Kim Tanrının birliyini daha çox qəbul edir?

27 yanvar 2015

Bu gün yeni tələbə semestrində dərslərim baçladı. Fəlsəfə nədir? Onun mahiyyəti, tətbiq sahəsi mövzusunda mühazirə oxudum. Çoxlu maraqlı və ziddiyətli məqamlara toxundum. Varlıq və yoxluq, maddəçilik və idealizm, subyekt və obyekt. Dünyanın yaranması, insanın dünyada yeri haqqında çeşidli nəzəriyyələr dedim və s.

Tələbələr maraqla eşitdilər və sonra özləri də diskussiyalara girişdilər. Sonra bir tələbə dedi mənə ki, ay müəllim bu qədər maraqlı və düşündürücü şeylər eşitdim mən bu gün. Nə üçün bunu yox, hamı dini təbliğ edir? Bu ki dindən maraqlıdır.

Dedim ona ki, çünki xalq kütlələri düşünmək istəmir. Başqa yerdə bu söhbətləri etsən deyərlər ki, bunun ya başı xarabdır, ya da kafirdir. Bizim xalq kütlələri üçün rahatdır ki, dini rəvayətlər eşitsinlər ki, onlar da nağıl kimi bir şeydir. Qulağa da yaxşı yatır. Mənası da odur ki, kimsə möcüzə elədi, kimsə kiməsə nəsihət etdi və s. Heç nədən fikirləşmək gərək deyil. Hər şey yazılıb, deyilib. Ancaq inanmaq və əməl edilməlidir.

Sonra dünyanın yaranması haqqında materialist, idealist nəsəriyyələr haqqında düşünmək bu xalq üçün üzücüdür. Deyirlər əşi məndən nə istəyirsən? Qoy pul qazanım. Dünyanı Allah yaradıb, gurtardı getdi də. Gör nə qədər rahatdır bu bir kəlmə sənin ziddiyətli düşüncələrindən.

Sonda da bütün bunlara inandığın üçün sənə cənnət də vəd olunur. Deyəcəklər bəs sənin o fəlsəfən bizə nə verir? Beynimizi doldurarıq, əvəzində heç nə almarıq. Hələ deyirlər ki fəlsəfəçilər cəhənnəmlikdir. Orası azdır ki, çətinliyə salacıyıq özümüzü, hələ cəhənnəmə də düşərik.

Ona görə də fəlsəfə ancaq düşünən, həyatın mənasını axtaran müdriklər üçündür. Xalqın çoxu isə bundan uzaqdır. Ona görə də onlara dini nağıllar xoş gəlir. Onların qabağında fəlsəfəçilik etmə, kafir deyərlər sənə. Fəlsəfəni səviyyəli adamlarla bölüşərlər.