Filosof kimdir?

11 aprel 2015

Fəlsəfə sahəsinə gəlməyin 2 çür səbəbləri var. Biri balaları dolandırmaq, ad qazanmaq, müəllim olmaq, vəzifə tutmaq, iş tapmaq, özünü təsdiq etmək və ikincisi filosof olmaq.

Birincilər çoxluq təşkil edir. Onlar fəlsəfəni yaşamırlar, fəlsəfə onların ruhuna girmir. Onlar çörəyi çeynəmiş, ancaq onu udmamışlardır. Bəli onlar nəyisə oxuyub bilə bilərlər. Ancaq fəlsəfəni bilmək azdır. Onu yaşamaq lazımdır, o ruha girməlidir.

İkincilər isə tək-tük olur. Onlar üçün fəlsəfi nəzəriyyələri bilmək ümuminin heç 1%-nı da təşkil etmir. Onlar bilikləri ilə yox, halları ilə yaşayırlar. Fəlsəfə onların qanında axır, ruhları fəlsəfədir. Onlar üçün dolanmaq, balalar, pul yoxdur. Yalnız xeyrə çatmaq var. Onu da sözlə ifadə etmək olmur. Bu hal yaşanmalıdır.

Əslində filosoflar ikincilərdir. Fəlsəfə doktorları çoxdur, ancaq onlardan hansının ruhu fəlsəfə ilə doludur? Kim fəlsəfəni hər şeydən önə çəkir? Kimin üçün yalnız fəlsəfə yetər?

Bir kərə mənə bir tanışım dedi ki, bir filosof var, yüksək elmi dərəcəsi var, müəllimdir, biliklidir, kitablar müəllifidir. Ancaq son zamanlar işdə və evdə problemləri var. Vəzifəsi olub, ancaq çıxmalı olub. Dolanışığı çətinləşib. Ailəsi, balaları var. Ona görə də dərin depressiyaya düşüb, özündə deyil.

Dedim ona ki, əslində o elə vəzifə və balalar üçün fəlsəfə elminə gəlib. Ona görə də bunlar onun üçün problemlər yaradır. Əsil filosof belə şeylər üçün depressiyalara düşməz, çünki onun üçün fəlsəfə elə balalar və vəzifədir. Fəlsəfə də o adamın ruhunda olur, o fəlsəfə ilə yaşayır. Belə olanda elə fəlsəfə də filosofa həyatın sınaqlarından çıxmaq yolunu göstərir. Həmdə həyatın mənası bəlli olur.

Ancaq balaları dolandırmaq üçün fəlsəfə sahəsinə gələn adamın ruhu fəlsəfə ilə yaşamadığına görə, o başqa adamlardan fərqlənmir. Kitablar yazıb, ancaq ruhu boşdur. Bir kərə soruşdum bir fəlsəfə doktorundan ki, o məruzələrində dediklərini, araşdırdıqlarını özün yaşayırsan? Dedi yox, olmaz, mən belə şey eləmərəm, ayıbdır, deyərlər dəliyəm. Dedim onda sən filosof deyilsən.

Kimin ruhunda fəlsəfə varsa o da filosofdur. Diplom alıb, doktor olan, müəllimlik edənlər hələ filosof deyillər. Sürüçü, süpürgəçi, həkim, mühəndis fəlsəfə ilə yaşayırsa, onun qəlbində fəlsəfə varsa, o fəlsəfəni sevirsə, onda elə o da filosofdur. O kitab yazıb müəllimlik edən doktor yox, məhz o sadə adam filosofdur.