Tanrı hakimiyyəti haqqında

13 avqust 2015

Hakimiyyətin Tanrı ilə bağlı olması fikri hələ ən qədim zamanlarda formalaşmışdır. Kral, Firon, İmperator bunlar hamısı göylərdən başlayan iyerarxiyanın yerdəki davamı kimi başa düşülürdü. Belə ki, göydə öncə Yaradan, sonra çoxlu tanrılar, sonra ruhlar, sonra insanlarla tanrılar arasındakı vasitəçi olan demonlar, sonra insanlar gəlir. Ona görə də Kral bu ardıcıllığın yerdəki davamıdır. Onda Tarrının təzahürü və ruhu vardır. Ondan sonra zadəganlar, nazirlər, mülkədarlar və s. gəlir və sonda hər şey rəiyyətlə bitir.

Ona görə də keçmiş krallar özlərini tanrı ya da tanrı təcəssümü elan edirdilər. Çünki onlar tanrı olmasaydılar rəiyyəti özlərinə tabe etdirməzdirlər.

Ancaq insanlıq savadlanandan sonra bu baxışlar aşılanırdı. Artıq Romada hamı bilirdi ki, imperator tanrı deyil. Ancaq onu tanrı kimi tanımaq siyasi etibarlılığın göstəricisi idi. Yəni İmperatorun məbədinə getməmək, ona ehtiram etməmək dövlətə qarşı cinayət sayılırdı. Ancaq o demək deyil idi ki, insanlar onu tanrı kimi tanıyırlar.

Bu kimi proseslər təktanrılı dinlərdən sonra başqa istiqamət aldı. Xristianlıq və İslamda da hakimiyyəti göylərlə, Tanrı ilə bağlamaq ənənəsi davam etdi. Ancaq orada krallar və xəlifələr artıq Tanrı deyil, onun yerdəki nümayəndələri sayılırlar. Yenə də idarəetmə göylərlə bağlanırdı.

Ancaq Avropa Dirçəlişi dövründən sonra yeni çağlara qədər hakimiyyəti tanrı ilə bağlamaq ənənəsi Avropada sona çatmışdır. Artıq prezident, respublika quruluşları göylərlə bağlanmır, yalnız insanları yönətən bir quruluş sayılır. Artıq insanlar özləri həll edirlər ki, onlara nə gərəkdir, nə də yox. Hakimiyyətdən müqəddəsliyin alınması Avropanı inkişafa gətirdi. Çünki artıq inkişaf etmiş insan öz taleyini əlinə alıb dünyanı göylərdən gələn təmsilçilərlə və qanunlarla idarə etmək istəmirdilər. Bu yanaşma tanrımərkəzçiliyinin yerinə insanməkəzçiliyinin gəlməsinin tərkib hissəsidir. İnsan təşəbbüsü öz əlinə alaraq yeni dünya yaratmışdır.