İncan cəmiyyəyinin murdarlığı

28 yanvar 2015

Dindən uzaqlaşmağın vaxtı çatıb. Nə üçün? Çünki hamı qaçıb gəlib dinə. İnsan topluları, kütlələri bir şeyin üstünə gələndə o şey kirlənir, korlanır, iylənir, çürüyür və s. Belə bir şey yoxdur ki, o şeyin üstünə insan kütlələri yönəlsin və onu xarab etməsin.

Hər şey insanların çoxluğundan qorunanda dəyərli olur. Baxın. Öncə alimlər, bilginlər az idi. Tək-tək insanlar idilər. Hamı onlara barmaqla göstərirdi. O zaman da elm gəlişirdi, inkişaf edirdi. Böyük alimlər var idi. Onlar tarixə yazıldı. Elm elm idi. İndi isə yerindən duran gəlib olur alim. Minlərlə alim, doktor, professor və s. var. Ancaq elm yoxdur. Bu da azmış kimi insan axını elmi rüsvay edib, ucuzlaşdırıb, dəyərsizləşdirib. Bu gün özümü alim adlandırmaq ayıbdır. O qədər bu insan çoxluğu bu adı kirləyib.

Ya da oxuyub savad alma. Öncə universitetləri bitirənlər az idi. Ancaq hamı ora oxumağa bilgi almağa gəlirdi. Oxumaq yüksək məqam idi. O zaman az saylı oxumuş adamlar bütün nailiyyətlərimizi əldə etdilər. Millətimiz onların çalışımı ilə bəlli qədər irəlilədi, dünyada özünə yer aldı. İndi isə minlərlə insanlar universitetlərdədir. Ancaq nə xeyri? Saxta diplom almaqdan başqa bir məqsədləri yoxdur. Hamı diplomlu oxumuş olub, ancaq əslində savadsızdır. Oxumağın dəyəri itib, insan axını bunu kirlədib, rüsvay edib. Bu gün diplomlu olmaq heç bir mənəvi yüksəliş vermir. Çünki "savadlılar" o qədər çoxdur ki, bu anlayış kirlənib, rüsvay olub.

Hər bir şeydə də bu kimi örnəkləri gətirmək olar. İstənilər yerdə ya sahədə insanlar az sayla böyük nailiyyət əldə edirlər. Sonra o yerə minlər, millionlar gəlir, cumur və o şeyi kirləndirir, ucuzlaşdırır, rüsvay edir.

İndi din də belədir. Öncə azsaylı dinə yönələn insanlar var idi. Onlar dini yüksəldirdilər. Örnək üçün Məhəmməd peyğəmbərin zamanında uzaq başı bir neçə min müsəlman var idi dünyada. O azsayla çoxlu uğurlar etdilər. Dini yüksəltdilər, mədəniyyət, əxlaq verdilər, yamıya örnək oldular.

Elə mənim yaşamım zamanı da bunu gördüm. Ateist çağlarda azsaylı inanclı insanlar var idi, onlar hamıya örnək idilər. Dini ucaldırdılar. Ancaq sonra bu dinə millionlar gəldi, hamı dinçi müsəlman oldu. Ona görə də din kirləndi, rüsvay oldu. İndi dərindən düşünəndə görürsən ki, özünü dinlə bağlamaq ayıbdır, rüsvayçılıqdır. Bu insan topluları, kütlələri dini o qədər endiriblər ki, artıq dindən aralanmağın vaxtıdır.

Yenə də mənəvi həyatda və inancda azlığa doğru gedilməlidir. Az saylı icmalarla, həmfikirlərlə böyük işlər görə bilərsən. Ancaq sonra ora da insan axını başlayan kimi qaçmaq gərəkdir. Çünki o mütləq murdar olacaq, kirlənəcək.

Beləliklə hər zaman təkliyə, ya da azsaylı həmfikirlərlə olmaq gərəkdir. Bunu etməyən insan kütlələrinin murdarlığından qurtara bilməyəcək, rüsvay olacaq.