Qiyamət nə vaxt qopacaq?

26 fevral 2015

Bütün dinlərin əsas problemi ondadır ki, Qiyamət qopmur. Qopmursa, onda deməli insanlıq inkişaf edir, zaman irəliləyir, dindən aralanma baş verir. Bu olanda da dini mətnlər köhnəlir, din aktuallığını itirib mövhumata çevirilir. Öz dövrünə aid olur. Məsələn Quranda, Bibliyada quldarlıq var, qulların hökmü barəsində deyilir. Ancaq bu gün quldarlıq yoxdur. Ancaq kriminal aləmdə insan alveri var ki, bu da kriminaldır. Deməli o ayələr köhnəlib.

Ya da cizyənin alınması. Bu gün dünya dəyişib. Cizyə-xərac kimi rüsumlar nə iqtisadi, nə də əxlaqi baxımdan məqsədə üygun deyil. Səmərəsizdir.

Zinaya görə cəzanın tətbiqi artıq ədalətsizdir. Çünki inkişaf getdikcə orta ərslərin yaşamı ortalıqdan çıxır, şəhərləşmə gedir, informasiya texnologiyaları işə düşür. Ona görə də qadınların kişilərlə təmasda olması adi hala çevirilir. Bu şəraitdə cəzanın tətbiq edilməsi ədalətsiz olur, çünki günahın səbəbi (şəhərləşmə Ayfonlar, İnternet və s.) deyil, nəticəsi cəzalanır.

Getdikcə inkişaf davam edəcək və insanlar kosmosda yaşayacaqlar. Qiyamət qopmasa bu mütləq olacaq. Artıq Marsda yaşamanın layihələri var. Orda isə nə Kəbə, nə Mədinə olacaq. Heç qibləni də tapmaq olmayacaq. Dini qanunlar ümumiyyətlə işləməyəcək, çünki bu artıq başqa dünyadır.

Qiyamətin qopmasını hələ zərdüşdilər, sonra yəhudilər, xristianlar minilliklərlə gözlədilər. Ancaq olmadı. Müsəlmanlar da artıq 1400 ildən çox gözləyir, ancaq qopmur. Roma imperiyasındakı zülmlər, 2 dünya savaşları, atom bombasının atılması kimi dəhşətlər qiyamətə gətirmədi. Monqollar İslam aləminin darmadağın edəndə müsəlmanlar elə bildilər ki, dünyanın sonu gəlib. Ancaq gəlmədi. Dünya yenidən dirildi.

Qiyamətin qopması heç olmasa ona görə lazımdır ki, müsəlmanlar cənnətə girsinlər. Yoxsa minilliklərlə ibadət edən insanlar cənnətdə deyillər, ölüdürlər. Cənnətə girmək üçün yenə də Qiyamət olmalıdır. Belə çıxır ki, hələ də ibadətlərin, mömin həyatın mükafatı verilməmişdir. Minilliklər keçir, dindarlar isə cənnətdə deyillər. Nə vaxt olacaqları da bilinmir.

Bir maraqlı fikir də var bu barədə. Xristian ilahiyyatçısı Origen (3-cü yüzillik) bütün bunları düşünərək hesab edirdi ki, əslində Qiyamət yeni dünyanın yaranmasıdır. Yəni həyat tamam olmayacaq. Sadəcə bir dünyanın məhvi yeni dünyanın yaranmasına gətirir və bu da Qiyamətdir. Qiyamətlər çox olur. Hər dünyanın sonu və yeninin başlaması bir Qiyamətdir.

Deməli, Origenə görə Roma imperiyanın süqutu, monqolların hücumları, dünya savaşları köhnə dünyanın məhv olub yenisinin yaranmasıdır, bu da Qiyamətdir. İnsanlar Marsda yaşayandan sonra Yer məhv də ola bilər. Ancaq onda həyat Marsda və başqa planetlərdə davam edəcək. Bu da Qiyamətdir.

Bu gün biz elə Origenin qiyamətini müşahidə edirik, rəsmi dinin dediyi qiyaməti yox. Bəlkə o vəd olunan Qiyaməti doğrudan da məcaz kimi qəbul edib, dünyanın yenilənməsini nəzərdə tutaq? Bəlkə də. Nə üçün yox? Axı hələ ki biz bunu görürük.