Murdarlıq haqqında

7 iyul 2015

Çox gözəl sözlər var İncildə. İndi nə olsun xristianların kitabıdır? Müdrik sözə, ağıllı kəlama kim nə deyə bilər?

Həvari Pavel donuz ətinin yeyilib-yeyilməməsi barəsində demişdir ki, yəhudilərə onu yemək olmaz. Ancaq əslində bizi murdar edən bizim içimizə girən yemək-içmək deyil. Bizi mürdar edən bizdən çıxan sözlər, davranışlar və əməllərdir.

Ondan qabaq İsa demişdir: "Ağıza daxil olan şey insanı murdar etməz, amma insanı murdar edən ağızdan çıxan şeydir" (Matta 15: 11).

Bax bu çox incə məqamdır ki, bunu çox adam yaddan çıxardır. Baxırsan bir çoxlarına, deyillər şərab içmərik, donuz əti yemərik, onu etmərik, bunu etmərik, o haramdır, bu məkruhdur və s. Ancaq sonra əməllərinə baxıb görürsən ki, davranış mədəniyyətsiz, sözləri kobud, dünyagörüşü dar. Bir də görürsən yalan danışır, şər atır və s.

İndi bunun kimi adamın donuz ətini ya da başqa yeməkləri yeməməsinin nə xeyri var? Kimə lazımdır onun haram-halalı yeməkdə gözləməsi? Yemirsən donuzu yaxşı edirsən. Ancaq ondan bizə nə, cəmiyyətə nə, dünyaya nə? O sənin şəxsi işindir.

Hamı üçün sənin içinə girən yox, səndən çıxan lazımdır. Nə girir girsin, təki çıxış yaxşı olsun. Ancaq bu çıxışda baxıb görürsən ki, çoxları büdrəyir.

Ona görə də yeməklə deyil, əməllərlə murdar olur insan. Bunu heç kəs yaddan çıxartmasın. Nə qədər halal yemək yeyirsən ye, əməllər, mədəniyyət, söz, davranış, səviyyə yetərincə olmasa, murdar olaraq qalır hər kəs, gündə on dəfə yuyunsa belə.