Yanan bina haqqında

23 may 2015

Getdim bu gün yanan binaya baxmağa. Çox sarsıdıcı bir mənzərəyə rast gəldim. Bir tərəfdən hüzn, kədər. Başqa tərəfdən bütün Azadlıq prospekti boyu binaların üzlüklərinin qopardılması.

Bunu görüb düşündüm ki, hər şeyin həddi var. O hədd aşılanda istənilən şey xarab olur. Məsələn kabab dadlıdır. Ancaq çox yesən halın korlanar.

Bu da belə. Bu Bakını gözəlləşdirməyin bir həddi var. Sonsuzluğa qədər bəzəmək və gözəlləşdirmək elə həmən kabab kimi şeydir. Az olsa yetərli olmaz. Çox olsa mədəni korlayar. Deməli orta həddə olmalıdır.

Bu faciə də elə Bakının həddən artıq gözəlləşdirmək fikrinə düşənlərin məntiqi sonluğudur. Sanki Bakı onlara dedi ki, bəsdirin, daha gözəlləşməkdən bezdim.

Gözəlləşmənin aşırılığı göz qabağında: ölən və yaralanan insanlar və millionla manat boşa xərclənən pullar. O pullardan azını elmi işlərimi görməyə tapmıram. Kimə deyirəm ki, keyfiyyətli müasir tələblərə uyğun fəlsəfə tarixi dərsliyini yazıram. Mənə maddi kömək edin. Buna bir qəpik ayırmaz heç kəs. Ancaq sonsuzluğa qədər şəhəri gözəlləşdirmək üçün millionlar tökülür və sonda boşluğa gedir.

Hətta o yanğın olmasaydı belə, məgər binaların parıltısı, mərmər döşəmələr, fontanlar və s. 5 ildən sonra dağılmazdı? Təbii ki, onlar dağılır. Bax indi də bir çox obyektlərin dağılması prosesi gedir. Məsələn bağların döşəmələri çatlıyır.

Ancaq o fəlsəfə dərsliyi minlərlə gəncin dünyagörüşünü formalaşdırar və heç vaxt dağılmaz. Bax beləcə maddiyatı üstün bilmək mənəviyyatı öldürür. Bizim adamların çoxu ancaq maddi rifahı, qarnını doyurmağı bilir. Pul sahibləri rəqqasələrə, müğənnlərə pullar buraxar, ancaq dərsliklərə qəpik verməz. Mənəvi həyat sanki yoxdur.

Maddiyat isə məhvə məhkumdur. Hətta yediyin çörək belə 15 dəqiqəyə nəcis olub ifraz olunur. Bakının hədsiz gözəlləşdirməsi də belədir. Az sonra dağılacaq, çünki hər bir maddə kimi sonu olacaq. Ancaq fəlsəfə dərsliyi ruh üçündür. O heç vaxt silinməz.