Azərbaycanlılar və mənəviyyat

21 dekabr 2014

Bu vaxta qədər bu azərbaycanlılarla uyuşa bilmirdim. Mən özümü, dünyanı dərk edib ruhumu zənginləşdirməklə yaşayırdım. Bu azərbaycanlılar isə mənə dəli kimi baxırdılar. Mən öz həmfikirlərimi başqa millətlərin nümayəndələri ilə bölüşürdüm, onlarla müzakirələr aparırdım. Bizimkilər isə mənə həmişə darıxdırıcı olmuşdurlar.

Çünki azərbaycanlılar mənəviyyat, daxili aləm, ruhi təcrübə, zəngin dünyagörüşü və s. anlayışları anlamırdılar. Millətimin bütün fikirləri yalnız "dolanmaq" idi. Söhbətlər pul haqqında, güzəranın çətin olmasından başqa heç nəyi əhatə etmirdi. Uzaq başı qızlardan, seksdən danışırdılar bir də bir-biri ilə şit zarafatlar edirdilər. Bunlarla bir fəlsəfi məsələ haqqında danışanda məndə elə təsəvvür yaranırdı ki, mən divarla danışıram.

Bu adamlara başa salmaq olmurdu ki, ay insanlar, hamı birtəhər dolanır. O qarını nə qədər otarmaq olar? Heyvan da ancaq qarnını otarır, sən də. Onda qoyunla sənin fərqin nədir?

Bu seksə də çox vaxtı imkanların çatmır. Boş boş danışırlar, pornolara baxırlar, ortalıqda isə bir şey yox. Ya da lap elə imkan olsa belə, bu da qarın otarmaq kimi şeydir də. Nə qədər seksə girəcəksən? Sonsuzluğa qədər?

Bu qarın, porno-seks bir də gic-gic zarafatlar üçün gəlmisən bu dünyaya ay azərbaycanlı? Budur sənin həyatının mənası?

Mənəviyyatı da bəziləri etiraf etsələr də, onu da yalnız dində görürlər. Yəni Allahla alverə girirlər. Deyirlər Ona ki, "mən sənə ibadət, sən isə mənə cənnət". Bu da bunların mənəviyyatı. O qarın otarmaqla, sekslə eyni qəbildəndir.

Ancaq çox xoş haldır ki, son vaxtlar bəzi gənclər arasında müəyyən dəyişiklikləri görməyə başladım. Bu il mən ADPUda (Pedaqoji universitetdə) fəlsəfə dərsləri aparmışdım. Düzü öncə həvəssiz aparırdım dərsləri. Deyirdim bu azərbaycanlı oğlanlar qarın, seks və şit zarafatdan, qızlar isə ərə getməkdən, qeybətdən başqa nəyiləsə maraqlanırlar?

Ancaq bir neçə dərsdən sonra hiss etməyə başladım ki, az saylı gənclər qrupu (təxminən potokun 5%) mənə diqqətlə qulaq asır. Daha sonra onlar mənə suallar verməyə başladılar, tənəffüsdə yaxınlaşıb dünyagörüşü söhbətləri edirdilər.

Düzü mən çox təcüb etdim. Mənim təcrübəmdə ilk dəfə olaraq mən heç olmasa 5% gəncin fəlsəfi məsələlərə maraq göstərməsini gördüm. Bu böyük uğurdur. Onda dedim özümə ki, ola bilsin Azərbaycan xalqının bəlkə də gələcəyi ola bilər.

Bu gün isə yenə də məmnun oldum. "Averroes" fəlsəfi klubuna dəvət edildim. Orada da gənc nəslin nümayəndələri çox fəal olaraq mənəvi problemlərdən, fəlsəfədən müzakirələr aparırdılar. Gördüm ki, bunlar millətin çoxu kimi qarın otarmaq istəmirlər. Özləri üzərində işləyirlər. Mənəviyyatlarını, dünyagörüşlərini zənginləşdirirlər. Sadəcə həyatın mənasını tapmaq istəyirlər. Allahla "mən sənə ibadət, sən mənə cənnət" alveri aparmırlar.

Bunun şahidi olub şükürlər etdim ki, nəhayət mən azərbaycanlılarla bu məsələlər haqqında danışa bölüşə bilərəm. Bu günün gəlməsinə qabaqlar inanmırdım. Ancaq son 2 ay ərzində zəyif də olsa mənəvi tərəqqiyə doğru ilk təzahürlərin şahidi oldum.