Bir istedadlı dostum haqqında

30 yanvar 2016

Bir dostumun doktorluq işinin müzakirəsi oldu. Orada mən çıxış edib dedim ki, bu dostumuz çox istedadlıdır. Məsələ təkcə bir dissertasiyanın yazılmasında deyil. Onun fəaliyyəti genişdir. Baxın, o Fransada elmi dərgilərdə yayımlanıb. Hətta Sorbonna kimi adlı-sanlı universitetdə məqaləsi çıxıb. Amerikada dissertasiya işinin mövzusuna aid praktik fəaliyyətdə olub, bu haqda ona orada elmi sertifikat da veriblər. Türkiyədə kitab və çoxlu məqalələr yayımlayıb. Qazaxstanda, Tacikistanda da elmi məqalələri yayımlanıb. Azərbaycanda da kitabları və elmi məqalələri çıxır. Xarici elmi konfranslarda Azərbaycan elmini təmsil edir. İngilis dilində sərbəst danışır və məruzələrini ancaq o dildə edir. Elmlər Akademiyasını Hindistanda dövlət əhəmiyyətli tədbirdə təmsil edib və bu fəaliyyətinə görə ona rəsmi təşəkkürlük bildirilib. Daha sonra o, dövlət əhəmiyyətli layihələrin müəllifidir, orijinal ideyalarla çıxış edir və layihələr qazanır. Bu fəaliyyətini də ancaq öz bacarığı, zəhməti, istedadı ilə edir. Onun dayısı, yüksək vəzifə tutan qohumları və yaxınları yoxdur.

Sonra dedim hətta mən elmlər doktoruyam, dərəcəm o dostumdan yüksəkdir, ancaq bir çox göstəricilərə görə o məndən yüksəklərə qalxıb. Bu da məni sevindirir. O dostumun hələ 40 yaşı yoxdur, ancaq bu boyda uğurlar əldə edib. O doktor olmağa layiq deyilsə, onda kim layiqdir? Bizə onun kimi böyük işlər görən gənc doktorlar lazımdır ki, Azərbaycan elminə xeyir gətirsinlər. Qocalandan sonra o adın verilməsinin mənası yoxdur.

Ancaq müdafiə gedən zala yığışan alimlərin bir çoxu dedilər bunları nə üçün deyirsən? Sənin dediklərin mövzuya aid deyil. Sonra dedilər sən tərəfkeşlik edirsən, öz dostunu reklam edirsən. Burada reklamın yeri deyil. Sözümü kəsmək cəhdləri də oldu. Hətta zalı etiraz əlaməti olaraq tərk edənlər də olmuşdur. Təəssüf etmək lazımdır ki, bizim alim adını daşıyan adamların bir çoxu belə sifətə malikdirlər.

Dedim onlara ki, məgər həqiqəti demək tərəfkeşlik etməkdir? Mən sadəcə o dostumun fəaliyyəti haqqında söhbət açdım və hər şeyi olduğu kimi dedim. Nə üçün də deməyim? Əgər bu adam bu kimi işlər görübsə, bu barədə demək lazımdır.

Həsəd ararmaqdansa, siz hamınız ondan ibrət götürün və onun kimi işlər görün. Onda mən sizin haqqınızda da həmən sözləri deyərəm. Yoxsa heç bir fərqləndirici işləriniz yox, boş-boş öyünərək gəzirsiniz. İstedadlı, qeyri-adi insanları özlərinizlə bir tutursunuz. Deyirsiniz o kimdir, bu kimdir? Onların fəaliyyətini təsdiq etmək istəmirsiniz. Mən isə belə şeyləri qəbul etmirəm. Hamı bir deyil. Kim daha istedadlıdırsa, onun uğurlarını təsdiq edirəm. Həsəd aparmaqdansa siz də o dostum kimi zəhmət çəkin, onun səviyyəsinə qalxın. Yoxsa heç nə etmirsiniz, edənlərin də qabağını kəsirsiniz. Elə sizə görə Azərbaycan elmi inkişaf edə bilmir.

Xülasə, bu dostumun fəaliyyətini təsdiq etdim, yaxşı da elədim. Qoy gözü götürməyənlər partlasınlar!