Mən ən yaramaz aliməm

14 iyul 2015

Mən Azərbaycanın ən yaramaz elm adamıyam. Bir səhifə elmi iş yazıram, buna da 3 günüm gedir. Bunu yazmaq, istinadlar yığmaq, mövzu barəsində bütün rus və ingilisdilli ədəbiyyatla tanış olmaq, qaynaqları araşdırmaq və s. Bunların hamısı imkan vermir ki, gündə yarım səhifədən çox ciddi elmi iş yazasan. Günlərim gedir, başqa işlə məşğul olmaq olmur, sadəcə vaxt qalmır. Birdə görürəm gecə oldu.

Ancaq baxıram başqalarına, onlar nə qədər istedadlıdırlar! Mən hara, onlar hara? Mən bu elmi işlərdən başqa heç yerdə işləmirəm. Heç ailəm də yoxdur. Sadəcə ailəmə belə vaxt çatmır.

Onlar isə vəzifələr tutur. Bəziləri hətta bir neçə vəzifə. Günləri işlərdə keçir. Bundan başqa ailələri, ailə problemləri, mal, mülk, xarici yollayışlar və s. Bununla belə, baxıram onların elmi işlərinin siyahılarına, hərəsində 500 elmi məqalə, 30 kitab, nə bilim elmi konfranslarda iştirak, dərs demək, universitetlərdə fəaliyyət görtərmək, elmi layihələrdə işləmək! Hara baxırsan, hər yerdə onların adları var. Bu qədər işlərə onlar necə vaxt çatdırırlar?

Bu qədər işləri, malı, mülkü, ailələri, balaları, vəzifələri ola-ola, onlar məndən çox elmi əsər yazıblar və hər yerdə özlərini çatdırırlar. Mən isə yarım səhifəni günlərlə yazıb qurtara bilmirəm. Başqa işlə məşğul olmuram. Ancaq elmi işlər, məqalələr, kitablar yazıram. Bununla belə 20 ildə yalvız 8 kitab bə haradasa 200 məqalə yayımlaya bilmişəm.

Ona görə də kül olsun mənim başıma. Nə yaramaz adamam mən!