Alimin axirəti haqqında

30 iyun 2015

Bir istedadlı həmkarım və dostum var bizim Fəlsəfə və Hüquq institutunda. Yeni nəslin ən ümidverici fəlsəfə araşdırmaçılarındandır. Mən onu gələcəyin ən ciddi alimlərindən biri olacağına şübhə etmirəm.

O mənə bu yaxında dedi ki, Azərbaycan dilində elmi işlər görməkdənsə ingiliscə görmək yaxşıdır. Çünki bizdə buna qiymət verən olmur. Hələ bu qədər iş görürsən bir çox həmkarlar başlayırlar zəhməti endirməyə. Tənqidləri sevərək deyil, alçaltmaq məqsədi ilə edənlər də var. İngiliscə isə dünya yayımlarında ola bilərəm, orada elmə bizimkindən çox qiymət verirlər.

Mən dedim ona ki, bu düzdür. Ancaq bir məsələ var. Sən o ingilisdillilərə nə yenilik verə bilərsən ki, onların yaddaşında qalasan? Onlar sənə istinad etsinlər? Sənin dərslikləri ilə öz tələbələrini öyrətsinlər? Belə bir şeyin yoxdur. Əslində sən öz araşdırmalarında elə o ingilis, fransız, rus və s. alimlərə istinad edirsən. Deməli onlar sənin yolunu çoxdan keçiblər, sən də onları təkrarlayacaqsan.

Həmdə nəyinə gərəksən onların? İtəcəksən onların arasında, öləndən sonra isə səni yada salan olmayacaq.

Bəli sən onların jurnallarında yayımlana bilərsən. Ancaq bu yalnız bir quru ad olacaq ki, "mən Amerikada dərc olunmuşam". Bununla sən öyünə bilərsən. Ancaq mahiyyətcə bu özünü aldatmaqdır. Çünki sənin məqalən Amerikada dərc edilibsə, onun nə əhəmiyyəti olub? Kim ondan yararlanıb? Kim ona istinad edib? Heç çox güman ki, onu oxuyan da olmayıb. Və nəhayət sən nə yeni bir şey gətirə bilərsən amerikanlılara ki, onu onlar bilməsinlər?

Beləliklə sənin elmi fəaliyyətin olacaq yalnız görüntü xatirinə. Xarici dərclərin sayını çox göstərəcəksən, səni də tərifləyəcəklər. Ancaq sonra nə? Səndən sonra nə? Ona görə xaricdə dərc olunma bu dünya üçündür, axirət üçün deyil.

Alimin axirəti odur ki, o öləndən sonra da yad edilib oxunsun. Bunu isə sən yalnız burada, öz doğma xalqın arasında əldə bilərsən. Bu millət səni qovacaq, bəyənməyəcək, üzünə tüpürəcək, döyəcək və s. Ancaq sonda elə bu millət də səni yaşadacaq. Bir bax, bu adamlar Mirzə Fətəlini bəyənmirdilər. Mirzə Cəlili, Sabiri təqib edib hədələyirdilər. Ancaq sonra elə bunlar da onları yaşatdılar.

Ona görə, dostum, istedadını boşa sərf etmə. Xaricdə dərc olun. Ancaq əsas gücünü ver Azərbaycan dilində yazılara. Çünki sənin kimi istedadlı gənclər azdır. Elmə daha çox fırıldaqçılar və təsadüfi adamlar gəlir. Sənin isə imkanların çoxdur. Onları öz millətin üçün sərf et. Bu millət səni anlamayacaq, qovacaq, təhqir edəcək, alçaldacaq. Ancaq sonra səni oxuyub yaşadacaq. Bu da olacaq sənin axirətin, cənnətin!