Fəlsəfi qeybət

29 yanvar 2015

Bu gün fəlsəfədən növbəti mühazirə oxuyurdum ADPUda. Bir neçə qız bir az səs-küy salırdılar arxada. Öz aralarında nəyisə müzakirə edirdilər.

Onda çöndüm onlara tərəf dedim ay qızlar, bax siz orda nədən danışırsınız? Bir mənalı şey olsa deyərdim yaxşı. Ancaq bilirəm ki, kiminsə qeybətini qırırsınız. Ancaq mən sizə məsləhət görürəm ki, bu dərsdə bunu etməyəsiniz, fəlsəfəni öyrənəsiniz.

Fəlsəfə sizə ona görə lazımdır ki, həmən qeybət qıranda onun mənasını, məqsədlərini dərk edəsiniz. Fəlsəfəni dərk edən qızların qeybəti yüksək mənəviyyatla, ruhla dolu olur. Yoxsa fəlsəfəni biməsəniz, qeybətiniz mənəviyyatsəz, ruhsuz, bayağı olar. Fəlsəfə ilə isə siz qeybətlərinizi dərin düşüncələrlə doldururarsınız.

Siz həyatınızın axırına qədər o qeybəti edəcəksiniz. Ona görə də fəlsəfəni eşidin ki, biləsiniz onu nə üçün edirsiniz. Yoxsa ömür boyu qeybətlər qırandan sonra Allahın yanına gedəndə ona başa sala bilməzsiniz ki, qeybətləri nə üçün etmisiniz və düşərsiniz cəhənnəmə.

Fəlsəfəni bilsənizsə, onda Allaha sübut edərsiniz ki, sizin qeybətiniz yüksək amallara, məqsədlərə xidmət etmişdir. Onda Allah da sizə cənnətin yolunu açar. Siz də orada olarsınız qanadlı huri.