Azərbaycanda mütəxəssislər yoxdur

25 июля 2015

Bir gənc və istedadlı həmkarımla dövlət məmuru ilə danışırdıq. Hansı bir işdən söhnət düşürdüsə, məmur deyirdi ki, bizdə mütəxəssis yoxdur. Bu gənc dostum da dedi ona ki, nə üçün siz belə deyirsiz? Bax bizim bu qədər elmi işlərimiz var, biz ölkədə və xaricdə tanınırıq, bizə istinad edirlər, elmi dairələr bizi tanıyırlar, biz layihələr həyata keçiririk, milləti maarifləndirən elmi işlər bə kitablar yazırıq. Siz isə deyirsiniz ki, bizdə mütəxəssis yoxdur. Bəli çox fırıldağçılar var, elmi işlərini saxtakarlıqla yazdırırlar. Ancaq az da olsa həqiqi alimlər də var. Nə üçün siz görmürsünüz? O məmur da gülümsədi, heç nə cavab vermədi.

Ondan ayrılanda dedim ona ki, ay dostum, sənin dediyinin xeyri yoxdur. Bizdə mütəxəssislərin olmaması fikri çoxdan formalaşıb. Sən mütəxəssislərin atası olsan belə, sənə deyəcəklər ki, bizdə mütəxəssis yoxdur. Bu nədir? İnsanları saymamaq, həsəd aparmaq, iqnor etmək, bilməmək? Yəqin ki, hər şey bir yerdə.

Ona görə də heç vaxt demə ki, sən nəyisə bilirsən, nədəsə uğur qazanmısan. Birincisi xeyri yoxdur. Onsuzda hamı deyəcək o kimdi? Sonra isə təəssüflənəcəklər ki, haradandır bizdə mütəxəssislər?

İkincisə öz uğurların haqqında danışma, çünki əldə etdiklərin sənə qarşı olacaq. Biləndə ki, sən nəyisə bilirsən, nəyinsə peşəkarısan, nəyinsə bilicisisən, səni hər yerdən uzaqlaşdıracaqlar. Düşəcəksən iqnora.

Hətta məmurların və müəllimlərin yanında həmişə özünü küt, ağılsız, boşboğaz, fırıldağçı kimi göstər. Onda həm hörmətin olar, həm də sənə bütün qapılar açıq olar.

Ancaq bir məsələ də var. Təəsüf ki, belə özünü göstərsən, yenə də o məmur və müəllimlər biləcəklər ki, ağıllısan. Onlar sənin kimi adamları uzaqdan duyurlar, sən ağzını açmamış.

Ona görə də fırıldaq kimi özünü göstərməyin də xeyri yoxdur. Belədirsə, sadəcə öz mənliyində qal, inkişaf et, ruhən yüksəl, həyatın nə olduğunu dərk et, biliklər yığ. Çünki əslində həyatın mənası mənəviyyatın zənginləşdirilməsidir. Bunu sənin kimi adamlar edə bilər. Siz də xoşbəxt olacaqsınız.

Sənin kimiləri inkar edənlər üçün isə bu dünya cəhənnəmdir. Bəli, pulları, vəzifələri olsa belə mənəviyyatları yoxdur. Mənəviyyatsız insan isə ölüdür, yaşasa belə.