Homoseksuallığın qanuniləşməsi haqqında

14 iyul 2015

Vaxt var idi, Avropa çap maşınlarını işlətdi, kitab yayımına keçdi. Müsəlmanlar isə çapa 200 ildən sonra başladılar. Sonra avporalılar texniki tərəqqi etdilər, dəzgahlar, cihazlar, maşınlar və uçaqlar yapatdılar. Müsəlmanlar onları öncə şeytan əməli adlandırdılar. Ancaq müəyyən vaxtdan sonra onları işlətdilər. Eləcə də avropalılar insan haqları, söz azadlığı və s. dəyərləri tətbiq etdilər. Müsəlmanlar onları 100 ildən sonra tanımağa başladılar. Avropalılar quldarlığa son qoydular. Müsəlmanlar bunu 100 il sonra etdilər. Bu kimi örnəklər çoxdur.

Bu gün isə biz heyfslənirik ki, dünya inkişaf edib biz isə geridəyik.

İndi isə biz homoseksuallığın qanuniləşməsini qınayırıq, pisləyirik. Ancaq bu məntiqlə biz onu 50 ilə qanuna salmalıyıq. Çünki sonra biz hər şeyi qəbul edirik, başqa çarə də yoxdur.

Biz bunu məncə mütləq qəbul edəcəyik. Çünki bu məsələ əslində azlıqların (istər əqidə, istər cins, istər cəmiyyət və s. baxımdan) hüquqlarının təmin edilməsidir. Yəni bunu ancaq cinsi problem kimi dəyərləndirmək doğru deyil. İndiyə qədər bizdə azlıq çoxluğa tabedir. Ancaq azlıqların hüquqları məsələsi bunu ortalıqdan qaldırır və cəmiyyətdə hamı bərabərləşir.

Doğrudan da fikirləşək. Biz həmişə azlıqları əzirik. Halbuku onların da yaşamaq və yaratmaq hüququ var. Əslində insanlığı irəli aparan da azlıqlardır. Bütün ixtiralar, tərəqqi az sayla, tək-tək adamlarla həyata keçirilib. O adamları da çox vaxt anlamayıblar, təqib ediblər.

Bizdə bu günə kimi yadfikirlilik bəyənilmir, cəmiyyət tərəfindən qəbul edilməyən dəyərlərin daşıyıcıları rədd edilir və s. İstənilən sahədə yeni fikirlər, yeni yanaşmalarla çıxış edən adamların qarşısını almağa cəhd edilir. Həmən seksual münasibətlərdə kişi üstün, qadın zəyif qəbul edilir. Qadının hüquqları inkar olunur. Hətta kriminal xronikada qadınların ailələrdə öldürülməsi adi haldır. Avropa isə bunu ortalıqdan qaldırmaq üçün artıq ər-arvad anlayışından da imtina edir. Çünki bu sözlərdə qeyri-bərabərlik var.

Beləliklə ümumiyyətlə bu proseslər insanlığın yeni tarixi mərhələyə girməsidir. Biz də buna gec-tez qatılacağıq, çünki dünya ilə uyuşmalıyıq. Bunu da edəndən sonra yenə heyfslənəcəyik ki, bunu Avropa 100 il öncə edib, biz isə yenə də geridə qaldıq. Bir şeyi bilmək lazımdır ki, irəliləmək üçün ehkamlar qırılmalıdır. Ehkamlar varsa, irəliləmə olmaz.