Məhəmməd Əmin Rəsulzadə haqqında düşüncələrim

31 yanvar 2011

Mənim ruhumu sevinrirən olaylar çox az olur. Haraya gedirəm, hər yerdə ikiüzlülüyü, səmimiyyətsizliyi görürəm. Hamının düşüncəsində yalnız pul-para, özünü göstərmə, öyünmədir. Getdiyim toplantıların çoxu da formal olur, heç bir fayda vermir. Hətta keçmişdə yaxın arxadaş bildiklərim kəslərin çoxu da, bu olumsuz özəlliklərdən qurtula bilməmişdirlər. Buna görə də son dönəmlərdə demək olar, dünyadan aralanmışam. Mənim ruhum ancaq az saylı səmimi doğruluq axtaran kəslərlə və İnternetdə çıxış etdiyim yazılarla sevinir. Başqa şeylər mənim ruhum üçün ağır bir yükdür.

Bu gün, işlədiyim Fəlsəfə, Sosiologiya və Hüquq institutunda mənim ruhumu sevindirən bir toplantı keçirilmişdir. Bu toplantı Məhəmməd Əmin Rəsulzadənin doğum gününə həsr edilmişdir. Mən bunu eşidəndə birbaşa yollandım oraya, yanılmadım da. Yığışanlar az sayda olsalar da, çox ürəyi açan bir ortam yarada bilmişdirlər. Toplantı rəsmi olmadığına görə, çox səmimi keçmişdir. Hamı Məhəmməd Əmin Rəsulzadəni gözəl sözlərlə anmış, Azərbaycanın bağımsızlığının tarixindən, sovet dönəmində zorlamalardan qurtarmaq üçün yabancı ölkələrə qaçmış yurtdaşlarımızdan qonuşmuşdurlar.

Düzü, bu institutun çox az toplantılarına qatılıram, ona görə ki orada darıxıram. Ancaq bu azsaylı toplantı ürəyimə yattı, burada mənim ruhum yüksəldi. Axı nə üçün də sevinməyim? Dünyaya gözümü açandan bəri, mənim milli mənliyimi, türklüyümü boğublar. Öncə Rus imperiyası, indi isə �qloballaşma� adı ilə amerikanlar. Mənim doğma dilim, türklüyüm, mənliyim, düşüncəm öncə rus mədəniyyəti ilə, indi isə amerikanizmlə boğulur. Hər yerdə soruşulur: sən ingiliscə  qonuşursan? Rusca qonuşursan? Amma öz ana dilimdə qonuşmaq heç yerdə istənilmir. Bu gün də, öncəki çağlardakı kimi, başqa dillərdə qonuşanlar, başqa mədəniyyətlərə boyun əyənlər öndədirlər. Öz mənliyimizi, dilimizi, türklüyümüzü yada salanlar isə gülməklə qarşılanırlar. Acımalı durumdur, mənim millətimin çoxu doğruluqda kölədirlər. Yalnız azlıq öz �Mənini� anlayıb, başqalarına boyun əymir. Bununla belə, o azlıq bizim gələcəyimizdir.

Məhəmməd Əmin Rəsulzadə də bu azlıq üçün bir işıqdır, gələcəyi göstərən bir çıxış yoludur, özgürlüyün idealıdır. Onun adı, onun tarixi anılanda, Azərbaycanın yoxdan yaranması anılır. Onu ananda ölkəmizi yoxdan var edən, sonra onu yaşadan, onun uğrunda canlarından keçən minlərlə gəhraman yurddaşlarımızı anırıq. Məhəmməd Əmin Rəsulzadənin anılması mənliyimizin, böyüklüyümüzün, millətimizin anılmasıdır. O illərin çoxsaylı qurbanları, tariximizin yaranmasını, Azərbaycanın yoxdan doğulmasını indi dilə gətirən azdır. Ancaq bütün bunlar yaşayacaqdır. Bunlar itməyəcəkdir. Azərbaycan varsa, onun uğrunda canlarından keçən yurddaşlarımız anılacaq. Onların hamısı elə Məhəmməd Əminlərdir. Bunu heç nə, heç kim elimizim yaddaşından silə bilməz. Axı bu qəhraman tarixi unutmaq Tanrı qarşısında bir cinayətdir.

