Şərqin dəliləri haqqında

29 aprel 2016

İndi bir yazını oxudum. Bizim bu alimlər şikayət edir ki, Azərbaycanda alimlərə qitmət vermirlər. Bunlar başa düşmür ki, bir şeyə qiymət vermək üçün gərək bilinsin ki, o nədir? Əslində Azərbaycanda yox, bütün müsəlman şərqində hələ də bilmirlər ki, elm nədir. Bilmirlərsə, onda nəyin qiymətini versinlər?

Bu müsəlman millətləri indiyə qədər İslamı inanc sistemi yox, elm bilirlər. İslamı elm bilən isə kimi alim adlandıracaq? Ancaq mollaları, şeyxləri, müctəhidləri və s. Onlar da hörmətdədirlər. Bu da müsəlmanın elmi və alimləridir.

Elmin mənbəyi də Qurandır. Bu xalqlar inanır ki, Quranda bütün dünya elmi var. Kosmik raketlər, riyazi tənliklər, bioloji qanunlar, kimyavi reaksiyalar - bunların hamısı Qurandadır. Quranı da bilən müctəhidlərdir. Deməli müctəhid bir kitabdan möcüzəvi olaraq elm çıxardır.

Müdrik söz sahibi isə müsəlmanlarda pullu və vəzifəli adamlardır. Pul və vəzifə varsa, onda deməli ən ağıllı, savadlı, mədəniyyətli adamsan. Beləliklə alim bizdə molladır, müdrik isə pullu adam. Molla pul və vəzifə sahiblərinə xütbələr oxuyur. Pul və vəzivə sahibləri isə mollaları dolandırır. Sonda isə bunlar topdan və pərakəndə cənnətə girəcəklər.

Müsəlman dünyasında bu kimi "elmin", "alimliyin" və "müdrikliyin" kənarında fəaliyyət göstərənlər isə ancaq dəli, divanə, başdan xarab kimi fəaliyyət göstərə bilərlər. Çünki müsəlmanlar onlara imkan vermirlər sərbəst davranmağa. Özünü dəli kimi göstərməsən və ikimənalı danışmasan səni təqib edəcəklər, kafir adlandıracaqlar, həyatını dağıdacaqlar. Dəli kimi özünü göstərəndə isə səninlə bir az yumşaq davranırlar. Deyirlər yolundan azmış, sapıq, fasiqdir. Yəni heç olmasa dəli kimi yaşaya bilərsən.

Təsadüfi deyil ki, Avropada Makiavellilər, Kantlar, Hegellər, Eynşteynlər olanda bizdə ancaq Molla Nəsrəddinlər, Bəhlul Danəndələr və başqa dəlilər olmuşdurlar. Onların başqa yolları da yox idi. O Molla Nəsrəddin Qərb şəraitində elə Hegel kimi böyük filosof olardı. Ancaq müsəlmanların arasında o ancaq dəli kimi fəaliyyət göstərə bilərdi.

Ona görə Azərbaycanlıq burada bir şey yoxdur. Bu ümumi Şərq prosesdir. Burada qalırsınızsa, ancaq dəli kimi fəaliyyət göstərə bilərsiniz. Ağıllı görsənmək, elmə xidmət etmək, insanlığı irəli aparmaq üçün ancaq qeyri-müsəlmanların arasında olmaq lazımdır.