Oruc haqqında

8 iyun 2016

Ramzan ayı gəldi. Yenə hamı hamını təbrik edir. Ancaq bu tərbikləri eşitdikcə məndə şübhələr artır. Baxıram dünyada gedən olaylara, sonra baxıram öz çevrəmə və görürəm ki, bu Ramazan təbrikləri çox şübhəli şeydir. Bunu edəndə kimsə nədənsə düşünür, ya bircə mən başdanxarab bu haqda fikirlərə qapanıram?

Mən anlamıram ki, bu orucun nə mənası var? Yaxşı, kimsə yemir. Ondan mənə nə? Topluma nə? Ölkəyə və dünyaya nə? Məgər ac qalmaq nəsə bir ixtiradır, dünyanı çevirəcək qədər bir işdir? Oruc nə olan şeydir bilməyən millətlər bu qədər uğurlar əldə edib. Bu önəmlidir, ya millionlarla adamın ac qalması?

Bir adam oruc saxlayır, sonra nə olur? Onun məgər yalanı, həsədi, kobudluğu, mədəniyyətsizliyi, riyakarlığı və başqa mənfi özəllikləri mi azalır?

Baxırıq dünya olaylarına. Məgər Ramazan ayında müsəlmanlar bir-birini qırmırlar? Məgər terror azalır? Ya bəlkə bu ayda müsəlmanlar nəsə bir uğur əldə edir, ac qarınlardan başqa. Halbuki heç qarınlar da ac qalmır. Axşamlar bütün günün əvəzinə yeyirlər.

Ac qalmaqdansa bu insanlar öz mənəvi aləmi ilə məşğul olsaydılar, toplum və təbiət haqqında düşünsəydilər, özlərinin daxili aləmini inkişaf etdirsəydilər daha yaxşı olardı. Özü də bunu bir ay yox, həyatı boyu etmək lazımdır.

Məhz elə bu da müsəlmanların böyük əksəriyyətində yoxdur. Baxırsan harada mənəvi cəhətdən boş adamlar var, hamı orucdadır. Elə bunu görüb bu orucdan qaçmaq istəyirsən. Bir kərə ateistin bir dindarla söhbətinin şahidi idim. Dindar ona dedi ki, o cəhənnəmdə olacaq. Ateist isə dedi ona ki, sənin kimilərlə cənnətdə olmaq mənim üçün cəhənnəm olardı. Yaxşıdır ki. səninlə bir məkanda olmayacağam.

İndi baxıram bu adamlara, hamı qürürlu gəzir ki, oruc tuturlar. Halbuki, sənin ac qarnından kimə nə? Heç o qarın Allaha da lazım deyil. O sənə elə gəlir ki, Allah iş-gücünü buraxıb səhərdən axşamacan sənin qarnına baxır. Əslində Onun daha önəmli işləri vardır.