Fəlsəfə tarixi haqqında

15 avqust 2015

Fəlsəfədə yeni söz demək imkansızdır. Çünki minilliklər boyu insanlıq olmuş və düşünmüşdür. Hər hansı bir fikir gəlirsə insana bu o demək deyil ki, həmən fikir ondan öncə başqa adamlar tərəfindən ifadə olunmamışdır. Əksinə, o fikir mütləq deyilmişdir. Başqa cür ola da bilməz. Hətta araşdıranda görürsən ki, hətta bu Facebookda buna bənzər fikirləri kimsə ifadə edir, o ki qaldı tarixdə.

Mən burada yunan-roma fəlsəfə tarixindən bəzən yazılar qoyuram. Fikir vermisinizsə, sizin ürəyinizdən keçən hər şey orada var. Sadəcə hər bir fikirə gəlmisinizsə, fikirləşin ki, görəsən məndən qabaq bunu kim deyib? Araşdırsanız, mütləq sizin düşündüyünüzdən də güclü həmən fikri tapacaqsınız keçmiş düşünürlərin kitablarında.

Günümüzdə müdriklik o filosofların irsini öyrənib inkişaf etdirməkdir. Çünki ikinci dəfə eyni şeyi ixtira etmək olmaz. Ancaq ixtira olanı tətbiq etmək, onları yad etmək olar.

Fəlsəfi maariflənmədə keçmiş filosoflara istinad etmək daha yaxşıdır. Çünki onların adları dünya düşüncə irsində vardır və onların avtoritetini hamı tanıyır. Məsələn, biri desə ki, Məmməd belə söz deyib, hamı deyəcək ki, Məmməd kimdir ki, onun sözünə fikir verək? Ancaq deyəndə ki, bu fikir Aristotelindir, hamı onu eşidir, qavramağa çalışır.

Beləliklə, fəlsəfəni açıqlamaq və onunla geniş oxucu kütləsini maraqlandırmaq üçün fəlsəfə tarixindən örnəklər gətirilməlidir. Bu xalqın maarifləndirilməsi, mədəni səviyyəni qaldırmaq üçün də çox əhəmiyyətlidir.