Əsl İslam var, ya yox?

26 avqust 2015

Bu təbii sualdır, çünki hara baxırıq Hər yerdə bir əyrilik görürük. Din də istisna deyil. Min bir problem var orada. Bu barədə danışanda deyirlər ki haradasa əsil İslam var. Ancaq şübhəçilər də deyirlər ki, əsil İslam varsa, onda göstərin haradadır. İddiaçılar da onu göstərə bilmirlər.

Əslində isə əsil İslam həm var, həm də yoxdur. Var, çünki bu dünyanı yaradan və yönətən Tanrı var. O Tanrının qatında əsil İslam var. Ümumiyyətlə Tanrı, onun qatı, məlakələr və s. bir idealdır, orada hər şey təkmil və gözəldir.

Ancaq Tanrı qatlarından enən kimi bu dünya başlanır. Burada isə hər şey dəyişir. Bu dünyada ideallıq, təmizlik və gözəllik Tanrı qatındakı kimi ola bilməz. Çünki burada hər şey dəyişkən və ölümə məhkumdur. İnsanların da çoxlu qüsurları vardır. Bundan başqa onların hərəsi dünyanı öz duyğuları və düşüncəsinə uyğun qavrayır. Ona görə də insanların hərəsində o Tanrıdan düşən əsil İslam özünəməxsus şəkildə dəyişir və o insanın özəlliklərinə uyuşur. O özəllikllər isə təkmil deyil deyə İslam da korlanır. Deməli bu dünya və insanlıq əslində zülmətdir. Bundan da belə nəticə çıxır ki əsil İslam yoxdur.

Ümumi nəticə isə odur ki, əsil İslam olsa da Tanrı qatındadır və ona çatmaq olmaz. Bu dünyada isə göstərilmiş səbəblər üzündən İslam təhrif olunmuşdur. Yəni bu dünyada əsil İslamın olması imkansızdır. Ona görə də əsil İslam deyənlər ancaq bu dünyadan sonsuz uzaqlarda olan Tanrı qatları haqqında danışa bilərlər. O yerlərə də insan yalnız ölümdən sonra çata bilər. Deməli əsil İslamı insan bu dünyada heç vaxt görə bilməz. Görmək üçün ölməlidir ki, bəlkə ruhu gördü. O da bəlkə...