Elmi "möcüzələr" haqqında

7 fevral 2015

Deyəndə ki müsəlman dünyasının böyük problemləri var, geridəyik, inkişaf etmirik, elmimiz yoxdur deyirlər yox, bizdən yoxdur. Sən nə danışırsan, bu kompyuter əlimin altında boş şeydir. Əsas odur ki, Quranda iki dənizin sularının qarışmaması haqqında deyilib (55:19-20). Bax əsas budur. O sular qarışmayıbsa, deməli tamam, biz heç nə etməyə bilərik, onlara deyərik "yerini bil, kafir oğlu kafir, biz 1400 il qabaq biləndə ki iki dənizin suyu qarışmır, sən harada idin?".

Mənim kimi müsəlmanlar da var ki elə kafirlərin tayıyıq. Biz qoymuruq bu müsəlmaları rahat yaşasınlar. Hər şeyə bir şübhə gətiririk. Bax məsələn mən bu iki suların qarışmaması məsələsi ortalığa çıxanda deyirəm ki, bunu birmənalı olaraq möcüzə kimi anlamaq olmaz. Çünki biz bunu etsək, onda başqa problemlər çıxır.

Örnək üçün qədim yunan filosofu Demokrit hələ Quranın yaranmasından 1200 il öncə deyib ki, bütün şeylər atomlardan ibarətdir və bu atomlar hərəkət edir. İndi Demokritdən 2000 il sonra mikroskoplar yaradıldı və hamı gördü ki Demokrit sən demə düz demişdir. Hər şey atomlardan ibarətdir.

Ya da başqa yunan filosofu Anaksimen demişdir ki, canlı orqanizmlər sudan ibarətdir. İndi 2200 il keçəndən sonra hamı bilir ki, doğrudan da bütün canlıların hüceyrələrinin tərkibi az qala 90% sudan ibarətdir.

Bu kimi örnəklər də çoxdur.

İndi nə edək? Quranda suların qarışmasını Allahın möcüzəsi adlandırsaq, bəs onda bu Demokritlə Anaksimeni nə edək? Onların təlimlərini də möcüzə elan etməli olacayıq. Etsək bunu anlaşılmazlıq çıxır, çünki onların ibrahimi din haqqında xəbərləri yox idi. İkisi də yunan materialist ənənəsinin nümayəndələri idilər.

Ya da razılaşmalıyıq ki, Qurandakı möcüzə heç də unikal və təkrarolunmaz bir şey deyil. Qurandan kənarda da bunun kimi möcüzələr vardır. Deməli burada təəccüblü bir şey yoxdur, normal şeydir.

Ona görə elmi möcüzələri Quranda axtarmaq lazım deyil. Onları yaratmaq lazımdır. O ingilis, yapon, yəhudu onları yaradır. Müsəlman isə bu kompyuter kimi möcüzə yaratmışa kafir deyib, gözünün qabağındakı möcüzəsini inkar edib, möcüzəni 1400 il qabaqlarda axtarlır. Tapanda da elə bilir işlər düzəldi. Ancaq yenə də Demokritlə Anaksimen kimi kafirlər ortalığa girib bu rahatlığı əldən alırlar.

Xülasə, atalar demişkən, müsəlmanın işi qalıb Allaha!