Gəncliyimizin ibtidai düşüncəsi haqqında

17 fevral 2015

Orta çağlar fəlsəfəsi mövzusunda mühazirə oxuyanda mənə çoxlu suallar verildi. Çünki bu dövrdə dini dünyagörüş önəmli idi. Din də ki bizdə indi ateizmin yerini tutur deyə hamıya maraqlıdır. Beləcə gah dinçi oluruq, gah ateist. Orta durumumuz yoxdur.

Bir qız da birdən dedi ki, bir qonşusu gildə yanğın oldu, hər şey yandı. Ancaq bircə Quran yanmadı. Dönüb mənə soruşdu ki, bu məgər Allahın möcüzəsi deyil?

Dedim ki, məncə hər şey əksinə olsaydı mən bunu Allahın möcüzəsi kimi qəbul edərdim. Yəni əgər o kişinin evinə od düşüb, təkcə Quran yansa idi, o möcüzə olardı. Çünki o boyda odda bir kitab yanardı və ev salamat qalardı. Yoxsa o yetimin bütün evi yanıb, varı-əmlakı məhv olub, nə var ki Allah möcüzə göstərib bir kitabı yandırmayıb? Bu Allaha mı yaraşır?

Bundan başqa, siz hardan bilirsiniz ki o evdə başqa kitab yanıb ya yox? Axı hamının fikri həmişə Quranda olur. Kimdir məsələn Fizika dərsliyinə fikir verən? O yanmasa belə, ona fikir verən olmaz.

Daha sonra dedim bir neçə əsr qabaq nəyinki Quran, Məkkə, Kəbə, müqəddəs yerlər yanmışdır. Bəs onda nə üçün Allah yanğından o yerləri qurtarmadı?

Yenə dedim ki, ay qız lap elə tutalım ki Quran yanmayıb. İndi onun yanmaması məqər Allahın varlığına dəlalət edir?

Qız da elə bil məni eşitmir. Deyir möcüzədir.

Onda döndüm başqa tələbələrə və dedim: "Siz nə düşünürsünüz bu barədə?" Onların hamısı da dedi ki, ay müəllim siz Allaha inanmırsınız, ateistsiniz.

Nə qədər çalışdım onları düşüncələrə dəvət edim, alınmadı. Bundan sonra fikir götürdü məni ki, bu gənclik düşünmək istəmirsə, dinə bu qədər düşüncəsiz tapınırsa, fikirləşməyə qorxursa, bizim gələcəyimiz nə olacaq? Bu gəncliklə biz normal ölkə qura bilərikmi? Qarabağı azad edə bilərikmi? Elmi-texniki tərəqqi əldə edə bilərikmi? Yox.

Deməli bizi gələcəkdə qaragüruh, təsübkeşlik, dini fanatlıq, mövhumatlar və zəlalət gözləyir.