Dinsiz-peyğəmbərsiz tövhid

24 yanvar 2015

Din adamları deyirlər ki, güya təktanrılı dinlər olmasaydı, peyğəmbərlər gəlməsəydi insanlar anlamazdırlar ki, Allah birdir və bütpərəstlik ağılsızlıqdır.

Ancaq bunu anlamaq dinsiz və peyğəmbərsiz də olar və bu çox sadə bir işdir. Məgər bu tövhid riyaziyyatda inteqral tənliyi, ya da fizikanın mürəkkəb disturudur ki, çətin bir şey olsun? Tövhid heç elm də deyil, bu sadəcə bir məntiqi düşüncədir ki, hər bir düşünən adam bu fikrə asanlıqla gələ bilir dinsiz və peyğəmbərsiz. Yoxsa deyəndə ki kiməsə tövhidi öyrətmək lazımdır, təcüb edirsən ki, o nə çətin şeydir ki, o çağdaş insana illərlə öyrədilməlidir?

Örnək üçün qədim yunan filosofu Evgemer (e.ə. 360-260) heç bir dinsiz və peyğəmbərsiz qədim tanrıları inkar edirdi. Onun fikrincə bütün tanrılar əslində ölümlərindən sonra tanrılaşdırılan krallar və qəhramanlar idilər. Bu fikir evgemerizm adlanmışdır və buna görə onu allahsız adlandırmışdırlar.

Başqa örnək qədim yunan filosofu Ksenofandır (e.ə. V-VI yüzilliklər). O dinsiz və peyğəmbərsiz çoxtanrılı yunan panteonunu şiddətli tənqid etmişdir. O hesab edirdi ki, Olimpdə yaşayan yunan tanrıları əslində şairlər tərəfindən uydurulub və xalq fantaziyasından başqa bir şey deyillər. İnsanlar öz görkəmlərinə bənzən tanrılar yaratmışdırlar və hər bir xalqın tanrılar haqqında təsəvvürləri öz adətləri və dünyagörüşləri əsasında formalaşmışdır. Ksenofana görə, əgər öküzlərin, atların və başqa heyvanların şüuru olsaydı və onlar tanrıları təsvir etsəydilər, onlar elə o heyvanlara oxşayacaqdırlar.