Allaha yalnız inanmaq kifayətdir

3 aprel 2015

Bu din adamları həmişə deyirlər xeyir işlər görün. Belə eləsəz, Allah sizdən razı olar, cənnətə girərsiniz. Ancaq o xeyir işin mahiyyətinə varanda görürsən ki, heç belə anlayış əslində yoxdur.

Bax bu gün yas yerində idik öz fəlsəfə institutumuzun əməkdaşları ilə. Molla deyir xeyir işlər görün! Bunu deyəndə döndüm həmkarlarıma və dedim ki, bu din adamları xeyir işə nə deyirlər? Bax məsələn mən bir yazığa yardım etdim. Bu xeyir işdir? İlk baxımdan hamıya bu xeyir kimi gəlir. Ancaq bu yazıqlara yardım etməklə onlar sabah sənin özünə qarşı çönə bilərlər. Ya da cəmiyyətə ziyan verə bilərlər. Çünki məzlumlar həmişə onlara kömək edənlərin qənimi olurlar. Nitsşe boş yerinə deməmişdir ki, yıxılana kömək etmə, "yıxılanı itələ ki, ölsün".

Bu məzlimlar azmı gözəl insanların evini yıxıblar? Bir də görürsən bu məzlumlar birləşib dəyərli insanı təkləyib onun sonuna çıxırlar. İndi bunlara yardım etmək xeyirdir? Bu çətin fəlsəfi sualdır.

Ya da əxlaq. Deyirlər əxlaqlı ol. Yaxşı əxlaqlı olduq bədənlə. Bəs mənəviyyat? Bir qadın fahişədir, ancaq heç kəsə ziyan yetirmir. Başqası ərinə sadiqdir, ancaq fitnəkar, yalançıdır. İndi onlardan kim əxlaqsızdır? Bu da fəlsəfi sualdır. Birmənalı kim ona cavab verər?

Ya da deyirlər xeyir-şər. O nədir? Eyni şey mənim üçün xeyir başqası üçün isə şər ola bilər. Onda nə edək?

Ona görə də Allah qatında xeyir əməl nədir bilinmir. Hər halda din adamlarının anladığı şey deyil. Ümumiyyətlə mən düşünmürəm ki, Allah insana əməllərinə görə mükafat ya cəza versin. Ona görə ki xeyir-şər, yaxşı-pis, əxlaq-əxlaqsızlıq və s. anlayışlar nisbidir. Əslində Allaha yalnız inanmaq lazımdır, bu da kifayətdir. Əməl Allah üçün heç bir əhəmiyyət kəsb etmir. Yaşam isə öz təbiətinə uyğun olmalıdır. Təbiətin nədirsə elə yaşa. İnsan özü xeyir-şərin, yaxşı-pisin, əxlaq-əxlaqsızlığın ölçüsü və meyyarıdır. Məqsəd başqalarına ziyan yetirməmək və təbiətə uyğun yaşamaqdır. Bunu hansı yolla elədin öz işindir.