Bizi yalnız matəmlərə, ağlaşmalara sürükləyirlər. Bununla da elimizin yetərsizliyi görüntüsü yaranır. Ancaq doğruluqda bizim ulu tariximiz vardır. Bizim millət itkilər versə də yaşayır. Bu da onun gücüdür. Başqa ellər bizim yerimizdə olsaydılar bəlkə də yox olardılar. Bizim başımıza gələn faciələrə yalnız güclü el sinə gələ bilərdi. Bu el də bizik. Bunun özülünü qoyanlar da bizim Məhəmməd Əminlərimizdir. Yabancı güclər nə qədər çox dəyərsizləşmə siyasətini bizim aramızda salsalar da, hər zaman doğruçu el oğulları aramızda olacaq. Qafaları amerikanlaşmışlar, ruslaşmışlar deyil, məhz onlar bizim gələcəyimizdirlər. Çevrəmizdə olan yalanı, ikiüzlülülüyü, dəyərsizliyi, alçaqlığı, köləliyi də qıranlar onlar olacaqlar. O gun mütləq gələcək, mən buna inanıram. Axı Tanrı ədalətlidir.

Toplantı gedərkən, mən bu kimi duşüncələrə qapanmışdın. Doğrusu öncə çıxış etmək istəmirdim. Heç buna hazırlıq da görməmişdim. Ancaq orada olarkən, o qədər ruh yüksəkliyi keçirdim ki, söz alıb bir neçə dəqiqə qonuşdum. Bu qonu mənim ürəyimdən çıxmışdır. Çox vaxt dediklərim süni olur, çıxışlarımı mənə maraqsız olan qonular üzrə edirəm. Çünki buna zorlanıram. Ancaq bu dəfə dediklərim ruhumun göstəricisi idi.

Məndən öncə bir arxadaşımız �Məhəmməd Əmin Rəsulzadənin etdiklərini dəyərləndirmirlər� deyərək üzüldü. Mən isə çıxışımda ona üz tutaraq �üzülməyə yer yoxdur� dedim. Axı bizim burada yığışmağımız, o kişini anmağımız elə Məhəmməd Əminin ən yüksək dəyərləndirilməsi deməkdir. Bizim çirkin toplumda yalnız pulluları, yüksək görəvliləri, yaxşı qohumları olanları anırlar. Ancaq, Məhəmməd Əminin nə güclü qohumu, nə yüksək kəslərdən dəstəyi vardır. Buna baxmayaraq, biz hamımız onu yaşadırıq. Deməli elə Məməmməd Əmin bu çirkin toplumda olan yalançı �dəyərləri� qıra bilir. O ölü deyil, diridir, bizimlədir. Onunla olanlar səmimidirlər. Deməli o, eləcə də onunla şanlı tariximizi quranlar çağların sınaqdan çıxıblar. Tarix özü, onları elimizin yaddaşına yazıb, bu yazı da heç zaman silinməz. Bu belədirsə, onda gələcəyimiz də Məhəmməd Əminə bağlıdır. Pullu, piarlı və qohumlular isə hələ tarixin sınağından keçməlidirlər. Ən azı 2-3 soy keçəndən sonra bilinir, kim kimdir. İndi bilinməz. Pullar, qohumlar, piarlar olmayanda, hamının doğruluqda kim olması üzə çıxır. Məhəmməd Əmin bu sınağa davam gətirə bilibsə, deməli yaşayacaq.

Daha sonra mən, çıxışımda milli sorunlara da toxundum. Türklərin özlərini tanımasını dünya gücləri istəmir. Çünki bu onlara güclü rəqabət ola bilər. Buna görə də onlar siyasi və iqtisadi başqılar edərək, türk milli oyanışının qarşısını almaq istəyirlər. Yerli məmurlar da onlar üçün bu işi yerinə yetirirlər. Onlar Azərbaycan türklərini yetərsiz, heç nəyi edə bilməyən bir millət kimi göstərib, bunu düşüncələrə yeridirlər. Qanunsuzluqlar, rüşvətxorluq, korrupsiya da buna qulluq edir.

Ancaq, Məhəmməd Əminin idealları öz yerini tapacaq. Çünki bütün dünya gücləri son olaraq çökəcək. Tarix Roma, Assur, Babil kimi imperiyaları çökdürüb. Gözümüz önundə Sovetlər çökdü. Amerika da tezliklə çökəcək, onların törətdiyi fəsadlar onların başında sınacaq. Məncə buna çox az vaxt qalıb. O zaman da, biz Məhəmməd Əminin ideyalarını ortalığa qoyub dünya gücü ola bilərik. Artıq türk milləti irəliləməkdədir. Türkiyə güclənir. Biz də onlarla birlikdə gedəciyik. Amerikanla ruslara əyilmək deyil, özümüzün dühya gücü olmamıza can atılmalıdır. Bu yolu da Məhəmməd Əminin ideyaları ilə keçəcəyik.

Bütün bu sözləri deyəndən sonra, sanki ürəyimdən bir tikan çıxmış oldu. Mən yorulmuşam bu ikiüzlü toplumda yaşamaqdan. Haradasa bir səmimiyyət axtarırdım. Bunu da Məhəmməd Əmin Rəsulzadənin məclisində tapdım. Deməli ruhumu şad edən də odur. Allah ona rəhmət eləsin.


Сайт управляется системой uCoz