Müsəlman təşkilatları haqqında

24 mart 2015

Deyirlər İslam milli və dini ayrıseçkiliyə qarşıdır. Ola bilər. Dini mətnləri belə də yorumlamaq olar. Hər şey yorumçunun əlindədir. İstəsə hər şeyi dini mətndən çıxarda bilər.

Ancaq məsələ dini mətndə deyil, gerçəklikdədir. Bir fikirləşək ki, İslamda ayrıseçkilik yoxdursa (bəyan edildiyi kimi), onda nə üçün Müsəlman dövlətlərinin birlikləri (İslam konfransı təşkilatı), Müsəlman mədəniyyətinin qorunması təşkilası (İsesko), İslam bankları və s. qurumlar var? Bundan başqa məhz müsəlmanlar milli əlamətinə görə birliklər yaradır. Məsələn Ərəb dövlətləri birliyi, ya da Türk birliyi.

İndi başqalarına baxaq. Kim milli və dini əlamətinə görə qurumlar yaradır? Kimsə Xristian birliyi dövlətləri adını eşidir? Ya Xristian mədəniyyətinin qorunması təşkilatını? Bəlkə kimsə Buddist bankları olmayışını eşidib? Ya da Konfusian birliyi haqqında? Ya da bəlkə Alman, Slavyan, Roman millətlərinin birliyi təşkilatı var dünyada?

Çağdaş dünya milli və dini ayrıseçkiliyin ortalıqdan götürülməsinə doğru gedir. Sözdə yox, gerçəklikdə. Müsəlmanlar isə sözdə milli-dini ayrıseçkiliyə qarşıdırlar, ancaq gerçək olaraq bunu edirlər.

Maraqlı da bəhanə gətirirlər. Deyirlər İslamda ayrıseçkilik yoxdur. Halbuki elə "İslamda" deyəndə bu elə ayrıseçkilikdir. Çünki belə çıxır ki hamı İslamın çərçivəsində olmalıdır, ona sığmalıdır. Bu iddianın özü elə ayrıseçkilikdir, başqa fikirləri, dinləri, baxışları inkar etməkdir.

Belədirsə, onda deyəndə ki kimsə müsəlmanlara qarşıdır, müsəlmanlara qarşı qəsdlər törədilir, müsəlmanları sıxışdırırlan, nəyə təəcüb etmək olar? Əgər müsəlmanlar hər şeyi İslam və müsəlman qurumlarında görürlərsə, özlərini başqalarından ayırırlarsa, onda başqaları da onlara qarşı şübhələrlə yanaşacaqlar. Bu ziddiyətlərin mübarizəsi qanununa uyğundur.

Əgər müsəlmanlar doğrudan da milli-dini ayrıseçkiliyə qarşıdırlarsa, onda bu kimi qurumlar və təşkilatlar olmamalıdır. Siyasi mədəni qurumlar milli-dini əlamətinə deyil, maraqlar və iqtisadi amillər üzərində qurulmalıdır. Din və millət isə hər insanın şəxsi işidir. Onları siyasətə, iqtisadiyyətə qatmazlar. Onda olar dözümlülük. Yoxsa müsəlman adı ilə birləşmə başqalarının inkar edilməsidir. Bununla dünyaya inteqrasiya olunmaq olmaz.

Özü də bu İslam, Ərəb, Türk birlikləri yaradıb nəyə nail olublar müsəlmanlar? Bir addım da irəliləyə bilməyiblər çağdaş dünyada. Heç bir mənası və gerçək nəticələri olmayan qurumlardır bunlar. Bir səmərəsi və nəticəsi yox, ancaq dünyada müsəlmanların özlərini pis vəziyyətdə qoyur bunlar.