Müsəlman elminin bu günü

23 fevral 2015

Dedilər mənə ki, bu rus, ingilis, fransız və s. İnternet məkanına girəndə, ürəyin nə istəyir tapırsan. Ən nadir kitab, məqalə olsa belə mütləq taparsan. Dünyada elə bir şey yoxdur ki orada onu görməyəsən. Özü də tam havayı, pulsuz. Təki elmlən. Alim, mühəndis, düşüncə adamı, tələbə, dissertant, maqistrlər üçün bu bir möcüzədir.

Ancaq girirsən Azərbaycan, türk, ərəb, fars və s internetlərinə, önəmli bir şey yoxdur. Bir-iki şey olsa da müəlliflər qoyurlar hər şeyi pullu saytlara ki, pul verib oxuyasan. Soruşdular nə üçün belədir?

Dedim ki, müsəlman dünyası inkişafdan çoxdan üzülüb. Bunlar deyir Quran elmdir. Bundan sonra başqa nə elm olar? Var İnternetdə Quran, hədislər, bir də müctəhidlərin fətvaları. Bu da elm. Daha nə elm istəyirsiz?

Başqa tərəfdən ənənə, milli mədəniyyət də süstlüyə, sükunətə çağırır. Bir fəaliyyət göstərsən, deyirlər "palaza bürün ellə sürün". Nəyinə gərəkdir? Özünü bizdən ağıllı sayırsan? Get ailəni saxla pul qazan. Vəssalam. Bu da ənənəvi düşüncəmiz. Bununla nə kəşflər etmək olar? Çox səsini çıxartsan deyərlər binamussan. Goy həyatımızı sürək. Bizi biqeyrət edərsən.

Bu milli-dini keyfiyyətlərdən də fəaliyyət görüntüsü yaranır. Güya nəsə edirsən, ancaq əslində yerindən tərpənmirsən. Məsələn bizim alim bir dəfə doktor olub bir-iki kitab yazıb. Bununla da tamam olur. Deyir məndən yoxdur. O 20 il öncə yazdığı kitabları da qoyur satışa ki, tələbələr onu alsın, bu pul qazansın. 40 il keçsə də o bir dəslikdən pul qazanmaq istəyir. Yeni ixtiralar, yeni işlər görmür. Elə bilir bu bir dəfə doktor oldu bununla da dünyanı fəth etdi. Dindirirsən bizimkiləri, hamısı 20 il öncə nə etdiyini deyir. Bu günü və gələcəyi yoxdur bizim müsəlman camaatının.

İnternet də elə bunun göstəricisidir. Hardan güclü işlər, məqalələr olsun ki, hamı bir dəfə nəsə ruslardan və qərblilərdən köçürüb doktor olub və elə bilib ki dünya bitti? O elədiyini də 60 il keçsədə pula çevirmək istəyir. Ömür boyu bir kitabdan pul qazanmaq istəyir. O onu heç internetə də qoymaz, yoxsa pulu kəsilər. Qoysa da, internetdə də pullu saytlara qoyar.

İngilis, rus, fransız, çinli, yapon isə bu gün elədiyini sabah unudur. O daim kəşf edir. Dünən yazdığından bir il pul qazanıb, onu internetə qoyar. Daha ondan pul gözləməz. O yeni işlər, ixtiralar edib yeni kitablar yazır və az sonra onları internetə qoyub yeni işlərə keçir. Daim inkişaf gedir. Onların cəmiyyətləri buna bütün imkanları yaradıb.

Ona görə də müsəlmanın işi həmişəki kimi qalıb Allaha. Burda nə tərəqqi, nə İnternet? Qiyamət də gəlib çıxmır ki, heç olmasa bunları Allah cənnətə salsın. Beləcə də qalmışıq havada. Nə bu dünyada bir şey edə bilirik, nə də cənnətə girə bilmirik. Yazıqlar olsun müsəlmanlara.