Var-dövlət yaxşı şeydir, ya yox?

19 avqust 2015

Adam mal, dövlət, pul sahibidir, ya da əksinə o öz varının köləsidir? Bu sual haqqında düşünən olub? Sadəcə nə qədər çox varın var, o qədər də itiriləsi şeyin artır. Özü də sənə özünə görə deyil, varına görə dəyər verirlər. Var azalan kimi dəyərin də itir.

Deməli əslində var-dövlət insan azadlığının qarşısını alır, insanı köləyə çevirir. Özəlliklə də bizdə. Malı toplayanlar hər an qorxudadırlar, ki əllərindən alarlar. Mallarını saxlamaq üçün hətta alçalmağa da hazırdırlar. Məgər bu xoşbəxt həyatdır?

Deməli itiriləsi şeyin nə qədər az olsa, o qədər də azadsan. O şərtlə ki, mənəviyyatın dolu olsun və həyatı düzgün qavrayasan. Bu yolla xoşbəxt olmaq olar.

Nəyə lazımdır Fransanın sahillərində villalar ki, onların haradan əldə edilməsi sualı bir gün çıxacaq? Lap çıxmasa belə, onun sahibi məhkumdur o və başqa villa və malına qulluq etsin. Bütün enerjisi, gücü elə buna gedir. Etməsə hər şey yıxılar.

Ona görə yüksək mənəviyyat və var-dövlətin azlığı həqiqi xoşbəxtlikdir.

Ancaq bəlli qədər sərvətin də olmalıdır. Çünki insan həm də maddi varlıqdır. Onun miqdarı nə qədər olmalıdır? Bu suala yunan filosofu Aristippus cavab vermişdir ki, onun miqdarı gəmi qəzası anında apara biləcəyin qədər olmalıdır. Bundan çox olarsa pulunun, malının varının köləsisən!

---------------------

Hara gedirsən hər yerdə eşidirsən ki, dünya malı boş şeydir, ona görə çarpışmağa dəyməz. Dünya malı dünyada qalar. Ancaq hamı mala, vara dövlətə hərisdir, əlinə keçən kimi mənimsəyir. Sonra da deyir mal boş şeydir, dünyada qalacaq.

Hətta din adamları - fərq yoxdur, sünnü olsun ya şiə, molla ya adi vətəndaş. Hamı varlanmağın mənasızlığı haqqında ayə və hədisləri bəyan edir., özləri isə harada pul var oraya da qaçırlar. Din və pul eyniləşib.

Ancaq o nadan, cahil, kafir dediyimiz qədim yunanlar nə azərbaycanlı idilər, nə də İslamdan xəbərləri var idi. Çox tanrılara tapınırdılar. Ağıllıları ümumiyyətlə dinə qarşı idilər. Ancaq onlarda dünya malından imtina etmək sözdə deyil, gerçəklikdə idi. Allahı tanımırdılar, ancaq var-dövlətdən imtina edib gəzəyən abid olanlar var idi. Bizdə hamı Allahdan danışır, heç malından imtina edən bircə nəfər tanıyırsınız? İstər dinçi ya dinsiz olsun?

Qədim Yunanıstanın kinik fəlsəfi məktəbin nümayəndələri isə kütləvi olaraq hər şeydən imtina edib həqiqəti və xoşbəxtliyi mənəviyyatda tapırdılar.

Örnək Krates və onun həyat yoldaşı Hipparxia olmuşdurlar. Məlumdur ki, onlar abid həyatı sürmüşdürlər. Onların ikisi də varlı ailələrdər olduqlarına baxmayaraq hər şeydən imtina etmiş, gəzən abid həyatını keçirdilər. Onlar hesab edirdilər ki, zənginliyi və şöhrəti dəyər kimi qəbul etmək olmaz. Müdrik insan üçün isə bunlar şərdən başqa bir şey deyil.

Deməli bizim üçün peyğəmbər sözü olan şeyi biz yox, o kafirlər edirdilər. Ancaq belə sual da var, əgər biz pulu bütləşdirmişik, Ktrates kimilər isə bütün bütləri rədd ediblərsə, onda bəlkə bütrpərəst biz, o yunanlar mömin idilər?