Sahibi imanam, ey azərbaycanlılar!

3 sentyabr 2015

Əşhədü billahi -əliyyül əzim,
Sahibi imanəm, a şirvanlılar!
Yox yeni bir dinə yəqinim mənim,
Köhnə müsəlmanam, a şirvanlılar!
Şiəyəm əmma nə bu əşkaldən,
Sünniyəm, əmma nə bu əmsaldən,
Sufiyəm əmma nə bu əbdaldan,
Həqq sevən insanəm, a şirvanlılar!
Qaili-Quranəm, a şirvanlılar!
(M.Ə. Sabir)


Bir çox müsəlmanların bir özəlliyi var. Ağlına nə gəlir deyir, ondan-bundan nə eşidib inanır. Hətta yalana əl atır, nağıl da danışır. Təki İslamı yaysın. Hesab edir ki, İslamı yaysa, o yalan doğru olur. Çünki savab iş görür, Allahın dinini təbliğ edir. Beləliklə "müqəddəs yalan" anlayışı yaranır.

Ona deyəndə ki, ay insan bu belə deyil, deyir onda sən kafirsən. Necə yəni? Mən dini təbliğ edirəm, sən isə mənimlə mübahisə edirsən. Deməli sən Allaha qarşısan, kafirsən, İslamdan uzaqsan. 

Bax elə buna görə də mənim kimi adamların problemləri yaranır. Mənim üçün təbliğat yoxdur, həqiqət var. Din yayılsın deyə nağıl danışmaram, ibtidai fikir yürütmərəm, kütlələrin istəyini ödəmərəm, möcüzə axtarmaram. Bunu edənlərə də suallar verərəm. Çünki yalan yalandır, nağıl nağıldır İslamın yayılması üçün deyilmiş olsa belə. Yalanın isə ömrü qısa olur. 40 gündən sonra bilinir. Mənim üçün "müqəddəs yalan" yoxdur. 

Örnək üçün, mənə deyəndə ki, Quranda embrion, suların qarışması kimi ayələr möcüzədir, deyirəm yox. Çünki bu yalandır. Ondan qabaq da yunan filosofları həmən şeyləri deyiblər. Belədirsə, bu möcüzə deyil. Bu mənim Qurana inanmamağım deyil, həqiqətdir. Məgər Allaha "müqəddəs yalan" lazımdır?

İndi məni kafir bilən bilsin, nə deyə bilərəm? Ancaq təbliğat, dəvət, İslama gətirmək xatirinə mən belə şeylərə susa bilmərəm. Çünki yalandır, "müqəddəs" olsa belə. Məqsəd nəyin bahasına olursa olsun dini təbliğ etmək deyil, həqiqətə çatmaqdır.

Mən müsəlmanam, Allaha və peyğəmbərlərə inanıram. Ancaq geydirmə şeylərə həmişə geydirmə olduğunu demişəm, deyəcəyəm də.

Rəhmətlik Sabiri indi mən yaxşı başa düşürəm. O da bu kimi "müqəddəs yalanlara" qarşı söz deyəndə, onu kafir elan etmilşdirlər. Ona görə də yuxarldakı şeyri yazmışdır.