Demokratiyanın boşboğazlıq olması haqqında

30 iyun 2015

Çox dəbdədir indi "demokratiya" sözü. Hamı demokratiyanı istəyir, deyir ki məqsədimiz də budur. Halbuki demokratiya heç də birmənalı şey deyil. Çünki xalq dağıdıcı güvvələrə də səs verə bilər. Ya da səsi nağıl danışanlara verər. Örnək üçün qiymətləri aşağı salmağı vəd edən istənilər ağılsıza səs verər. Çünki hamı balalarının dolandırmağını istəyir. Halbuki bunu vəd edən sadəcə hakimiyyəti əldə etmək üçün bunu deyir. Xalqın səsi ilə hakimiyyətə gələn kimi ölkəni dağıdacaq. Ya da xalq səsi qaragüruhçulara, dini ekstremistlərə ötürə bilər səs çoxluğu ilə.

Beləcə arəblərə demokratiya verilən kimi, onlar dini fundamentalistlərə səs verdilər. Latın Amerikasında isə demokratik xalq Morales, Çaves kimi solçu güvvələri hakimiyyətə gətirdilər. İndi isə onların əlindən qurtara bilmirlər.

Beləliklə xalqa etibar etmək olmaz. Bunu hələ 2300 il öncə Aristotel demişdir. O demokratiyanı məsləhətgörülməz quruluş adlandırmışdır. Çünki xalqın səviyyəsi yoxdur ki, öz xeyrini anlasın. Yalnız müdriklər olan azlıq xalqı hansı istiqamətə aparmağı bilir.

Demokratiya əslində irəliləmiş ölkələrin geridə qalmışlar üçün atdığı bir oyundur ki, o ölkələri qarışdırıb öz siyasətlərini yeritsinlər. İnkişaf etmiş ölkələrdə isə demokratiya yalnız bir görüntüdür. Əslində orada sistem belədir ki, ancaq mövcud liberalizm ideyasına qulluq edir. Buna "liberal demokratiya" deyilir. Örnək üçün Amerikada seçim yalnız 2 partiyadan ola bilər ki, onların mövqeyi təxminən eynidir. Bu respublikaçılar və demokratlardır. İngiltərədə də belədir. Orada seçim ancaq mühafizəkar və leyborist partiyalarının arasındadır.

İndi bizim bu Azərbaycanda çoxlu demokratiya deyənlər var. Onları çox izləmək olar. Onlar hakimiyyətdən narazıdırlar və demokratiya istəyirlər. Ancaq görəsən onlar anlayır ki, demokratiya olsa, xalq onlara deyil, qaragürüha, dini fundamentalistlərə, balaları dolandırmağa boş vədlər verən avantyuristlərə səs verəcək? Onda nə olacaq? Ölkə də dağılacaq, bu demokratlar da aradan çıxacaqlar.

Ona görə bu barədə düşünməyə dəyər. Pis-yaxşı, indiki hakimiyyət ölkəni saxlayır, müəyyən qədər irəliləyiş də var. Bəli problemlər də çoxdur. Ancaq bunu bəhanə edib hakimiyyətə qarşı olmaq olmaz. Çünki ölkə ağır vəziyyətə düşə bilər. Bu çox riskli addımdır.

Hər halda biz demokratiya, kommunizm, solçu, sağçı, din və s. ideologiyayala deyil, ancaq ölkənin mənafeyinə önəm verməliyik. Ölkə üçün hansı quruluş əlverişlidirsə, onu da tətbiq etməliyik. Yəni öndə məqsədəuyğunluq olmalıdır.

Ona görə uymayın "demokratiya" adlanan boşboğazlığa. Onu ölkəmiz bir neçə dəfə dadıb və nəticəsi çox ağır olub.