Din və bizim varlığımız

21 mart 2015

Hamı mübahisə edir ki, Allah var ya yox, Quran nazil olub ya yox, peyğəmbərlər haqdır ya yox və s. Buna görə də bir-birini aşırı dinçilikdə ya ateizmdə suçlayırlar.

Ancaq dərindən düşünəndə bütün bu çəkişmələrin heç bir mənası yoxdur. Var Allah, peyğəmbər, Quran ya yox? Ondan insana nə? Var yaxşı, olmasa da əslində heç bir problem olmaz. Onlar varsa da yoxsa da biz yaşayacayıq, yaradacayıq, sevinəcəyik, kədərlənəcəyik, elmlənəcəyik və s. O boyda Çin mədəniyyətində Tanrı və tanrılar anlayışı olmayıb və indi də yoxdur. Onlar məgər bizdən nəiləsə fərqlənirlər? Onların həyatı bizdən geriyə qalmır, hətta irəlidədir.

Bunlar var ya yox - yaşamaq, fəaliyyət göstərmək, inkişaf etmək, mədəniyyət qurmaq lazımdır. Çünki son nəticədə bu dünyada biz yaşayırıq, biz öz problemlərimizi çözməliyik. Məlakələrin göylərdə olub-olmaması bizə yardım etməz. Bu dünyada bir qanun işləyir. O da səbəb-nəticədir. Biz nəsə etməli, qurmalı, düzəltməliyik ki, o olsun. Səbəbsiz möcüzə ilə heç nə olmur. Möcüzələr ancaq rəvayətlərdədir. Onlar olubsa da, yalnız keçmişdə olub. Biz yaşadığımız dünyada möcüzə yoxdur. Ona görə möcüzə haqqında Quranda deyilibsə də ondan bizə nə? İndi ki bu yoxdur. Deməli bizim həyatımıza bunun heç bir təsiri də yoxdur.

Eləcə də cənnət-cəhənnəm məsələsi. Var cəhənnəm ya yox? Bunu biz nə təsdiq, nə də inkar edə bilmərik. Çünki oradan bizə bir xəbər gətirən olmayıb. Müqəddəs kitablarda olanlar inancdır, sübut olunmuş faktlar deyil.

Ancaq bu əsas məsələ də deyil. Nə fərqi var bizim üçün cənnətin-cəhənnəmin olub-olmamasından? Məgər bu inanc kimisə bu günə qədər cinayətdən çəkindirmişdir? Məgər inanan insanlar yalan danışmır, qeybət etmit, fitnələr törətmir? Cəhənnəm odunun qorxusu heç də onları bu əməllərdən çəkindirmir. Uzaq başı o əməlləri təmizə çıxardıb, onları zərurətlə izah edirlər, dini don geyindirirlər.

Düzlük, insanlıq, mədəniyyət, mənəvi yüksəliş kimi anlayışlar qazanılır. Onları qazanmaq üçün insan öz üzərində işləməlidir, dünyagörüşünü genişləndirməlidir, təbiətini düzəltməlidir. Yoxsa cəhənnəm qorxusu ilə bu keyfiyyətləri əldə etmək mümkün deyil.

Cənnət-cəhənnəm oldu ya olmadı, biz xeyir işlər görməli, başqasına ziyan yetirməməli, təbiətlə düzənli yaşam sürməliyik. Bunu etsək, cənnət varsa da ora düşərik. Yoxdursa, heç olmasa bu dünyada layiqincə yaşayıb başqalarına da imkanlar yaradarıq.

Beləliklə biz varıq və bizim aləmimiz var. Biz bu dünyada yaşayırıq və varlığımız haqqında düşünüb fəaliyyət göstərməliyik. Dini anlayışların arxasında nə qədər gizlənsək belə özümüz özümüzdən heç zaman qaça bilməyəcəyik. Din oldu-olmadı, bizim problemlərimiz özümüzə qalacaq.