Aydın Əlizadənin səhifələri

Az sonra biz yox olacayıq

 

5 mart 2011

Mən ölkə məmurlarının çoxusuna inanmıram. Onlar öz yerlərini ölkə ilə millətə təmənnasız qulluq etmək üçün tutmurlar. Onlar ölkə görəvlərini tutanda, onların yeni evləri, qulluqçuları, gözəl arabaları, başqa varları olur. Onlar çevrəsinə doğrudan da bacarıqlı və bilimli kəsləri deyil, yalnız onların özlərinə bağlı olan kimsələri yerləşdirirlər. Amacları da onların özlərinin dəstəklənməsi olur. Deməli el üçün deyil, öz istəklərini ödəmək üçün yerlərini tuturlar. Məmurların çoxu doğrudan da milləti düşünsəydilər, görəvlərində olarkən varlanmazdırlar. Bu var da onların görülən işlərinə görə, bacarıqlarına görə deyil, yalnız yüksək görəv tutduqlarına görə əldə olunmuşdur. Onlar doğrudan da millətə qulluq etmək amacı ilə yerlərində otursaydılar, onda toplumda qohumçuluq, yerliçilik, rüşvət, korrupsiya olmazdı. Onlar doğrudan da millətə qulluq etmək amacı güdsəydilər, onilliklərlə öz oturacaqlarında oturmazdılar, onlardan bərk yapışmazdırlar.

Mən elin elçilərinin, millət vəkillərinin, el adından çar çəkənlərin çoxusuna da inanmıram. Onlar öncə millətdən, toplumda doğruluqdan çoxlu gurultulu sözlər deyirlər. Ancaq öz yüksək görəvlərinə ulaşanda, onlar eldən aralanır, o yuxarıda yazdığım məmurların bənzəri olurlar, onların özəlliklərini alırlar. Onlarda doğru olan millət sevgisi duyğuları yoxdur. Onlar yalnız o görəvlərə ulaşmaq üçün uca sözlər deyirlər. Onlar yalnız yönətməyə ulaşmaq, var-dövlət əldə etmək istəyindədirlər. Başqaları isə artıq var-dövlət əldə etmiş, elin adından o varı saxlamaq və qorumaq üçün çalışırlar. Millət anlayışı onlar üçün yaznız var-dövlətlərinə qulluq etməyə yönəlmişdir.

Mən bizim bilim adamlarının, sənətçilərin, öyrətmənlərin, aydınların (ziyalıların), professorların, akademiklərin çoxusun� inanmıram. Onlar doğrudan da bizim elimizin irəlləyişini istəsəydilər kağızda və sözdə deyil, işlərində, görəvlərində para alıb-almamasından asılı olmayaraq, boyük işlər görərdilər. Bizim aydınlar ancaq kiməsə �sağ ol� deməkdə, kiməsə boyun əyməkdədirlər. Doğruluqda, onlar yalnız özlərini düşünür, varlanmağın yollarını arayırlar. Bu yolda özlərini aşağılamaqdan da çəkinmirlər. Ancaq üzdə, etdiklərini millət üçün edildiyini deyirlər. Doğrudan da aydın olan kəs, heç zaman özünü aşağılayan �sağ olsun kimsə� düşüncəsində olmaz, özündən deyil millətindən düşünər. Özlərini milli aydınlar sayanlar doğrudan da o qəbildən olsaydılar, onları varlı edəcək yüksək görəvlər tutmağı düşünməzdirlər, yüksək qurumlardan qrantlar almaq üçün yarışmazdırlar, güya edilən işlərin görüntüsünü yaratmazdırlar. Onlar doğru aydınlar olsaydılar bilimsiz öyrəncilər yetişdirməzdirlər, oxullarda rüşvətə və korrupsiyaya yol verməzdirlər.

Mən din adamlarının və onlara yaxın olanların dediklərinə inanmıram. Onlar öz dediklərini etmirlər. Xütbələrdə dünya malından uzaqlaşmağa çaqırırlar, ancaq gerçək yaşamlarında bunun ayqırısını (əksini) edirlər. Onlardan dünyadan aralananı görməmişəm, hamısı yaxşı evli-eşikli, pullu, gözəl arabalı, bağlı-bostanlıdırlar. Harada pul var, orada din öndərini görmək olar. Dinə çağırışlarının alt yapısında pul durur. Bəsit kəslər bunu bilmirlər, onların arxasınca gedirlər. Pulun arxasınca düşüb, saatlarla bunu etməməkdən xütbə oxuyurlar, doğru yollardan qonuşurlar. Görəvlərində isə bütün bunlar yoxdur.

