Rus bölmələri haqqında

17 may 2015

Azərbaycanda rus təhsili nəyinki qalmaqdadır, hətta çoxalmaqdadır. Bunun məntiqini anlamaq olmur. Bizimki kimi ancaq Qazaxstanda bu proses davam edir. Ancaq orada məntiq var. Əhalinin az qala 40% rusdur, ona görə separatçılıqdan ehtiyat edirlər. Azərbaycanda isə ruslar əhalinin heç 0,1% təşkil etmir.

Nə məntiq var burda? Əgər rusca müasir tərəqqi davam etsəydi, onda anlaşılardı ki, bizə lazımdır. Yox axı. Ruslar özləri bu dəqiqə ingiliscə, almanca, fransızca oxuyurlar ki, nəsə əldə etsinlər. Tolstoyu, Puşkini oxuya bilməyəcəyik? Nə olsun? Onlar artıq heç kəsə lazım deyil, həmdə ingilisin Şekspirini, Fransızın Volterini, Çinin Lao Tzısını məgər bir o dillərdə oxuyuruq?

Nə ehtiyac var bu rus təhsilinin saxlanılıb genişlənməsində? Mən dərs deyirəm hər iki dildə və görürəm ki, rus bölməsinin tələbələri Azərbaycan bölməsindən zəyifdirlər. Oxumaq istəmirlər, ancaq lovğalanırlar ki, onlar rusca danışırlar. Bundan başqa heç nə.

Yaxşı dövlət bizi dünya elminə qovuşdurmaq istəyirsə, onda ingilis bölmələrini və məktəblərini açsın. Yoxsa rus nədir? O bizə nə verir? Ancaq öz içimizdə ruspərəstlər yetişir ki, onlar da sonra Azərbaycan müstəqilliyinə zərbə vura bilərlər.

Bu məsələdə anlamıram mən bizim dövlət siyasətini. Mənə elə gəlir ki, sadəcə hakimiyyətdə və təhsildə ruspərəstlər və onları dəstəkləyən lobbiçilər var. Başqa izah tapa bilmirəm.