Sədaqət ya ədalət?

23 aprel 2016

Sədaqət haqqında çoxlu danışıqlar eşitmişəm. Deyirlər sədaqət istəyirlər, xəyanətdən qorxurlar. Bu kimi iddialara qarşı deyirəm ki, mənim üçün sədaqət yoxdur. Kiməsə sadiq olmaram. Və nə üçün olum? Məgər kimsə peyğəmbərdir? Peyğəmbərə sadiq olarlar ona görə ki, onun bütün dedikləri və davranışları Tanrıdandır. Yoxsa bu günahkar adamlara sadiq olmaqmı olar?

Mənim üçün vicdan və ədalət var. Hər hansı söz və davranış yapanda ilk olaraq öz vicdanım qarşısında sorumluyam. Vicdan da onda rahat olur ki, mən başqa adama ziyan yetirməyim. Ziyanın yetirilməməsi isə ədalətə bağlıdır. Hər bir addım ədalətli olmalıdır, kiməsə sədaqətli yox. Çünki sədaqət bir adama olursa, ədalət genel bir hadisədir, o kainatı bürüyür.

İndi sədaqəti istəyən adam kiməsə qarşı ədalətsiz olsa, onda mən onun tərəfini ya ədalətin tərəfini tutmalıyam? Ədalət pozulursa, vicdanım əzab çəkirsə, onda sədaqət ədalətsizliyə çevirilir.

Xəyanət də o qəbildəndir. Əgər məndən sədaqəti istəyən kimsə ədalətsizliyə yol versə və mən onu bu işdə dəstəlkəməsəm, onda o hesab edəcək ki, xainəm. Ancaq eybi yox, qoy o tək bir adam üçün xain olum, ancaq genel ədalətə xidmət edim.

Beləliklə yoxdur məndə sədaqət heç kimə. Hətta ən doğma adama, qohuma, yerliyə, dosta. Vardır vicdan və ədalət!