Elm və axirət

22 fevral 2015

Deyir mənə dindarlar ki, sənin fəlsəfən boş şeydir, boşboğazlıqdır. Elm Qurandır. Deyirəm onlara ki, onda siz nə üçün məktəblərə, universitetlərə gedirsiniz? Elə oturun evinizdə Quran oxuyun. Orada siz inteqral tənlikləri, kimyavi reaksiyaları, Avstraliya aborigenləri tarixini və bütün dünya elmini taparsınız. İndi mən fəlsəfəçi koram bunu orda görmürəm. Mənim gözlərimi Allah bağlayıb. Siz ki görürsünüz.

Evdə oturub elm (Quran) öyrənmək nə gözəl! Həm alim olarsınız, həm də cənnətə girərsiniz, hurilərlə şərab çayları önündə keyf edərsiniz. Yoxsa kül mənim başıma fəlsəfə elmini öyrənib hara gedəcəyəm? Ancaq cəhənnəmə. Orada fəlsəfə olacaq od, məni yandıracaq. Siz də hurilərlə keyf edərək deyəcəksiniz mənə ki, gördün sənin axırın nə oldu? Yaxşıdır sənin fitnələrinə uymadıq.

Siz məktəblərə universitetlərə gəlirsiniz. Bu da təhlükəlidir. Axı orda mənə rast gəlib fəlsəfə eşidərsiniz. Bu da axirətinizə ziyanlı olar. Məsələn 72 huri yox, 10 huri verərlər orda sizə.

Ancaq mən sizə onun da yolunu göstərim ki, axirətdə işləriniz düzəlsin. Orda o boyda sonsuz kainatı yaradıb yönətən Allah sizin üçün vaxt tapıb mühakimə edəndə bu sualı verəcək. Onda siz ona deyərsiniz ki, çarəsiz olmuşduq. Nə edək? Ölkə kafir idi, evdə elmi (Quranı) öyrənmək üçün bizə diplom vermirdi. Ona görə məcbur olduq məktəblərə, universitetlərə gedək ki onu alaq.

O diplomları da məcbur olduq alaq ki, balalarımızı dolandıraq. Nə etməli, balalarımız var idi axı...

Onu da əlavə etməyə unutmayın ki, ya Allah, vallah o məktəb-universitetlərdə o küfr elmini oxumadıq. İllərlə orada olduq, ancaq o kafir elmi nə olan şeydir bilmədik. Min bir əyriliklərlə bir təhər imtahanları verib diplom aldıq ki, evə qayıdıb, yenə də elm (Quran) öyrənək.

Bunu deyən kimi sizə bəlkədə istisna olaraq 72 yox, 144 huri mükafat verilər. Axı siz əzablardan keçdiniz!