Fəlsəfənin yetərliliyi haqqında

17 fevral 2015

İndi yeniliklərdə oxudum ki, Bakıda insanlar cumublar puldəyişmə yerlərinə və manatları avro və dollarlara dəyişirlər. Çünki dünən bank rəsmiləri bildirdilər ki, bundan sonra manatın sabitliyi pozula bilər.

Bunu oxuyuub dedim özümə ki, nə xoşbəxt adamam. Pulum yoxdur və heç nədən narahat deyiləm. Qoy manat ensin ya qalxsın, mənə nə? Zəruri tələbatlarımı ödəyəcək qədər puldan başqa mənə heç nə lazım deyil. O da çoz az məbləğdir, onu həmişə qazana bilərəm.

Burada böyük Roma filosofu Seneka yadıma düşdü. O çox varlı adam idi, imperator Neronun yaxın adamı olmuşdur. Ancaq sonra Neronun onunla arası dəyir və onun əmri ilə Senekanın bütün varı, əmlakı, pulu əlindən alınır, müsadirə edilir. Bu barədə Senekaya yaxınları təsəlli verməyə başlayanda o dedi onlara ki, ona yazıqları gəlməsin. Seneka dedi: "Mənə heç nə gərək deyil, çünki mənə FƏLSƏFƏ YETƏR".

İndi bu harayı görəndə mən də böyük Senekanın dediyi kimi deyirəm: "Nə yaxşı ki bu dünya malına, vara-dövlətə, pula bağlı deyiləm. Nə xoşbəxtəm ki, mənə yalnız FƏLSƏFƏ YETƏR".

Əslində də ən böyük var-dövlət fəlsəfədir. Onun məzənnəsi manat kimi qalxıb-enə bilməz. O varsa var, yoxdursa yoxdur. Varsa, insanla əbədi olaraq qalır. Təəssüf ki, bunu çoz az adam başa düşür. Anlasaydılar onlar bilərdilər ki, o puldəyişmədə dayananlar, ya da millionerlər zəngin adamlar deyil. Çünki maddi var-dövlət bu gün var sabah yox, həmdə o insanın canına, mənəviyyatına girmir. İnsanların çoxu varlı olsalar da, ancaq ruhları yoxsuldur, boşdur. FƏLSƏFƏ İLƏ YETƏRLƏNƏN az insanların isə ruhları doludur, varlıdır. O da insanı heyvandan fərqləndirir. Həmdə müdriklik öləndən sonra maddiyat kimi qurtarmır, yaşayır, Mütləqə qovuşur. Maddiyatla yüklənənlərin ruhları isə ağırlaşır və zülmətə düşür, çünki Mütləqə doğru qalxa bilmir.