Azərbaycanda islahatlar heç vaxt olmayacaq!

7 yanvar 2016

Deyirlər ki, nə üçün islahatlar keçirilmir, monopoliyalar ləğv edilmir? Sonra deyirlər ki, vaxtında bunu etsəydilər indi ölkə böhrana düşməzdi. Daha sonra günahkarı axtarırlar nazirliklərdə, banklarda, kömrükdə, MTN-də və s.

Ancaq xeyri yoxdur, heç nə düzəlmir. Çünki günahkar bizim ailələrimiz və balalarımızdır. Problemin kökündə onları dolandırmaq məsələsi durur ki, bu da hər bir azərbaycanlı üçün çox doğmadır.

İndi baxın. Sadə azərbaycanlı deyir çevrəmdə nə baş verir mənlik deyil. Mən ailəmi, balalarımı dolandırmalıyam. Bunun üçün yalan da danışır, imkanı olsa oğurluq da edir, xırda şey də olsa dövləti qarət edir, kiməsə atır. O özünü günahkar da bilmir. Deyir nə edim, balalarım var, ailəmi dolandırmalıyam. Evdə arvada da o kişi yox, onun evə gətirdiyi pulu lazımdır. Yoxsa pul gətirməsə onun nəyinə gərəkdir o ərkək?

O ərkək də balaları dolandırmaq adı ilə həm də özü kef etmək, gəhbələrlə göbəyrəqsi oynamaq istəyir. Çünki 5 günlük dünyadır. Ona görə qarət edəndə adını bala, ailə qoyub həm də öz kefi üçün bunu edir. Arvad da bunu bilir, ancaq göz yumur. Çünki o kişi balaları dolandırır. Əvəzində imkan olsa o arvad gizli olaraq o kişiyə xəyanət edər. Ancaq heç kəs bilməz.

Bax budur azərbaycanlıların çoxusunun düşüncəsi, səviyyəsi, həyat tərzi.

İndi həmən azərbaycanlı varlansa nə olacaq? Həmən şeylər, ancaq miqyas böyüyəcək. İndi o artıq balaları dolandırmağı və ailə saxlamağı onlara bahalı şeylər almaqda, məktəbə şoferi ilə aparmaqda, bahalı kolleclərdə oxutmaqda, xarici səfərlərə aparmaqda, xaricdə oxutmaqda, mənzillərin alınmasında görəcək.

Sıravi azərbaycanlı kiməsə 100 manat balaların adı ilə atıbsa, varlısı yüzminlərlə pilları qarət edib xarici banklara həmən balalar üçün qoyacaq. Deyəcək sabah balalarımın qara günü olanda pulları olsun, mənə rəhmət oxusunlar.

Sadə azərbaycanlı artıq pulu olanda bir iylənmiş qəhbəxanaya gedib göbəyrəqsi oynayar. Varlısı isə artıq xarici adlı-sanlı qəhbələrlə maraqlanır. Bunu edəndə də yenə balalar üçün edir. Çünki kefi kök olmalıdır ki, onları dolandırsın. Arvad da bunları bilir və dözür, çünki dözməsə pullar əldən gedər. İmkan olan kimi o da əvəzində xəyanət edər. Ancaq sadə azərbaycanlı ilə yox, firminni amerkanski oğlanlarla.

Bir də azərbaycanlı qarət etmək üçün ətrafına qohumları yığır ki, həm bir-birini qorusunlar, həm də "xeyri özümüzünkinə versin". Sonra da hamı təcüb edir ki, nə üçün hər yerdə qohumbazlıqdır? Çünki qarəti yaxınlarla etmək lazımdır ki, həm bizim balalarımız, həmdə qohumların balaları dolansın.

İndi bu azərbaycan düşüncəsi və həyat tərzi ilə nə reformlar, islahatlar ola bilər? Onları necə keçirtsinlər və kim keçirdəcək? Reformlardan hamı danışır, ancaq hamı ailə və balaları dolandırmaq fikrindədir. Bunu da qarətdə görürlər. Reformlar keçsə, onda qarət edə bilməyəcəklər. Deməli balaların dolanması çətinləşəcək.

Ona görə də Azərbaycanda reformlar keçməyəcək. Buna ümid etməyin. Çünki reform keçmək üçün insanlar fərqli düşünməlidirlər. Bu da olmayacaq. Azərbaycanlı üçün balalar, ailə, qohumlar çox əzizdir. Onları isə dolandırmaq lazımdır. Dolandırmaq lazımdırsa, onda reformlar olmayacaq. Ölkə isə darmadağın olacaq. Qoy olsun. Rəhmətlik Sabir demişkən:

Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!