Azərbaycanlılar yaxşı millətdir

6 fevral 2015

Çox vaxt biz özümüz haqqında mənfi rəylərə rast gəlirik. Özümüz özümüzü bəyənmirik. Deyirik biz azərbaycanlılar adam olmadıq, bizdən pis millət yoxdur, biz geridə qalan adamlarıq, bizdə hər şey pisə doğru gedir, bizdə rüşvətxorluqdur, qanunsuzluqdur, "bura Azərbaycandır" və s. Elə bu FBdə də bu kimi fikirlərlə tez-tez rastlaşıram.

Ancaq başqa tərəfdən məgər biz o qədər pis millətik? Bəlkə bu bizə elə gəlir? Bəlkə bir-iki mənfi hallardan məyus olan kimi biz öz şəxsi emosiyalarımızı millətimizə yazırıq. Yəni öz mənfi subyektiv emosiyalardan çıxış edib mənfilikləri millətimizə yazırıq?

Təbii ki mənfi hallar, mənfi insanlar, xoşagəlməyən gerçəkliklər var və çoxdur. Bu da təbiidir. Millionlarla insan kütləsinin arasında hər şey olur. Ancaq başqa tərəfdən müsbət keyfiyyətlər, müsbət hallar da az deyil. Biz çox vaxt onlara fikir verməyərək ancaq pisliklərimizi qabardırıq və özümüzdən narazı oluruq.

Bu gün bir Şimali Qafqaz millətlərinin nümayəndəsi olan gözəl bir insanla danışdım. Onunla çoxdan yazışırıq, bu FBdə dostluq edirik. Çox mədəni, tərəqqipərvər düşünləli insandır. O mənə öz qafqazlılardan şikayət etdi. Dedi ki yorulmuşam mən bu adamlarla. Heç nəyi anlamaq istəmirlər. Tərsdirlər, geridə qalıb başları. Lovğalıq, təkəbbür aşıb daşır. Dedi son vaxtlar öz millətimlə heç ünsiyyətdə olmaq istəmirəm. Artıq səbrim tükənib. Bu adamlar heç vaxt düzəlməyəcəklər. Hər yerdə bizi biyabır edirlər. Utanıram deyim ki mən qafqazlıyam.

Bunu oxuyub ona təsəlli verməyə çalışdım ki, fikir eləmə, boş ver. Çünki biz azərbaycanlılarda da həmən şeylərə rast gəlinir. Bəzən elə mən də Rusiyaya çıxanda bizimkilərin orada hərəkətlərini görəndə utanıram.

Ancaq o qafqazlı dedi mənə ki, yox. Azərbaycanlıların arasında belə hallar çox olsa belə qafqazlılara çatmazlar. Onlarda nə qədər nöqsan olsa belə qafqazlılara çatmazlar. Normal insanların sayı isə pislərdan dəfələrlə çoxdur. Dedi ki, mən çox sevinərdim azərbaycanlı olsaydım.

Bunu oxuyanda dedim özümə ki, doğrudan da biz özümüzü çox zaman aşağılayırıq, ancaq yaxşı cəhətlərimizdən danışmırıq. Qıraqdan isə bizi başqa gözlə görürlər. Deməli bu qafqazlı təəssüf edirsə ki azərbaycanlı deyil, deməli biz əslində dəyərli millətik.

Ona görə də gəlin yenə də özümüzü tənqid edək. Tənqid yaxşı şeydir, o inkişafa aparır. Ancaq bunu edərkən həmdə yaddan çıxartmayaq ki, əslində biz heç də dünyanın ən pis milləti də deyilik. Hətta başqa millətlərin bəzi nümayəndələri təəssüf edirlər ki azərbaycanlı deyillər.