Təbiət dəyişməzdir

25 dekabr 2014

Hərdən bir eşidirəm ki, kimsə şikayət edir həyatından. Deyir həyatı başqa cür qursaydım bu günə qalmazdım. Vaxtında belə etməsəydim daha yaxşı olardı. Ancaq boş nə mənasız söhbətlərdir. Sən başqa cür edə bilməzdin. Belə etmisən, belə yaşamısansa, deməli bu belə də olmalıdır. Bu taledir, onu dəyişmək olmaz.

Ya da eşidirəm ki, bir adam deyir ki bu dünyada ancaq əxlaqsızlar, fırıldaqçılar, rüşvətxorlar yaxşı yaşayır. Deməli onlardan biri olmalısan. Ya da deyirlər insanlara yaxşılıq etmək olmaz, onsuzda qanmırlar, çörəkləri dizlərinin üstündədir.

Onda mən də belə adamlara deyirəm ki, siz süni olaraq özünüzü əxlaqsız, rüşvətxor, fırıldağçı və ş. edə bilməyəcəksiniz. Bu kimi keyfiyyətlər təbiətdən, fütrətdən irəli gəlir. Təbiətinə zidd olaraq hərəkət etsən heç nə əldə etməyəcəksən. Etdiyin də burnundan töküləcək, xeyrini görməyəcəksən. Çünki əclaflıq, əxlaqsızlıq, fırıldaqçılıq sənin qanında yoxdur. Eləsən pis olacaq.

Örnək üçün təbiətdən oğru, fırıldaqçı olan həyatı boyu insanları aldadar, rüşvətxor olar və heç vaxt tutulmaz. Təbiətində olmayan isə bu işi görən kimi tutular. Eləcə də təbiətində əxlaqsızlıq olan ondan xeyir görər, heç vaxt biabır olmaz. Süni olaraq əxlaqsızlığa gedən isə biabır olar.

Mən özüm bilirəm ki düz yaşasam, qanuna baxsam, insanlara yaxşılıq etsəm, bunun əziyyətini çəkəcəyəm. Heç kəs buna görə mənə çox sağol deməz. İmkan düşən kimi yaxşılıq etdiyim adamlar mənə qarşı çıxacaq. Ancaq nə edim? Bunu bilə-bilə yenə də bu cür yaşayıram. Çünki təbiətimi dəyişə bilmirəm. Bilirəm ki, fırıldaqçı, zalım olmaq istəsəm belə bu məndə alınmayacaq, gülməli çıxacaq, bunun da ziyanını çəkəcəyəm.

Beləliklə, öz təbiətinizlə yaşayın, özünüzü dəyişməyə çalışmayın. Çünki adam işini, ailəsini, vətənini dəyişə bilər. Ancaq təbiət dəyişməzdir.