Mən bizim müxalifətçilərin çoxusuna da inanmıram. Onlar da sözdə millətə qulluq etməkdən deyir. Ancaq onların çoxu var-dövlət arxasınca düşənlərdir. Onlar da qrantlar alıb işlərini görürlər. İşlərində ruhlarından gələn çabalarda bulunmurlar. Onların da etdiklərinin özülü paradır. Para olmasa gördüklərini görməzlər. Parasız nəsə edənlərin çoxu isə, etdiklərini paraya ulaşmaq üçün edirlər.

Çevrəmdə olanlardan, tanıyıb-gördüklərim kəslərdən mən yaşamım boyu üzülmüşəm. Onlar sonzuz pul-paraya, var-dövlətə yönəlmədən başqa heç bir şeyi düşünmürlər. Toplumumuzun butün təbəqələri � məmurlar, millət elçiləri, bilim adamları, eləcə də bəsit adamlar yalnız bu amacla yaşayırlar. Məni çevrələyən toplumun başqa dəyərləri yoxdur. Ən böyük suç isə toplumumuzda baş alıb gedən qulluq, köləlik durumudur. Hamı bu durumdadır, hamı yuxarıda olanlara baş əyməkdədir, �sağ ol� deməkdədir. Bunu artıq bizim elimizin mentaliteti kini dəyərləndirirlər. Beləliklə mən gördüyüm kəslərin çoxusu doğruluqda kölədirlər, onların ruhları quldur. Belədirsə, onda bu millət doğru və özgür torlum qura bilməz. Kölələr doğruluq dolu ortamı yarada bilməzlər.

Məni çevrələyən toplumda yüksək amaclara, mənəvi ucalığa, doğruluğa qulluq edənlərin sayı yoxa yaxınlaşır, getdikcə də azalmaqdadır. Son zamanlar Tanrının bizdən uzaqlaşmasını, şeytani güclərin bizi yönətməsini duyuram. Hər yerdə şeytani ehtirasları, öyünməni, mənəviyyatsızlığı, pul-paraya tapınmanı, satqınlığı, dəyərsizləşməni, köləliyi görürəm. Doğruluq, düzlük, igidlik, özgürlük kimi dəyərlər itib getməkdədir. Bu dünya qaranlıq bir obaya çevrilib, buranın başçısı şeytani güclərdir. Burada yalnız ayrı-ayrı yuxarıda deyilən doğru dəyərlərin daşıyıcıları vardır. Ancaq onlara hamı gülür, dəli sayırlar, onları aşağılayırlar. Elə onlar da doğru olan Dünya Ruhuna qovuşacaqlar, qalanlar odda yanacaqlar. Bizdən ayrılmış Tanrı o tək qalanları gurtaracaq, çoxluq isə yox ediləcək.

Doğruluq və səmimiyyət bizim toplumu yox olmadan qurtarardı, ancaq bu olmayacaq. Bizim insanların çoxu o anlayışlardan o qədər uzaqdırlar ki, şeytani duyğulardan qurtara bilməyəcəklər. Buna görə bizim qurtulmağımız üçün heç bir şans yoxdur. Həqiqət nədir, bu toplum artıq bilmir. Göylərdə, o doğru Dünyada, bizim yer üzündə silinmək buyuruğu verilmişdir. Bu yaltaq kölə toplumun yaşamağa haqqı yoxdur, o silinməlidir.

Hamı deyir, yurdumuz irəliləməkdədir. Ancaq nədə? Yenə də maddiyatda, tikintilərdə, dışarı görkəmlərdə, parıltılı arabalarla saraylarda, kiməsə boyun əyməkdə, köləlikdə. Bu nə irəlləyişdir? Bu sadəcə bütpərəstlikdir, qızıl buzova tapınmadır. Məni çevrələyən toplum dağılacaq, bu adamlar yox olacaqlar, çünki Tanrı bizdən üz çevirib. Şeytani güclər buranı o qədər dərin olaraq ələ alıblar ki, bizim qurtuluşumuz olmayacaq. Biz ölümə doğru irəliləyirik. Bizi artıq şeytani yönətmə deyil, şeytani hava bürüyüb. Ancaq çoxluq bunu anlamır. Anlamırlarsa, onlar tapındıqları buzovun ayaqları altında basılıb öləcəklər. Öz sonunu gözlə, ey suçlu boy! Tapındığın büt sənin yaşamına tezliklə son qoyacaq!

Əvət, bu boyun çözümünü göylər artıq vermişdirlər. Ancaq azlıqda olan doğru insanlar üzülməsinlər. Doğruluq, düzgünlük onları atmayacaq. Onlarda olan inanc, ruh müqəddəsdir, onlar mütləq qurtulacaq, Dünya işığına qovuşacaqlar. Doğruluq öz ardıcıllarını yalğız qoymur, onlara yiyə durur. Buna görə, az da olsanız, doğruluğunuzu, səmimiyyətinizi, yüksək mənəviyyatınızı qoruyun. Çünki o, sizin qurtuluşunuzdur.

 


Сайт управляется системой uCoz