməməlisən.

Yoxsa tutulan kimi hamı başlayır onu tərifləməyə ki, yazıqdır, balaları var. Bu həqiqət istəyirsə, balaları nə üçün doğub? Ya bala olar, ya da həqiqət.

Ona görə heç bir azərbaycan ictimai, siyasi xadimi, din adamı, maarifçi və s. günahsız deyil. Onlar ortalıqda olduqlarına görə günahkardırlar və hər an tutula bilərlər. Bu də qanunauyğundur, ədalətlidir. Onların hamısı əslində günahkardır.