Tanrılar haqqında

16 may 2015

Bir dindar qadın var. Allahdan danışır, ibadət edir, oruc tutur və s. başı da bağlıdır. Təbii ki, əxlaqdan bol-bol danışır. Ancaq özü insanları acılayır, qaraqışqırıq salır, həyasızlıq edir, haqsız yerinə işlərini düzəltmək üçün hamıya şər atır. Deyirlər bəs bunun dini necə oldu? Məgər dindar olub bu sifətlərdə olmaq olar?

Mən də dedim ki, o qadın öz tanrısına inanıb ibadət edir, bizim isə öz tanrılarımız var. Onun tanrısı o qadını bu hərəkətlərə alışdırır, bizim tanrılarımız isə bizə başqa şeyləri buyurur.

Dedilər mənə ki, əstəğfirullah, Allah birdir və şəriki yoxdur. Dedim təbii ki, hər şeyin Birdən başlaması məntiqidir. Çünki istənilən durumda varlığın ilki olmalıdır ki, ondan hər şey törənsin.

Ancaq eyni zamanda Allahın bir olması o demək deyil ki, insan beyinlərində, düşüncəsində o eynidir. Çünki hər bir insanın tərbiəsi, mədəniyyəti, dünyagörüşü, çevrəsi, düşüncə tərzi, anlama dərəcəsi və s. fərqlidir. Ona görə də istənilən şeyə münasibət mütləq fərqlidir.

Bundan başqa biz dünyanı duyğu orqanlarımızın vasitəsi ilə qavrayırıq, dərk edirik. İnsanın bir neçə düyğu orqanları vardır, onlar isə eyni şey haqqında fərqli xəbərlər verir. Örnək üçün bal ilk baxımdan ikrah hissi doğurur, ancaq o dadlıdır. Ona görə də bilinmir ki, onlardan hansına üstünlük verilməlidir. Deməli duyğu orqanları bizə fərqli bilgilər verir.

Bundan sonra duyğularla gələn xəbərlər düşüncə ilə qavranılır və şeylər haqqında nəticələr çıxarılır. Burda da problemlər yaranır. Gəlinən nəticələr məsafə və yerin təsiri altında irəli sürülə bilər. Hər bir şey tutduğu məsafə və yerdən asılı olaraq bizə müxtəlif cür görsənir. Örnək üçün gəmi uzaqda kiçik, yaxında isə böyük görsənir.

Başqa canlılarda da belədir. Canlıların duyğuları fərqlidir, hər bir canlı dünyanı özünəməxsus tərzdə görür və qavrayır. Örnək üçün bizim ağac gördüyümüz şeyin üstündə gəzən qarışqa o ağacı bəlkə də yol kimi görür. Deməli eyni şey çeşidli canlılar üçün müxtəlif görsənir. Beləliklə biz şeylərin yalnız bizə görsənən özəlliklərindən danışa bilərik. Onların təbiəti haqqında heçnə deyə bilmərik.

İndi biz çevrəmizdə olan şeylər barəsində fərqli baxışlarımız vardırsa,onda gözə görükməyən və duyulmayan Allah haqqında necə hamı üçün bir olan təsəvvür yaradıla bilər? Bu qəti olaraq imkansızdır.

Təbii ki, Allahı da hər adam bu amillərin əsasında qəbul edir. Deməli Allahın birliyini bəyan etsək belə biz onun təbiətinə vara bilmirik və onun haqqında eyni təsəvvür yarada bilmirik. Hər kəs öz düşüncə səviyyəsi və duyğu özəlliklərinə əsaslanaraq öz tanrı təsəvvürünü yaradır. Sonra isə bu təsəvvürlərinin əsasında davranır və dünyanı onlara uyğunlaşdırır. Deməli insan dünyaya deyil, dünya insana uyuşur. Bu da o deməkdir ki, insanların içində dünya fərqli görsənir. Belədirsə, onda insanların mənəviyyətında fərqli tanralar vardır.

Buna görə də hər adam özünü doğru, başqasını haqsız görür. Eyni zamanda hamı Allaha yalvarır ki, ona yardım etsin. Onda belə çıxır ki, Allah hər adamın özəlliklərinə uyğundur. Belədirsə, onda o həmən bir Allah deyil. O adamın özəlliklərindən doğmuş tanrıdır. Yenə də belədirsə, onda hər adamın öz tanrısı var. Bəli, o tanrılar əslində yoxdur, insan mənəviyyatının məhsuludir. Ancaq insanlar onlara (özlərində yaratdıqları tanrıya) tapınır. Çünki bir olan Allahın təbiəti onlardan kənardadır. Bir Allahı heç kəs dərk edə bilməz.

Bax buna görə də dindar fitnə törədib, özünə Qurandan haqq qazandırır. Başqası isə həmən Qurana istinad edərək onu haqsız bilir. Biri deyir İslamda terror yoxdur və müqəddəs mətnlərdən istinadlar verir. Başqası isə həmən müqəddəs mətnlərə istinad edərək başqalarına ölüm hökmü verir. Din adı ilə əskik hərəkətlər edən, başqalarının haqqına girən, dövlət əmlakını talayan və s. dindarlar azdırmı? Məsələ burasındadır ki, onların hamısının tanrıları fərqlidir.

İç dünyaları bir-birinə bənzəyən adamların təsəvvür etdikləri tanrıları o adamları birləşdirir və onların tanrıların da eyniləşməsi baş verir. Deməli bir toplu insanların təsəvvürlərində belə bənzər bir tanrı ola bilər ki, o başqa toplu insanların təsəvvürlərində olan tanrıdan fərqlənsin. Onda bu toplu insanlar bir tanrıya, başqaları isə başqa tanrıya tapınırlar. Hamı da öz tanrısını həqiqət bilir və iddia edir ki, elə onun anladığı tanrı dindəki bir Allahdır. Ancaq əslində bu onun təsəvvüründən başqa bir şey deyil.

Beləliklə bu dünyada insanlar qədər çox tanrılar var. O tanrılar insanlarda yaşayır, onların düşüncəsinin məhsuludur. Təbiətdə isə gerçək bir Allah var. Ancaq onu dərk etmək olmur. Bəlkə də O özü kimə istəsə o qabiliyyəti verə bilər. Ancaq versə belə, heç kəs bunu bilməyəcək. Çünki insanların dünyaları fərqlidir.