Ya Rəbb şükür olsun sənə ki, məni kişi yaratdın!

17 iyun 2015

Bu gün məni bir yaxşı müəllim yad etdi. O nadir insanlardan biridir ki, onunla fəlsəfi söhbətlər etmək olur. Onunla bir çox fəlsəfi məsələləri müzakirə edəndən sonra söhbət qədim yunanların homoseksuallığından düşdü. İlk olaraq Platonun "Simposium" dialoqu, Zenonun oğlanbazlığı, Aristotelin ikimənalı yazıları və s. yada düşdü.

Sonra biz bunun səbəblərini araşdıraraq fikir verdik ki, yunanlar ümumiyyətlə qadını aşağı bir canlı sayırdılar. Filosoflara görə qadınla kişinin ürəyi açılmaz, o rahatlıq tapmaz. Qadın emosiyalarla yaşayır, ağılı işlətmir. Qadınla ünsiyyət maraqlı deyil. Hətta bədən baxımından qadın naqisdir. Gözəl bədənli gənc qadından dəfələrlə gözəldir. Ona görə də yunan filosoflarına görə qadınla ancaq nəslin artımı üçün yatağa girərlər, həzz almaq üçün yox. Ləzzət isə kişi ilə, özəlliklə gənc oğlanlarla olmaqdır. Onlar həm ruhi, həm də bədən baxımından qadından üstündür.

Sonra zaman keçdi. Xristianlıq gəldi. Bu din homoseksuallığa savaş elan etdi, onu yığıştırdı. Ancaq qadının ikinci dərəcəli canlı olmasını təsdiqlədi. Xristianlığa görə qadın kişinin qabırğasından yaranıb. Deməli kişiyə tabedir və natamam kişidir. Onun vəifəsi uşaq doğub ərinə qulluq etməkdir. Hətta qadının ruhsuz olması haqqında da fikirlər olmuşdur. Ruh yalnız kişidə olur.

Sonra İslam gəldi. Ancaq o da bir çox məqamlarda Xristianlığın mövqeyində durdu. İslamda qadına münasibət də ikinci dərəcəli canlı kimidir. Hətta Quran ayələri ancaq kişilərə müraciət edir. Qadın yenə də doğmalı, kişiyə qulluq etməli, evdən icazəsiz çıxmamalı, başdan ayağa qədər örtülməlidir. Bir çox işlərlə qadına məşğul olmaq olmaz. Bəzi müsəlmanlar da qadının ruhsuz olması haqqında fikirlər irəli sürmüşdürlər. Hətta cənnətdə kişilər qadınlarla deyil, hurilərlə yaşayacaqlar. Qadınların cənnətə girəcəyini şübhəyə qoyan məqamlar da vardır.

Bunu yad edəndən sonra keçdik bizim Azərbaycan ənənələrinə. Dedik ki, qadın bizdə adam deyil, kişinin qeyrətidir. Kişi onu namusa görə öldürə bilər, ən yaxşı halda qadın döyülür və söyülür. Azca sərbəst olan qadın bizdə "qəhbə" adlanır.

Qızı çərçivədə böyüdürlər. Sonra verirlər birinə ərə. O da bilinmir bu qadının başına nə oyunlar açacaq. Qadının şəxsiyyəti olmur.

Bütün bunları yad edəndən sonra mən dəhşətə gəldim və dedim ki, ay mənim fəlsəfəçi dostum, sən demə biz Allaha ona görə ölənə qədər şükür etməliyik ki, bizi kişi yaradıb. Mən bir anlıq təsəvvür etdim ki qadınam və dəhşətə gəldim. Mən daha Allahdan heç nə istəməyəcəyəm. O mənə ən böyük hədiyyəsini verib ki, məni qadın etməyib. Yoxsa mən qadın olaraq indiki şəxsiyyət mi olardım? Yox heç vaxt. Biz Allahdan daha heç nə ummamalıyıq. O bizə ən böyük nemətini verib.

Sonda da yəhudiləri yad etdik. Dedik onlar doğrudan da ən ağıllı adamlardır. Yəhudi kişiləri hər səhər yuxudan oyananda belə bir dua edirlər Tanrıya "Ya Rəbb, şükürlər olsun Sənə ki, məni qadın yaratmadın". İndi mən də hər səhər bu yəhudi duasını oxuyacağam ki, Allah da bilsin ki, daha ondan heç nə ummuram. O mənə ən böyük yaxşılığını edib!