Nə üçün insanlar dinə inanır?

6 fevral 2015

Fəlsəfədən dərs aparanda materializmdən danışmalı oluram. Onda tələbələr girişir mənə ki, ay müəllim, belə şeylər danışırsınız ki, biz başa düşmürük, siz Allaha inanırsınız, bəlkə ateistsiniz? Deyirəm, ay gənclik, mən fəlsəfi təlimi sizə başa salıram, burada mənim nəyə inandığımdan söhbət yoxdur. Deyirlər yox, siz özünüz nəyə inanırsınız? Qalıram belə, bilmirəm nə deyim bunlara.

Hələ bu materializmdir. Sonra bəs Aristoreldən, neoplatonçulardan, stoiklərdən danışanda soruşacaqlar ki, ay müəllim, məgər siz müşriksiniz, Allahın birliyinə inanmırsınız? Onda nə edəcəyəm bilmirəm...

İş o yerinə çatıb ki, bir tələbə qız mənə deyib ki, fəlsəfəni öyrənmək istəmir, çünki o dinə qarşıdır.

Bu gün yenə də bu kimi suallarla qarşılaşanda dedim tələbələrə ki, yaxşı gəlin Allaha inancdan danışaq. Bax siz indi öz inancınızdan danışırsınız. Ancaq əslində siz hamınız ancaq ona görə dindən yapışmısınız, çünki ölümdən qorxursunuz. Deməli sizin dinçi olmağınızın səbəbi Allaha olan sevgi hissi deyil, ölüm qorxusudur. İndi sabah elm ölməzliyi kəşf edən kimi sizim dininiz də olmayacaq.

Dində olmağınızın ikinci səbəbi də namus-qeyrət məsələsidir. Hər bir azərbaycanlı kişi qorxur ki, birdən onun bacısı, qızı ya da arvadı ayağısürüşkən olar. Ona görə də dinçi olub onları da dinə gətirmək istəyir ki, namusuna toxunmasınlar. Deməli onlar üçün din Allahı sevmək deyil, namusu qorumaq vasitəsidir.

Qadınlar da zəyifdirlər, həyatdan qorxurlar deyə, ya da özlərini namuslu görtərib ərə getsinlər deyə dinçi olurlar. Bu da Allah sevgisindən deyil.

Bunu deyəndən sonra tələbələr susdular. Sonra biri qalxıb dedi ki, doğrudan da belədir. Dedim onda əslində siz dindən çox danışıb ona inanmırsınız, siz ondan qorxursunuz.

Bu düşüncə təkcə sizdə deyil, insanların çoxundadır. Ona görə məni fəlsəfədən ayırmayın, fəlsəfəni öyrənin. Çünki bəlkə fəlsəfəni bilsəniz Allaha görə dinə gələrsiniz. Yoxsa fəlsəfədən qaçsanız, həyatı boyu dində deyil, qorxuda olarsınız.